12 Avqust 09:27 “Azərbaycanda atıcılığın inkişafı üçün yaxşı təməl qoyulub” - MÜSAHİBƏ
DİGƏR NÖVLƏR xəbərləri 12 Avqust 09:27
5255 baxış

“Azərbaycanda atıcılığın inkişafı üçün yaxşı təməl qoyulub” - MÜSAHİBƏ

Tüfəng atıcılığı üzrə kişilərdən ibarət Rusiya millisinin baş məşqçisi Yevgeni Kraynovun apapsort.az saytına müsahibəsi

 

- Qəbələdə keçirilən Dünya Kuboku haqda fikirləriniz necədi?

- Əslində adi bir yarış olsa da, Azərbaycan mənim gördüyüm qədərilə idmanın inkişafı üçün böyük işlər görür. Müxtəlif idman növlərində böyük yatırımlar edilir. Mən ötən il Qəbələdəki Dünya Kubokunda, bu il isə Bakıdakı Avropa Oyunlarında olmuşam. Bura çox xoşuma gəlir. Xalqınız çox qonaqpərvərdi. Bizi hər yerdə çox isti qarşıladılar. Bütün bunlar da sevindiricidi. Burda çoxlu dostlar qazanmışıq. Artıq ölkənizdə kifayət qədər dostlarımız var.

 

- Təşkilatçılığı necə dəyərləndirirsiz?

- Hələlik hər şey normaldı. Təşkilatçılıq barədə yekun fikri yarış başa çatandan sonra dəqiq söyləmək olar. Lakin arxada qalan müddətdə izlədiklərimə əsasən deməliyəm ki, təşkilatçılıq çox yüksək səviyyədədi. Gözlənilməz fors-major vəziyyətlərin yaranması mümkündü. Lakin arzulayardım ki, belə halla üzləşməyək. Əslində bir belə hadisənin yaşanması da qorxulu olmaz. Belə yüksək səviyyəli təşkilatçılıq olan yerdə hər hansı kiçik detalı ciddi qəbul etmək lazım deyil.

 

- Atıcılıq mərkəzi haqda nə deyə bilərsiz?

- Qəbələdəki idman qurğusu çox yaxşıdı. İdmançı və qonaqlar üçün də rahatdı. Bura hələ ötən il çox xoşumuza gəlmişdi. Ümid edirəm ki, burda bir çox rekordlar qırılacaq. Kompakt şəkildə olan mərkəz həm də gözəldi. Nəqliyyat məsələləri də əla səviyyədə təşkil edilib.

 

- Həmyerlilərinizlə söhbətdə rusiyalı məşqçi və idmançılar həsədlə ölkənizdə belə arenanın olmamasından şikayətlənirdi...

- Çox təəssüflənirəm ki, həqiqətən belədi. Bizdə yalnız Kazan Atıcılıq Mərkəzi müəyyən qədər Qəbələ ilə müqayisə oluna bilər. Lakin Universiada üçün inşa olunan həmin idman qurğusu da tam ideal deyil.

 

- Yığmanızın yarışdakı hədəfləri nədi?

- Maksimum nəticə arzulayırıq. Lakin heç olmasa iki lisenziya qazansaq, yaxşı olar. Amma bu, idmandı. Qəbələdə zəif rəqib yoxdu. Artıq Anya Jukova bu vəzifənin öhdəsindən gəlib. O, 4-cü olsa da, mükafatçılardan birinin əvvəldən lisenziya qazanması Annanın Rio Olimpiadasına vəsiqə əldə etməsi ilə nəticələndi. Tapança və tüfəng yarışlarının hamısında çalışıb eyni uğuru təkrarlamağa cəhd edəcəyik.

 

- Ölkəmizdə bu idman növünün inkişafı kənardan necə görünür?

- Düşünürəm ki, atıcılığın inkişafı üçün yaxşı təməl qoyulub. Həm Bakı, həm də Qəbələdə belə arenalar inşa edilib. İndi isə işin xırda hissəsi qalıb. Məktəblər açmaq, uşaqları ora cəlb etmək. Onda uğurlar da qazanılacaq.

 

- Yəqin bu məktəblərə mütəxəssislər də cəlb etmək lazım olacaq?

- Əlbəttə ki, bu məktəblərə yaxşı məşqçilər dəvət edilməlidi.

 

- Sizə ölkəmizdə çalışmaq təklifi olunsa, qəbul edərsiz?

- Açığı, bu haqda indiyədək düşünməmişdim. Lakin təklif gələrsə, niyə də qəbul etməyim.

Xəbər lenti