13 Avqust 11:24 Azərbaycan millisinin üzvü: Dünya kubokunda həyəcan da özünü göstərdi
DİGƏR NÖVLƏR xəbərləri 13 Avqust 11:24
6120 baxış

Azərbaycan millisinin üzvü: Dünya kubokunda həyəcan da özünü göstərdi

Dünya Kubokundakı çıxışımı uğursuz hesab edirəm. Düzdü, topladığım xal şəxsi rekorduma yaxın göstəricidi”. Bu sözləri apasport.az saytına açıqlamasında güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvü Xəyalə Hüseynli deyib.

 

Qəbələdə keçirilən Dünya Kubokunda çıxış edən 21 yaşlı idmançımız ilk dəfə bu səviyyəli yarışda çıxış edib. Tüfənglə 50 metr məsafədən 3 vəziyyətdə atəş açan təmsilçimiz yarışı təsnifat mərhələsinin 1-ci qrupunu 44-cü yerdə başa vurub. Hüseynli bunu təcrübəsizliklə bağlayır: “Məşqlərdəki göstəricilərim bundan çox yaxşı idi. Yarış öncəsi elə Qəbələdə daha yüksək nəticə göstərmişdim. Çıxışımın belə alınmasına müəyyən amillərin təsiri oldu. Beynəlxalq yarış təcrübəmin az olmasını qeyd edərdim. Sonuncu dəfə ötən il gənclərin Almaniyadakı yarışında hədəf önünə keçmişdim. Ümumiyyətlə, bu Dünya Kuboku böyüklər arasında ilk beynəlxalq yarışımdı. Əslində, Avropa Oyunlarında da iştirakım mümkün idi. Lakin müəyyən səbəblərdən həmin yarışa buraxılmadım. Bunu biləndən sonra idmançı karyeramı da bitirmək istəyinə düşüb, məşqlərə ara verdim. Təxminən bir ay əvvəl yenidən hazırlıqlarımı bərpa edib, ardınca Azərbaycan çempionatına qatıldım. Orada ikinci yeri tutdum”.

 

Xırda texniki problemləri də qabardan idmançımız gələcəkdə daha yaxşı çıxış etməyə çalışacağını bildirib: “Bu da, yarışdan bir gün əvvəl səhhətimdə yaranan problem də çıxışıma mənfi təsir göstərdi. Ən əsası isə qaydalarla bağlı bəzi dəyişikliklərdən xəbərsiz olduğumdan, yarış zamanı müəyyən çətinliklə üzləşdim. Təbii ki, müəyyən texniki problemlər də özünü göstərir. Amma çıxışımın belə alınmasına görə özümü də qınayıram. Çünki yarış zamanı həyəcan da özünü göstərdi. Bütün bunlara baxmayaraq, xarici mütəxəssislərin diqqətini cəlb etmişəm. İran millisinin məşqçiləri mənə bu ölkəyə yollanıb, orda hazırlıq keçməyib, yerli klublarda qüvvəmi sınamağı təklif edib. Lakin qonşu ölkədən aldığım bu dəvətə müsbət cavab vermədim. Asiyalılar mənim fiziki göstəricilərimin məhz atıcılıq üçün olduğunu, İranda hazırlıq keçsəm, indikindən 40-50 xal artıq yığa biləcək səviyyəyə çatacağımı bildirdi”.

Xəbər lenti