2 İyun 13:37 “Avropa Oyunları qitənin ən başlıca idman hadisəsi olacaq”  - Rusiya millisinin baş məşqçisi
BAKI-2015 xəbərləri 2 İyun 13:37
4158 baxış

“Avropa Oyunları qitənin ən başlıca idman hadisəsi olacaq” - Rusiya millisinin baş məşqçisi

"Bakıda keçiriləcək Avropa Oyunları çimərlik futbolu tarixində yeni səhifə olacaq". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri çimərlik futbolu üzrə Rusiya millisinin baş məşqçisi Mixail Lixaçev deyib.

 

Bu gün Rusiya Olimpiya Komitəsində təşkil olunan mətbuat konfransında çıxış edən Lixaçev bildirib ki, Bakıda idmançıları əsrarəngiz idman bayramı gözləyir: "Biz Azərbaycan paytaxtında Oyunlara hazırlıq getdiyi dövrdə olduq. Deyə bilərəm ki, idmançıları əsrarəngiz idman bayramı gözləyir. Avropa Oyunları bu yay qitənin ən başlıca idman hadisəsi olacaq. Bizim komanda isə bu yarışların ilk qalibi kimi tarixə düşmək üçün bütün gücünü ortaya qoyacaq".

 

Baş məşqçinin fikrincə, Bakıda havanın isti olması Rusiya yığmasının oyununa təsir etməyəcək: "Bizim müxtəlif hava şəraitində, o cümlədən 40 dərəcə istidə çıxış edən təcrübəli komandamız var. Qeyd edim ki, Avropa Oyunlarında bizim komandanın görüşləri axşam saatlarında başlayacaq və həmin vaxt hava artıq sərin olacaq. Bakıda medallar uğrunda 8 yığma komanda mübarizə aparacaq. Bu komandalardan Portuqaliya, İsveçrə və İspaniyanın adını çəkə bilərəm”.

 

Qrup mərhələsində Rusiya iyunun 24-də Macarıstanla, 25-də İtaliya, 26-da isə İspaniya ilə qarşılaşacaq. Digər qrupda isə Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna milliləri mübarizə aparacaqlar.  

 

Lixaçev Rusiya yığmasının kapitanı İlya Leonov, müdafiəçi Anton Şikarin və qapıçı Andrey Buxlitskinin "Bakı-2015" Təşkilat Komitəsi tərəfindən Avropa Oyunları səfiri seçildiyini də xatırladıb: "Onlar Avropa Oyunlarının bütün qitələrdə məşhurlaşması istiqamətində marketinq kampaniyalarında iştirak edirlər".

 

Mətbuat konfransında çıxış edən Rusiya Futbol İttifaqının çimərlik futbolu üzrə şöbəsinin sədri Sergey Şamray bildirib ki, Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışların iyunun 24-də start götürməsinə baxmayaraq artıq indidən bu yarış ətrafında ajiotaj hiss olunur: "Rusiya yığması Bakıya ən güclü tərkibdə yollanacaq. Komandanın tərkibində ikiqat dünya çempionları var. Ona görə də, komandamızın məqsədi barədə danışmağa dəyməz. Məqsəd maksimal qələbədi".

 

2010-2015-ci illərdə çimərlik futbolu üzrə Rusiya milli komandasının baş məşqçisi olmuş, hazırda isə Rusiya Futbol İttifaqının idman direktoru olan Nikolay Pisarev isə çıxışında Rusiya yığmasının I Avropa Oyunlarına hazırlığında heç bir problem yaşamadığını söyləyib.

 

Fərid Əkbərov

Moskva

Xəbər lenti