19 İyun 12:35 Azad Rəhimov: Sevincimizin həddi-hüdudu yoxdu
BAKI-2015 xəbərləri 19 İyun 12:35
588 baxış

Azad Rəhimov: Sevincimizin həddi-hüdudu yoxdu

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib. Apasport.az saytının məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, olimpiya çempionlarımız Namiq Abdullayevlə Fərid Mansurovun iştirak etdiyi görüşə yarışın VII günündə, yəni dünən fəxri kürsüyə qalxan idmançılar qatılıblar.

 

MOK rəsmisi qızıl medalçı Milad Beiqi Harçeqani (taekvondo, 80 kq), gümüş mükafatçılar Fəridə Əzizova (taekvondo, 67 kq) və Oleq Stepko (idman gimnastikası), həmçinin bürünc medal qazanan sərbəst güləşçilər Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Camaləddin Məhəmmədovu (125 kq) mükafatlandırıblar.

 

Tədbiri açıq elan edən Çingiz Hüseynzadə dünən medal qazanan idmançılarımı təbrik etdikdən sonra sözü Azad Rəhimova verib.

 

Gənclər və idman naziri bildirib ki, yığmamızın uğurlu çıxışı sevindiricidi:  “Sevincimizin həddi-hüdudu yoxdu. Azərbaycan indiyədək heç vaxt bu qədər medal qazanmamışdı. Yığmamız Avropa Oyunlarında yüksək səviyyədə çıxış edir. Komandamızın böyük potensialı var. İnanıram ki, bu uğurların davamı gələcək”.

 

Rəhimov qeyd edib ki, Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüsü ilə yığmamızın şərəfini qoruyan idmançıların valideynləri yarışın bağlanış mərasimində iştirak edəcək. Bu məqsədlə onlara avtobus və stadionda yerlər ayrılacaq.

 

 

Daha sonra medalçılar xüsusi şərəf lövhəsinə imza atıblar və onlara hədiyyələr təqdim olunub.

 

Xəbər lenti