18 İyun 17:30 Bakı-2015: Azərbaycan boksçularından uğurlu start - YENİLƏNİB
BAKI-2015 xəbərləri 18 İyun 17:30
6219 baxış

Bakı-2015: Azərbaycan boksçularından uğurlu start - YENİLƏNİB

Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün 1/16 mərhələsinin növbəti görüşləri keçirilir.

 

Azərbaycan boksçuları da məhz bu gündən rinqə çıxıblar və Teymur Məmmədovla Lorenzo Sotomayor ilk qarşılaşmalarını qələbə ilə bitiriblər. Hər 2 idmançımız mübarizəni 1/8 finalda davam etdirəcək.

 

Boks

Kişilər

64 kq

Bu çəki dərəcəsində ölkəmizi Lorenzo Sotomayor təmsil edir. Yığmamızın üzvü 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə qarşılaşıb. Boksçumuz qələbə qazanmaqda ciddi çətinlik çəkməyib. O, hər 3 raundda rəqibindən üstün olub – 3:0 (30:26; 30:26; 30:24).

 

Sotomayor 1/8 finalda Dmitri Qalaqotla (Moldova) döyüşəcək. Görüş iyunun 21-də saat 20:30-da olacaq.

 

81 kq

Bu dəfə 81 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov Oyunlara 1/16 finaldan start verib. Həmyerlimiz ilk sınaqda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə gücünü yoxlayıb və hər 3 raunda rinqdən qalib ayrılıb – 3:0 (30:27, 29:28, 30:27).

 

Onun 1/8 finalda rəqibi Nikol Arutyunovu (Ermənistan) 3:0 hesabı ilə məğlub edən Yordan Kulinski (Polşa) olacaq. Döyüş sabah 21:15-də olacaq.

 

Qeyd edək ki, Azərbaycan boks yığması yarışda bütün çəki dərəcələrində təmsil olunur. Komandamızın heyətində 10 kişi, 5 qadın boksçu millimizin aktivindəki medal sayını artırmağa çalışacaq.

 

Xəbər lenti