19 İyun 21:18 Bakı-2015: 3 boksçumuz 1/4 finalda - YENİLƏNİB
BAKI-2015 xəbərləri 19 İyun 21:18
11050 baxış

Bakı-2015: 3 boksçumuz 1/4 finalda - YENİLƏNİB

Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün 6 çəkidə 1/8 mərhələnin görüşləri keçirilib.

 

Kristal Zalda təşkil olunan zalda Azərbaycan yığmasının 5 boksçusu bu gün rinqə çıxıb, Onlardan ikisi mübarizəni dayandırdığı halda, üçü 1/4 finala vəsiqə qazanıb.

 

 

Boks

Kişilər

56 kq

 

Yığmamızın üzvü Tayfur Əliyev mübarizəyə 1/8 finaldan qoşulub. İlk döyüşündə rumıniyalı Nikolae Andreiana ilə qarşılaşan Avropa çempionatının gümüş medalçısı inamlı qələbə qazanıb. O, rəqibini məğlub etməkdə ciddi çətinlik çəkməyib - 3:0 (30:27; 29:28; 30:27). Əliyev 1/4 finalda Fredrik Yensenlə (Danimarka) gücünü yoxlayacaq. Görüş iyunun 22-də saat 14:00-da olacaq.

 

81 kq

Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov mübarizəni 1/8 finaldan davam etdirib. Əvvəlki mərhələdə Böyük Britaniya təmsilçisi Coşua Buatsini üstələyən həmyerlimiz bu dəfə polşalı Yordan Kulinskini mübarizədən kənarlaşdırıb. Boksçumuz rəqibini 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə məğlub edib. Məmmədov 1/4 finalda Peter Millenberqi sınağa çəkəcək. Qarşılaşma iyunun 22-də saat 20:45-də olacaq.

 

+91 kq

Əsas medal ümidlərimizdən olan ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da yarışa 1/8 finaldan qoşulub. Komandamızın kapitanı 1/16 finalda ukraynalı Vladislav Sirenkonu məğlub edən Gürcüstan təmsilçisi Mixail Baxtidzeni sınağa çəkib. Təmsilçimiz həmişəki kimi bu dəfə asan qələbə qazanıb. O, rəqibini aşkar üstələyib - 3:0 (30:26; 30:26; 30:24). Məcidov yarımfinala gedən yolda Ali Demirezenlə üz-üzə gələcək. Döyüş iyunun 22-də saat 21:00-da start götürəcək.

 

 

Qadınlar

51 kq

Qadın boksçularımız arasında rinqə ilk olaraq Anaxanım Ağayeva çıxıb. Gənc idmançımız 1/8 finalda qitə çempionatının ikincisi olmuş təcrübəli Sandra Drabiklə (Polşa) döyüşüb. Qarşılaşma boksçumuz üçün uğurlu alınmayıb və rəqib 3:0 (40:36; 40:36; 40:36) hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.

 

75 kq

Azərbaycanı bu çəkidə təmsil edən Leyla Cavadova 1/8 finalda rusiyalı Yaroslava Yakuşina ilə üz-üzə gəlib. Gərgin keçən görüş boksçumuzun məğlubiyyəti ilə başa çatıb. Cavadova 0:2 (38:38; 36:40; 37:39) hesabı ilə uduzub.

Xəbər lenti