6 İyun 09:33 "6 ayda çox zülmlər çəkdik" - Tərlan Əhmədov
FUTBOL xəbərləri 6 İyun 09:33
8234 baxış

"6 ayda çox zülmlər çəkdik" - Tərlan Əhmədov

"Klub prezidentimiz Zaur Axundov özü də deyib ki, bütün futbolçuların əməkhaqqısını qəpiyinə qədər ödəyəcəm. İndiyə qədər bu komandada belə vəziyyətlə üzləşməmişdi. İndi ümumi futbolumuz problem içindədi". Bu sözləri apasport.az saytına AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Digər komandalarımız kimi, AZAL-da da maliyyə problemi yaşanır. Elə bu üzdəndi ki, artıq iki oyunçu - qapıçı Kamal Bayramov və yarımmüdafiəçi Rəşad Abdullayev klubu tərk edərək debütant "Zirə"nin yolunu tutublar.

 

Xüsusən də, Abdullayevin yeni müqaviləni razılaşdırmasına baxmayaraq, "Zirə"yə keçidi gözlənilməz olub. Tərlan Əhmədov kapitanın və Bayramovun gedişini maliyyə problemi ilə əlaqələndirib: "Mənim əlimdə imkan yoxdu ki, onları saxlayım. Mövsüm bitəndə futbolçulara demişdim ki, ürəyi istəyən gedə bilər. Düzdü, Rəşad Abdullayevlə yeni müqaviləni razılaşdırmışdıq. Hamısı ehtiyat edir ki, birdən komanda dağılar. Yəni bu məsələdə mənim səlahiyyətim çatmır. İnşallah, yaxşı olacaq. Şəxsən mən komandanın dağılacağına inanmıram. Bu durumdan çıxacağıq. Gedənlərə yeni komandalarında uğurlar arzulayıram. Bacardığım qədər onlara dəstək oldum. Başqa kimin gedib, kimin qalacağı barədə bir söz deyə bilmərəm. Çünki vəziyyətin necə olacağını bilmirəm. Hamısını ayın 15-də bir araya yığacağıq. Ona qədər vəziyyətimizə aydınlıq gələcək".

 

AZAL-ın çalışdırıcısı iyunun 2-də Qəbələdə təşkil edilən "Qarabağ" və "Neftçi" veteranlarının oyunu barədə də fikirlərini bölüşüb. O bildirib ki, keçmiş komanda yoldaşları ilə birlikdə Qəbələdə səhərə qədər yatmayıblar: "Hələ də veteranlar arasında keçirilən möhtəşəm oyunun ab-havasından çıxmamışam. Sağ olsun PFL prezidenti Ramin Musayev, bizi 20 il cavanlaşdırdı. Həqiqətən də, çox gözəl tədbir təşkil etmişdilər. Elə final oyunu da ləzzət elədi. Sənət adamlarının ifasında musiqilər, kubokun stadiona təyyarə ilə gəlməsi, paraşütün açılması... Bunda əməyi keçən PFL işçilərinin hamısına təşəkkür edirəm. Bu il Azərbaycan futbolu üçün ağır keçir, 6 ayda çox zülümlər çəkdik. Bu çətin vaxtda heç olmasa bizi sevindirdilər, iki gün bu problemlərdən uzaq düşdük. Gecə saat 4-ə kimi veteranlarla koridorda oturub söhbət etdik, dərdləşdik, köhnə xatirələri yada saldıq".

Xəbər lenti