14 Avqust 12:00 Dünya Kubokunun mükafatçısı: Mən dağları sevdim - MÜSAHİBƏ
DİGƏR NÖVLƏR xəbərləri 14 Avqust 12:00
3456 baxış

Dünya Kubokunun mükafatçısı: Mən dağları sevdim - MÜSAHİBƏ

Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə Dünya Kubokunda bürünc medal qazanaraq 2016-cı ildə baş tutacaq Yay Olimpiya Oyunlarına lisenziya əldə edən rusiyalı idmançı Anna Jukovanın apasport.az saytına müsahibəsi

 

- 50 metrdən tüfənglə atəş açmaqda Dünya Kubokunun bürünc medalını qazandınız. Çıxışınızdan razı qaldınız?

- Qəbələdən çox müsbət təəssüratlarla ayrılıram. Bu növdə Dünya Kuboku mərhələlərində ilk dəfə final mərhələsinə yüksəldim.

 

- Daha yaxşı nəticə göstərməyinizə nə mane oldu?

- Çox həyəcanlı idim. Bilirəm ki, bundan da yaxşı atəş açmağı bacarıram. Səhvlərim üzərində işləyib, onları aradan qaldıracağam.

 

- Yarışların təşkil olunduğu Qəbələ haqda təəssüratlarınız necədi?

- Artıq ikinci dəfədi Qəbələdəyəm. Ötən ilin payızında da Dünya Kubokunda gəlmişdim. Qəbələ çox gözəldi. Mən dağları sevdim. Adamı lap heyrətləndirir.

 

- Buranı gəzə bildinizmi?

- Yeddi gözəl şəlaləsini görə bilmədim. Amma kanatla dağları gəzdik. Nohurgölün gözəlliyini də gördük. Amma ora ötəri baş çəkdik. Çox gözəl idi. Bütün gördüklərim xoşuma gəldi. Təəssüf ki, bu gözəlliklərə doyunca baxmağa vaxtımız olmadı.

 

- Hər şeyin ürəyinizcə olduğunu söyləmək olar?

- Burda hava istidi. Belə günəşli havaya öyrəşməmişik.

 

- Artıq çıxışınızı başa vurmusuz. Yəqin ki, gəzə bilmədiyiniz yerlərə baş çəkəcəksiniz...

- Biz bu gün Qəbələni tərk edirik. Komandanın yarısı isə sabah Rusiyaya qayıdacaq.

 

- Rusiya yığması ilə Avropa Oyunları zamanı Bakıda olmusuz. Vətənə qayıdarkən yenidən paytaxtı gəzməyi planlaşdırmırsız?

- Yox. Avropa Oyunlarında Bakıda olmuşam. Həmin vaxt yaxşı da gəzdik. Paytaxtınız çox gözəldi.

 

- Dünya Kubokunun təşkilatçılığı, atıcılıq mərkəzi hansı səviyyədədi?

- Hər şey möhtəşəm təşkil olunub. Atıcılıq mərkəzi də çox gözəldi. Məmnuniyyətlə yenidən Qəbələyə gələrdim.

 

- Buranı çox bəyəndiyinizi, yenidən gəlmək istədiyinizi dediniz. Qəbələyə yarışa deyil, istirahətə gəlməyi düşünmürsüz ki?

- İndi Olimpiya mövsümüdü. İstirahət haqda düşünmürəm. Bütün fikirlərim Rio Olimpiadası ilə bağlıdı. Amma sonra, həqiqətən də, istirahətimi burda keçirəcəm. Amma indi istirahətin vaxtı deyil. Qarşıda Olimpiada gəlir.

Xəbər lenti