9 Oktyabr 12:27 Baş məşqçi: Onu yığmada saxlamayacağıq - MÜSAHİBƏ
DİGƏR NÖVLƏR xəbərləri 9 Oktyabr 12:27
3620 baxış

Baş məşqçi: Onu yığmada saxlamayacağıq - MÜSAHİBƏ

Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanovun apasport.az saytına müsahibəsi

 

- Avropa Oyunlarından sonra işləriniz necə gedir?

- Bu yarışdan sonra Kazanda keçirilən dünya çempionatında iştirak etmişik. Mundialda Alsu Bayramova, Fatimə Alkərimova, Anton Jeltyakov və Boris Kirilovdan ibarət qarışıq estafet üzgüçülərimiz yarımfinala yüksəldi. Yekunda yığmamız 16-cı oldu.

 

- Avropa Oyunları zamanı milliyə bir neçə legioner dəvət olunmuşdu. Həmin əcnəbilər ölkəmizdə çıxışlarını davam etdirir?

- Mən onları legioner adlandırmazdım. Çünki həmin əcnəbilər ən yaxşı nəticələrini Azərbaycanda göstəriblər. Hazırda onları bir neçə aylıq bərpa dövrü üçün vətənlərinə buraxmışıq. Amma vidalaşacağımız idmançılar da olacaq. Çünki qeyri-qənaətbəxş nəticə göstərənləri Azərbaycanda saxlamayacağıq.

 

- Konkret ad açıqlaya bilərsizmi?

- Anna Manşenkova bizdən ayrılacaq. Digərləri isə komandamızda məşqlərini davam etdirəcəklər.

 

- Yerli qızlardan necə, üzgüçülüyə maraq göstərən varmı?

- Əlbəttə. Yığmamızın üzvü olan Yuliya Stisyuk, Fatimə Alkərimova, Anna Andruşenko, İlahə Rəciyeva Bakıda böyüyüb, yerli çalışdırıcıların rəhbərliyi altında idmanın sirlərinə yiyələniblər. Fatimə 2002-ci il, İlahə 2003-cü il təvəllüdlüdü. Onlar hazırda idman ustalığına yaxın nəticə ilə məşq edirlər. Doğurdan da, bu qızlara çox böyük ümidimiz var.

 

- Üzgüçülük çoxşaxəli idman növüdü. Yəni, bir idmançı Olimpiadada bir neçə medal qazana bilir. Bu səbəbdən baş məşqçisi olduğunuz yığmanız inkişaf hansı səviyyədədi?

- Atletika, idman gimnastikasıdı və üzgüçülük ən çox medal verən növlərdi. Biz də gələcəyə ümidlə baxırıq.

 

- Üzgüçülükdə aparıcı ölkələr var. Məsələn, Rusiya, ABŞ, Avstraliya kimi ölkələrdən mütəxəssis dəvət edib, inkişaf planı kimi təcrübəsindən yararlanmaq fikriniz varmı?

- Avropa Oyunlarına hazırlıq məqsədi ilə Viktor Jeltyakovu komandamıza cəlb etmişdik. Məşqlərə rəhbərlik edən şəxslərdən idi. Onun təcrübəsindən bəhrələndik. Təəssüflər ki, Avropa Oyunları zamanı zədələr oldu, hava şəraitinin dəyişməsi ilə bağlı xəstələnmələr oldu və biz özümüzü göstərə bilmədik. Amma Bakı-2015-də 13-cü olmaq yaxşıdı.

 

- Yığma federasiyanın diqqətini nə dərəcədə hiss edir?

- Rəhbərlik yeni nəslin inkişafına xüsusi diqqət yetirir. Su İdmanı Sarayında da buraya gələn uşaqların seleksiyasına xüsusi fikir veririk. Artıq yüzlərlə uşaq arasında seçim apararaq, gözaltı etmişik. Uşaqların üzməsi üçün İspaniyadan gətirilən texnika ilə məşqlər keçirik. Bu, nəinki üzməyi öyrənmək, onların hər bir hərəkəti düzgün etməsinə kömək olur. Gələcəkdə legionersiz bir yığmaya çevrilmək istəyirik.

 

- Ölkəmizə Rio-de-Janeyro-2016 üçün çox güman ki, “wild card” veriləcək. Ümumiyyətlə, neçə idmançı ilə iştirak etməyi planlaşdırırsız?

- Biz “wild card”dan əlavə, Olimpiada üçün ən azı B lisenziyasını doldurmağa çalışırıq. Bu da böyük bir nəticədi. Dünyada 24-26-cı yerlər B lisenziyasının normatividi. Boris Kirilov və Anton Jeltyakov real namizədlərdəndi. Əfsuslar olsun ki, Avropa Oyunlarında bunu bacarmadıq. Amma qarşıdakı yarışlarda bunu yerinə yetirək istəyirik. Hazırda hədəfimiz dekabrda İsraildə keçiriləcək Avropa çempionatıdı. Burada da müsbət nəticə qazanmaq istəyirik.

 

- Amma B lisenziyası doldurulacağı halda “wild card” verilməyəcək...

- Təbii ki. Amma biz buna cəhd edəcəyik.

 

Xəbər lenti