23 İyun 15:02 Saleyevlərin Bakı xatirələri: Tanımadığım qonşular da bizə təbrikə gəldilər
BAKI-2015 xəbərləri 23 İyun 15:02
4570 baxış

Saleyevlərin Bakı xatirələri: Tanımadığım qonşular da bizə təbrikə gəldilər

“Bakıda hər addımda bahalı maşınlara rast gəlirsən” – Avropa Oyunlarının çempionu

 

Yunan-Roma güləşində I Avropa Oyunlarının çempionu olan Yevgeni Saleyev (80 kq) Rusiya mətbuatına maraqlı müsahibə verib. Apasport.az saytının məlumatına görə, Saleyevin xanımının da iştirak etdiyi müsahibədə maraqlı məqamlara toxunulub.

 

- Avropa Oyunları barədə danışardız...

Yevgeni Saleyev: Fikrimcə, hər şey yüksək səviyyədə oldu. Əvvəlcədən də şübhə etmirdim ki, azərbaycanlılar təşkilatçılığı yaxşı bacarırlar. Bu ölkənin maddi durumu yüksək səviyyəli yarışlar keçirməyə imkan verir. Avropa Oyunlarının açılışında iştirak etməsəm də, televizor vasitəsilə izlədim. Açılışda 53 ölkənin komandası iştirak etdi. Kiçik ölkələrdən tutmuş böyük ölkələrə qədər, Bütün Avropa təqdim olundu. Bir sözlə, çox xoşuma gəldi.

Yulya Saleyeva: Mənə isə açılış mərasiminin yalnız sonunu izləmək nəsib oldu. Çünki həmin vaxt 8 aylıq oğlumla məşğul idim. İzlədiyim dəqiqələr məndə müsbət təəssürat oyatdı.

 

- Yuliya, nəyə görə həyat yoldaşınıza dəstək olmaq üçün Bakıya getməmişdiz?

Yuliya Saleyeva: Bizdə futboldakı kimi deyil. Futbolçulara xanımlarını oyunlara aparmağa icazə verilir, birlikdə istirahətə də gedə bilirlər. Bizdə isə əksinədi: idmançının həyat yoldaşı evdə qalsa, yaxşıdı. Yəqin məşqçilər qorxurlar ki, biz ərlərimizin fikrini yayındırarıq.

 

- Yerli əhalinin Avropa Oyunlarına qarşı olduğu haqda xəbərlər yayılıb. Bu, doğrudumu?

Yevgeni Saleyev: Xeyr. Bu, şayiədi. Soçi Olimpiadasının da ətrafında belə söz-söhbətlər olmuşdu. Yerli əhali nəyə görə Avropa Oyunlarına qarşı olmalıdı? Ölkədə heç bir böhran yoxdu. Bakı varlı, gözəl şəhərdi. Orda hər addımda bahalı maşınlara rast gəlirsən. Deməzdim ki, Azərbaycanda insanlar pis yaşayırlar. Onların böyük tədbirlər keçirmək təcrübəsi var. Məsələn, 2012-ci ildə Avroviziya mahnı müsabiqəsinə də Bakı ev sahibliyi etmişdi.

 

- Oyunların təşkilatçılığını bəyəndizmi?

Yevgeni Saleyev: Bəli, hər şey ideal idi. Biz xüsusi olaraq, idmançılar üçün tikilmiş Atletlər Kəndində yaşayırdıq. Otaqlar rahat, səliqəli idi. Hər nömrədə iki çarpayı, duş və ən əsası, “vay-fay” var idi. Onsuz idmançılar ölkə xaricində heç nə edə bilməzlər. Bir sözlə, hər cür rahatlıq yaradılmışdı. Hətta şəhərə çıxmağa ehtiyac qalmamışdı. Qidalanma ilə bağlı da problem yox idi. 24 saat ərzində milli və universal mətbəxləri olan 2 restoran fəaliyyət göstərirdi. Balıq, ət, meyvə, desert, limonad, bir sözlə, hər şey pulsuz idi.

 

- Şəhəri gəzmək imkanınız oldumu?

Yevgeni Saleyev: Bir az. Finalda qalib gəldiyim Rafik Hüseynov çox qonaqpərvər və dostcanlı insan çıxdı. Yarışdan sonra məni milli restorana dəvət etdi, dadlı yeməklər yedik. Maşınında şəhəri də gəzdirdi. Gördüyüm hər şey əla idi. Bakının gözəl arxitekturası, təmiz küçələri, ideal yolları var. Əfsuslar olsun ki, gəzməyə vaxtımız az oldu.

 

- Avropa Oyunları başa çatandan sonra Bakıya qayıtmaq arzunuz varmı?

Yevgeni Saleyev: Rafik məni ailəmlə birliklə Bakıya qonaq dəvət etdi. Deyir gəlsən, dənizə gedərik, necə lazımdısa, istirahət edərik. Məmnuniyyətlə gedərdim, ancaq buna vaxtım yoxdu. Məşqlər və toplanışlar imkan vermir.

Yuliya Saleyeva: Düzdü, bu baxımdan problemlə üzləşirik. Ərim hətta məzuniyyət götürəndə də dincələ bilmir.

 

- Yarışa çox güc sərf etdiniz?

Yevgeni Saleyev: Həm əsəb, həm də güc sərf etdim. Artıq bu, geridə qaldı. Əsas odu ki, qələbəm tarixə düşdü.

 

- Hansı döyüşünüz daha çətin keçdi?

Yevgeni Saleyev: İlk görüş həmişə çətin olur. Avropa çempionatının mükafatçısı, ukraynalı Aleksandr Şişmanla qarşılaşdım. Final döyüşüm də ağır keçdi. Çünki ev sahibi, azərbaycanlı idmançı ilə üz-üzə gəlirdim. Bütün zal ona azarkeşlik edirdi. Hətta Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da bu görüşü izləməyə gəlmişdi.

Yuliya Saleyeva: Həmin gün hərarətim qalxmışdı. Ancaq Jenya qalib gələndən sonra hər şey düzəldi. O qədər sevindim ki, xoşbəxtlikdən yerimdən tullandım. Dərhal yaxınlar zəng açıb, təbrik etdilər. Hətta tanımadığım qonşularımız da bizə təbrikə gəldilər. Anam məndən soruşur ki, ərimin ulduz olmasını hiss edirəmmi? Açığı, buna alışmışam.

 

- Qələbəyə görə sizi necə mükafatlandırdılar?

Yevgeni Saleyev: Ancaq medalla. Məlumdu ki, belə uğurlara görə dövlət də mükafat verir.

 

 

Xəbər lenti