30 Oktyabr 13:57 Cüdo yığmamızdan uğursuz start  - YENİLƏNİB
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 30 Oktyabr 13:57
1476 baxış

Cüdo yığmamızdan uğursuz start - YENİLƏNİB

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdoçular arasında “Böyük dəbilqə” yarışına start verilib. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycan millisi də qüvvəsini sınayır.

 

“Böyük dəbilqə”yə 11 idmançı ilə qatılan komandamızın heyətində ilk gündə tatamiyə 5 cüdoçumuz çıxıb. Lakin Peter Zayzenbahir yetirmələri mükafata layiq yer tuta bilməyiblər.

 

Kişilər

60 kq

Yığmamızın aparıcı cüdoçularından olan İlqar Müşkiyev mübarizəyə 1/32 final mərhələsindən başlayıb. “Böyük dəbilqə”nin üçqat bürünc medalçısı ilk döyüşündə hollandiyalı Jeron Murenlə güləşib. Görüş təmsilçimizin asan qələbəsi ilə başa çatıb. Həmyerlimiz 107 saniyəyə rəqibini ippona salıb. Müşkiyev ardınca Eysa Majraşi (Səudiyyə Ərəbistanı) sınağa çəkib. Bu rəqib də cüdoçumuz üçün keçilməz olmayıb.

 

İlqar 1/8 finalda monqolustanlı Tsoqbatar Tsendoçirlə münasibətinə aydınlıq gətirib. Təəssüf ki, Müşkiyev də qələbə seriyasını davam etdirə bilməyib və görüşün başa çatmasına 50 saniyə qalmış ippona düşüb.

 

Bu çəkidə ölkəmizi təmsil edən Vüqar Şirinli də ilk döyüşünü qələbə ilə bitirib. Lakin o, Yann Sikkardini (Monqolustan) məğlub etsə də, 1/16 finalda Vinsent Limareyə (Fransa) uduzub.

 

66 kq

“Böyük dəbilqə”nin ikiqat qalibi Nicat Şıxəlizadə ilk döyüşdəcə məğlubiyyət acısı yaşayıb. Təcrübəli cüdoçumuz Rusiyanı təmsil edən erməni əsilli Olimpiya çempionu Arsen Qalstyana ipponla məğlub olub. 

 

Qadınlar

48 kq

Leyla Əliyeva üçün yarış uğursuz start götürüb. Həmyerlimiz ilk qarşılaşmasında Beynəlxalq Cüdo Federasiyasını təmsil edən Şira Rişoniyə uduzub.

 

52 kq

Komanda yoldaşı kimi Səkinə Zayirova da mərhələ adlaya bilməyib. Cüdoçumuz birinci döyüşündə belçikalı İlze Heylenlə bacarmayaraq, turnirlə vidalaşıb. 

Xəbər lenti