12 İyun 17:21 Bakı-2019: 50 ölkədən 4000 qonaq
DİGƏR NÖVLƏR xəbərləri 12 İyun 17:21
351 baxış

Bakı-2019: 50 ölkədən 4000 qonaq

Gələn il iyunun 20-28-də Bakıda təşkil olunacaq Avropa Gənclər Yay Olimpiya Festivalına gələcək qonaqların təxmini sayı dəqiqləşib. Azərbaycan Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, yarışla bağlı bir sıra məqamlara bu gün baş tutan görüşdə aydınlıq gəlib.

 

Belə ki, bu gün gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında festivalla bağlı toplantı keçirilib. Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, nazir müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, idman federasiyalarının rəsmiləri və idman mütəxəssisləri iştirak ediblər.

 

Yığıncaqda bildirilib ki, yarışda iştirak üçün Bakıya Avropanın 50 ölkəsindən 2000 idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə 3500-4000 qonağın gələcəyi gözlənilir.

Festival 10 - atletika, basketbol, velosiped idmanı, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş (yunan-Roma, sərbəst) növləri üzrə təşkil olunacaq. Yarışın açılış mərasiminin isə “Crystal Hall”da baş tutacağı açıqlanıb.

 

Toplantı zamanı yarışların keçiriləcəyi idman arenalarının hazırlığı üçün görülməsi tələb olunan işlər, idmançıların yarışlara hazırlığı, texniki məsələlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Rəhimov bildirib ki, qarşıda idmançılarımızı mötəbər idman yarışları gözləyir. Argentinada keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları, Minskdə baş tutacaq Avropa Oyunları və digər mötəbər idman tədbirlərinin hər biri 2020-ci ildə təşkil olunacaq Tokio Yay Olimpiya Oyunlarına gedən yolda mühüm əhəmiyyət daşıyır.