18 İyun 15:10 “Məndən çox anası sevindi” – çempionumuzun atası
BAKI-2015 xəbərləri 18 İyun 15:10
2339 baxış

“Məndən çox anası sevindi” – çempionumuzun atası

I Avropa Oyunlarının qızıl mükafatçısı, taekvondoçu Ayxan Tağızadənin atası və şəxsi məşqçisi olan, həmçinin Azərbaycanın para-taekvondo üzrə millisi komandasının baş məşqçisi Əvəz Tağıyevin apasport.az saytına müsahibəsi

 

- Ayxanın həm atası, həm də məşqçisisiz. Oğlunuzdan bu uğuru gözləyirdizmi?

- Birinci, məşqçisi kimi danışım. Ayxan 3 yaşından taekvondo ilə məşğul olur. Gənclərdən böyüklərə təzə keçib. Gənclər arasında ən böyük uğuru Avropa çempionatındakı ikinci yer oldu. Böyüklərə keçdikdən sonra isə ən böyük uğuruna Avropa Oyunlarında imza atdı. Avropa Oyunlarında taekvondoda Azərbaycana ilk qızıl medalı dünən Ayxan qazandırdı. Ümidlərimizə qalanda, nəinki mənim, bütün federasiya rəhbərliyi, məşqçilər, hamının ümidi ona idi. Əgər belə olmasaydı, Ayxanın yerinə yarışa başqası çıxardı. Ayxan ümidlərimizi doğrultdu. Sevincimizin həddi-hüdudu yoxdu. Bir ata kimi də danışmaq istəyirəm. Mən para-taekvondo yığmamızın baş məşqçisi olduğum üçün tələbələrimdən dəfələrlə belə uğurlar görmüşəm, dünya və Avropa çempionları yetişdirmişəm. Ancaq valideyn kimi öz övladının çempionluğunu görmək bu, başqa hissdi. Bütün medal qazanan idmançıların valideynlərinin sevincini mən indi başa düşdüm. Özüm də çox sevindim. Amma məndən çox anası sevindi. Qardaşı, bacısı, yaxınları, bir sözlə bütün Azərbaycan Ayxanın bu uğuruna sevindi.

 

- Məşqçi tələbkar, həmçinin bir qədər sərt olmalıdı. Bu, sizinlə Ayxan arasındakı ata-oğul münasibətinə təsir etmir ki?

- Bəli, mən məşqçi kimi sərtəm. Amma evdə yox. Ayxan bizim sonbeşiyimiz olduğuna görə, evdə onunla çox yaxşıyıq.

 

- Bundan sonra oğlunuzun idmançı kimi məsuliyyəti daha da artdı. Qarşıdan Rio-de Janeyro Olimpiadası gəlir. Ayxan lisenziya əldə edib, Olimpiadada uğur qazana bilərmi?

- Əlbəttə ki, yığdığı ballarla artıq lisenziyaya yaxınlaşmaq üzrədi. Qabaqda yarışlar var. Orda da yaxşı nəticə göstərsə, çox güman ki, Olimpiadaya düşə bilər. Braziliyaya getmək ehtimalı çoxdu.

 

- Dünən çempion olduqdan sonra prezident İlham Əliyev də oğlunuza zəng edib, ona təbrikini çatdırıb. Bu barədə nə deyə bilərsiz?

- Mən orda deyildim. Ayxan çox həyəcanlandı. Hətta ölkə prezidenti onun döyüşünü izləyəndə də Ayxan həyəcanlanmışdı. Mənə dedi ki, o tərəfə baxa bilmirəm. Dedi prezident mənə baxır, ona tərəf baxsam, narahat ola bilərəm. Buna görə də, Ayxan cənab prezidentə baxmadan döyüşdü və qalib gəldikdən sonra əyilib, ona tənzim elədi. Prezident onu yadında saxladı. Ayxanın final görüşündə iştirak etməsə də, televiziya vasitəsilə döyüşünü izləmişdi. Daha sonra isə telefonla zəng edib, Ayxanı təbrik elədi. Təbii ki, prezident kimə zəng eləsə, onun sevincinin həddi-hüdudu olmaz. Ayxan da bundan çox fərəhlənmişdi. Mən də prezidentimizə təşəkkürümü bildirirəm.

 

- Ayxan bildirib ki, döyüşlərdə məşqçisi Reza Mehmandostun verdiyi taktika sayəsində qələbə qazanıb. Maraqlıdı, siz ona tatamiyə çıxmamışdan əvvəl hansı tapşırıqları verirdiz?

- Ona tapşırıqları baş məşqçisi verirdi. Ayxanın qalib gəldiyi Olimpiya çempionu çox çətin rəqib idi. O, titullu idmançıdı. Bir məqamı da qeyd edim ki, yarımfinala çıxış həmişə ağır olur. Taktikanı baş məşqçi özü vermişdi. Biz də kənardan bacardığımız qədər dəstək olurduq. Ayxan səbrli idmançıdı. Taekvondoda da səbr böyük rol oynayır. Məhz səbrli olması Ayxanı qalib etdi.

 

Tengiz MƏMMƏDOV

Xəbər lenti