29 Aprel 12:08 “Avropa Oyunlarından böyük bayram gözləyirəm” - MÜSAHİBƏ
BAKI-2015 xəbərləri 29 Aprel 12:08
2823 baxış

“Avropa Oyunlarından böyük bayram gözləyirəm” - MÜSAHİBƏ

Sinxron üzgüçülük üzrə Rusiya millisinin baş məşqçisi Tatyana Pokrovskaya yerli mətbuata müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis yetirmələrinin I Avropa Oyunlarına hazırlığını dəyərləndirib, yarışın əhəmiyyətindən və özünün də Bakıya can atmasından danışıb.

 

- Avropa Oyunları Rusiya millisi üçün hansı əhəmiyyəti kəsb edir?

- Avropa Oyunlarından ilk növbədə böyük bayram gözləyirəm. Özü də tək idman bayramı yox. Bu miqyaslı yarışlar adətən iştirakçı ölkələr arasında siyasi-mədəni əlaqələrin inkişafında vacib rol oynayır. Təsadüfi deyil ki, Avropa Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva başçılıq edir. Bunu, həmçinin Azərbaycan qonaqpərvərliyini nəzərə alsaq, yarışların yüksək səviyyədə keçəcəyinə şübhə yeri qalmır.

 

- Siz əvvəllər Bakıda olmusuzmu?

- Azərbaycan paytaxtı azsaylı şəhərlərdən biridi ki, mən oranı özüm üçün kəşf etməmişəm. Məsələ ondadı ki, bütün səfərlərim işimlə bağlı olur. Azərbaycanda isə sinxron üzgüçülük yalnız indi inkişaf etməyə başlayır. Açığı, heç olmasa bir neçə günlük Bakıya getmək istəyirəm. Keçmiş SSRİ vaxtı bu şəhərin gözəlliyi haqqında əfsanələr qoşurdular. Kazanda keçirilən dünya çempionatına hazırlığın sıx qrafikindən vaxt “oğurlaya” bilsəm, Azərbaycana gedəcəm.

 

- Bakıda sinxron üzgüçülükdə komandalar yeniyetmələrlə təmsil olunacaq. Bu, yarışa marağı azaltmayacaq ki?

- İstənilən halda, gərgin mübarizə olacaq. Sadəcə, bir qədər fərqli səviyyədə. Ukrayna millisi yəqin ki, güclü heyət gətirəcək. İtaliyanın çox perspektivli gəncləri var. Yunanıstanı da hesabdan silmək istəmirəm. Baxmayaraq ki, onlar bu idman növündəki mövqelərini əldən veriblər. Rusiya millisinə gəlincə, həmişə biz birinci yer üçün Azərbaycana yollanacağıq. Hazırlığın son mərhələsini komandamız Natalya Mendıqaliyevanın rəhbərliyi altında keçəcək. Bizim tarixə Avropa Oyunlarının ilk qalibi kimi düşmək üçün unikal şansımız var. 

Xəbər lenti