8 Avqust 14:01 10 illik sindrom qırılacaqmı?
FUTBOL xəbərləri 8 Avqust 14:01
6074 baxış

10 illik sindrom qırılacaqmı?

Topaz Premyer Liqasında 80 günlük fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, sabah 2015/16 mövsümünə start veriləcək.

 

Bu mövsüm də ötənilki kimi 10 komandanın iştirakı ilə 4 dövrəli sistemlə keçiriləcək. “Rəvan” və Azərbaycanın köklü klublarından olan “Kəpəz” yenidən Premyer Liqaya qayıdıblarsa, “Zirə” elitada debüt edəcək.

 

Açılış turunun 3 qarşılaşlası sabah, digər 2 oyunu isə avqustun 10-da baş tutacaq. Havaların isti keçdiyini nəzərə alan Peşəkar Futbol Liqası bütün görüşlərin saat 21:00-da başlamasını qərara alıb.

 

Maliyyə problemi ilə üzləşdiyi üçün hədəfini kiçildən “Neftçi” ilk turda əzəli rəqiblərindən olan “Kəpəz”i qəbul edəcək. Baş məşqçi postuna Şahin Diniyevi gətirən Gəncə klubu 30 aydan sonra üz-üzə gələcəyi rəqibini büdrətməyə çalışacaq. Axı 10 ildi “Kəpəz” paytaxt klubuna qalib gələ bilmir. Yayda heyətində gəncləşdirmə siyasəti aparan “Neftçi” isə “Kəpəz” üzərində 7 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirmək niyyətindədi.

 

Həmin gün meydana çıxacaq “Zirə” Premyer Liqada ilk matçını AZAL-a qarşı keçirəcək. O AZAL ki, “Zirə” yay fasiləsində məhz həmin komandanın bir neçə futbolçusu ilə heyətini gücləndirib. Bu mənada sabiq AZAL-lıların keçmiş komandalarına qarşı dueli maraq doğurur. Ciddi böhran yaşadığı üçün gənclərin ümidinə qalan “təyyarəçilər”in debütantla qarşılaşmada şansları elə də yüksək deyil.

 

Yaşayıb-yaşamayacağı uzun müddət müzakirə mövzusu olan, buna baxmayaraq, Avropa Liqasında 2 mərhələ adlayan “İnter”i maraqlı Lənkəran səfəri gözləyir. Cənub təmsilçisi mövsümlərarası fasilədə heyətini xeyli gücləndirsə də, “bankirlər”lə qarşılaşmanın favoriti deyil. Çünki yeni gələnlərin heç biri məlum cəza səbəbindən sentyabra qədər komandaya kömək edə bilməyəcək. Bu isə baş məşqçi Yunis Hüseynovu çətin vəziyyətə salıb. İndi “İnter”in Lənkərandan 3 xalla dönmək üçün əlinə fürsət düşüb. Bu mövsüm avrokuboklarda uğurlu çıxış edən paytaxt klubu önündə lənkəranlıların işi çox çətin olacaq.

 

Premyer Liqaya yenidən dönən “Rəvan” ilk turda “Sumqayıt”ı qəbul edəcək. Heyətində ciddi dəyişikliklər etməyən “Sumqayıt”dan fərqli olaraq, “Rəvan” bir neçə sabiq oyunçusunu geri qaytarıb. “Sumqayıt” oturuşmuş heyətə malik olduğundan, cütün favoriti hesab edilir.

 

Turun mərkəzi görüşü, şübhəsiz ki, Qəbələdə baş tutacaq. Hazırda Avrokubokda yoluna davam edən iki komanda - “Qəbələ” ilə “Qarabağ” üz-üzə gələcəklər. “Qəbələ” heyətində islahatlar aparmasına baxmayaraq, qısa müddətdə öz oyununu tapa bilib. Avropa Liqasında parlaq çıxışı ilə diqqət çəkən baş məşqçi Roman Qriqorçukun komandası cari mövsümdə çempionluq yolunda “Qarabağ”a əsas rəqib sayılır. Mövsümə tam hazır olan iki komandanın dueli böyük maraq doğurur. Bu görüş həm də hər iki klub üçün Avropa Liqasının pley-off mərhələsi öncəsi yaxşı hazırlıq olacaq.

 

 

Topaz Premyer Liqası

I tur

 

9 avqust (bazar)

 

21:00 “Neftçi” – “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
“Bakcell Arena”

21:00 “Zirə” – AZAL
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
Zirə Olimpiya İdman Kompleksinin stadionu

21:00 “Xəzər Lənkəran” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, Ramil Diniyev 
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
“Xəzər Lənkəran” mərkəzi stadionu

10 avqust (bazar ertəsi)

21:00 “Rəvan” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Rövşən Əhmədov
“Bayıl Arena”

21:00 “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu