31 Mart 09:29 “Planımı reallaşdırmaq üçün hər şey edəcəyəm” - MÜSAHİBƏ
BAKI-2015 xəbərləri 31 Mart 09:29
5340 baxış

“Planımı reallaşdırmaq üçün hər şey edəcəyəm” - MÜSAHİBƏ

Avropa Oyunlarına 73 gün qalır. Apasport.az saytının məlumatına görə, yarışlarda 20 idman növü ilə yanaşı (və o cümlədən qeyri-olimpiya növləri) gimnastikanın 6 növü üzrə də qaliblər müəyyənləşəcək. Bunlar batut və bədii gimnastika, akrobatika və aerobika gimnastikası, həmçinin qadın və kişi idman gimnastikasıdı.

 

Batut gimnastika üzrə yarışlarda ölkəmizi 4 gimnast təmsil edəcək. Yarışın formatına əsasən onlar həm fərdi, həm də sinxron hərəkətlər ilə çıxış edəcək. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bu dəfə Bakı-2015-in mümkün iştirakçılarından biri, 2014-cü ilin Dünya Kubokunda sinxron hərəkətlər üzrə bürünc medal qazanan Oleq Piunov ilə Oyunlar barədə danışıb.


 

- Necə oldu ki, məhz gimnastika növünü seçdiz?

- 2000-ci ildə, evimizin yaxınlığında batut gimnastikası üzrə bölmə açıldı. Nadinc uşaq olduğuma görə, valideynlərim məni məşqlərə aparmaq qərarına gəldilər. Həmin vaxt mənim 7 yaşım var idi.

 

- Necə düşünürsüz, başqa idman sahəsində uğurlu ola bilərdizmi?
- Düşünürəm ki, hə. Uşaqlıqdan futbolu və stolüstü tennisi sevirəm. Yadımdadı, eyni zamanda futbol və batut gimnastikası ilə məşğul olurdum.

 

- Yarış günü emosiyalarınızla necə bacarırsız? Təmkinli olmağınızın sirri nədədi?

- Bu, mənim sirrimdi (gülür).

 

- Fikrinizcə hər hansı idman növündə vacib olan nədi?

- Peşəkar idmanda "bu vacibdi", "bu isə önəmli deyil" anlayışları yoxdu. Burada hər şey vacibdi. Hər bir şeyə fikir vermək lazımdı, başqa cür alınmır.

 

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidi? Yoxsa bu idman növündən asılıdı?

- Hər bir idman növü təhlükəlidi, burada çox diqqətli olmaq lazımdı. Səhv təkan və ya yerə enmə idmançının səhhətinə təsir göstərə bilər.

 

- İdmanda kumiriniz varmı?

- Bəli, var. Bunlar batut gimnastikası üzrə ilk Olimpiya çempionları Aleksandr Moskalenko və İrina Karayevadı.

- Yaxın gələcək üçün planlarınız nədi.
- Gələcək planlarım Avropa Oyunlarıdı. Gərgin məşqlər, nəticə üçün çalışırıq. Bayrağımızı qaldırmaq, kürsüyə qalxmaq və ölkəmizin himnini eşitmək arzusundayam. Öz növbəmdə, bu planımı reallaşdırmaq üçün hər şey edəcəyəm.

 

- Avropa Oyunları sizin üçün nə kəsb edir və ona necə hazırlaşırsız?

- Bir daha deyirəm ki, Avropa Oyunları mənim üçün birinci yerdədi, üstəlik, yarış vətənimizdə keçiriləcək.

 

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı?
- Böyük, mehriban ailə sahibi olmaq arzusundayam. Hər axşam, iş günündən sonra sakit və gözəl yerdə yerləşən rahat evdə yoldaşım və uşaqlarım ilə keçirmək istərdim.

 

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?

- Təəssüflər olsun ki, bu həmişə alınmır.

 

- Ailəniz barədə nə deyə bilərsiz?

- Dəlicəsinə valideynlərimi sevirəm və hər şeyə görə onlara minnətdaram.

 

- Sevdiyin şəxs varmı?

- Bəli, var.

 

- Adətən azarkeşlərin tribunlardan sizi necə dəstəkləyirlər və onlardan nə eşitmək istərdiz?
- Dəstək səsləri eşitmək istəyirəm – bu, mənə çox kömək edir. Fürsətdən istifadə edərək, “çox sağ olun” demək istəyirəm. Onlara dəstəklərinə görə minnətdaram.

 

Xəbər lenti