21 İyun 15:14 “Bədənimdəki hər molekul, hər atom yerindən oynayırdı” – Azərbaycan boksçusu
BAKI-2015 xəbərləri 21 İyun 15:14
2230 baxış

“Bədənimdəki hər molekul, hər atom yerindən oynayırdı” – Azərbaycan boksçusu

“Döyüş mənim üçün həm fiziki, həm də psixoloji cəhətdən çətin keçdi. Bu rəqibimə əvvəllər məğlub olmuşam. Ona görə də, qələbə mənim üçün möcüzə kimi görünür”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan boksçusu Yana Alekseyevna deyib.

 

Avropa Oyunlarında 1/8 finalda finlandiyalı Mira Potkonenlə qarşılaşan qadın boksçumuz qalib gəlib.

 

Bu görüşlə bağlı fikirlərini bölüşən boksçumuz döyüşə yaxşı kökləndiyini bildirib: “Xatırlayıram ki, mən Potkonenə ilk dəfə məğlub olanda, başımı belə qaldıra bilmirdim. Amma bu dəfə məşqçim olan atam məni döyüşə elə köklədi ki, qalib gəldim. Bundan sonra da qələbələr qazanacağıma inanıram. Biz hər şeyi Azərbaycan üçün etməyə, onun bayrağını qaldırmağa hazırıq”.

 

Alekseyevna çıxış etdiyi 60 kq çəki dərəcəsində favorit hesab etdiyi idmançının adını açıqlayıb: “Hakim əlimi yuxarı qaldırmayana qədər heç vaxt özümü favorit hesab etmirəm. Bu, məşqçinin səni necə təlimatlandırmasından, özünün döyüşə fiziki və psixoloji cəhətdən necə köklənməyindən asılıdı. Fikrimcə, mənim çəkimdə favorit irlandiyalı Keti Teylordu. Ona həm insan, həm də boksçu kimi hörmət edirəm. Ümumiyyətlə, mənim kumirim atamdı, qadın boksunda isə Keti Teylor”.

 

Boksçumuz azarkeşlərin ona dəstək olmasından ürəkdolusu danışıb: “Tribunadan komandamızın digər üzvlərinin səsini eşidirdim. İlk dəfə idi ki, yarışlarda mənə belə azarkeşlik edildiyini görürdüm. Onlar da, tamaşaçılar da elə azarkeşlik edirdilər ki, hər dəfə onların səsini eşidəndə bədənimdəki hər molekul, hər atom yerindən oynayırdı. Hər raunddan sonra yorulurdum. Amma azarkeşlərin səsini eşidəndən sonra yenidən irəliyə can atmaq istəyirdim”.

 

Alekseyevna I Avropa Oyunları barədə də fikirlərini bölüşüb: “Çox beynəlxalq yarışlarda iştirak etmişəm. Amma Avropa Oyunları çox yüksək səviyyədədi. Yarışa dünyanın ən məşhur boks ulduzları gəlib. Oyunları belə yüksək səviyyədə təşkil edənlərin qarşısında baş əyirəm. Bu insanlar böyük hörmətə layiqdilər”.

 

 

Xəbər lenti