10 İyul 11:38 6 qat İslandiya çempionu - “Hafnarfyordur”
FUTBOL xəbərləri 10 İyul 11:38
1334 baxış

6 qat İslandiya çempionu - “Hafnarfyordur”

Avropa Liqasının I təsnifat mərhələsində “Laçi”ni (1:1, 0:0) səfər qolu sayəsində üstələyən “İnter” II mərhələdə İslandiya təmsilçisi “Hafnarfyordur”a rəqib olacaq. Apasport.az saytının məlumatına görə, “bankirlər”in rəqibinin nə az, nə çox, düz 87 yaşı var.

 

20 oktyabr 1928-ci ildə gimnastika klubu kimi yaradılan “Hafnarfyordur”un tərkibinə sonradan digər idman növləri, həmçinin futbol da daxil edilib. “Hafnarfyordur” birinci liqada ilk dəfə 1979-cu ildə iştirak edib.

 

Komandanın uğurları XXI əsrə təsadüf edir. 2000-ci ildə ikinci liqanın qalibi kimi I liqaya yüksələn “Hafnarfyordur” ilk mövsümündəcə 3-cü yeri tutub. Komanda ilk titulunu 2002-ci ildə İslandiya Liqa Kubokunu qazanmaqla əldə edib. 2004-cü ildən etibarən isə “Hafnarfyordur” ölkənin ən güclü klublarından birinə çevrilib. Məhz 2004-cü ildə İslandiya çempionu olan komanda Liqa Kubokunu və Superkuboku da başı üzərinə qaldırıb.

 

“Hafnarfyordur” son 11 ildə 6 dəfə (2004, 2005, 2006, 2008, 2009, 2012) İslandiya çempionu olub, 2 dəfə (2007, 2010) İslandiya Kubokunu, 6 dəfə (2002, 2004, 2006, 2007, 2009, 2014) Liqa Kubokunu və 6 dəfə (2004, 2006, 2008, 2009, 2010, 2013) Superkuboku qazanıb.

 

“İnter”in rəqibi 2004-cü ildən bəri hər mövsüm avrokuboklarda iştirak edib. 2004/05 mövsümündə UEFA Kubokunda 2 mərhələ adlayan İslandiya təmsilçisi növbəti mövsümdə Çempionlar Liqasında debüt edib. Bu mötəbər turnirdəki ilk oyun isə digər təmsilçimiz “Neftçi”yə qarşı olub. “Neftçi” həmin vaxt hər iki oyunda (2:0, 2:1) qələbə qazanaraq, mərhələ adlayan tərəf olmuşdu.

 

“Hafnarfyordur” üçün 2013/14 mövsümünü xüsusi qeyd etmək lazımdı. Həmin vaxt mübarizəyə Çempionlar Liqasında başlayan komanda III mərhələdə “Austriya”ya (Avstriya) uduzaraq, Avropa Liqasının pley-off mərhələsində oynamaq imkanı əldə edib. Tarixində ilk dəfə pley-off həyəcanı yaşayan islandlar “Genk”ə (Belçika) məğlub olaraq qrupun bir addımlığında mübarizəni dayandırıblar.

 

Ötən mövsüm Avropa Liqasında III mərhələyə qədər irəliləyən “Hafnarfyordur” cari mövsümün I mərhələsində Finlandiya komandası SJK-ya (1:0, 1:0) qalib gəlib. Ümumilikdə avrokuboklarda 38 oyun keçirən “Hafnarfyordur” bunun 12-də qələbə qazanıb, 16-da məğlub olub, 10 dəfə isə rəqibləri ilə sülh bağlayıb.

 

“İnter”in rəqibi əsasən yaşlı futbolçulardan qurulub. Əksər futbolçuların yaşı 27-dən yuxarıdı. Ən yaşlı oyunçusu isə 44 yaşlı qapıçı Kristian Finnboqasondu. “Hafnarfyordur”un cəmi 2 futbolçusu hazırda milliyə dəvət alır. Bunlar İnqi Valdimarsson və Byarni Vidarssondu. Hər iki oyunçu İslandiya millisinin üzvü sayılır.

 

Komandanın heyətində 7 əcnəbi oyunçu var. Onlardan 2-si ingilisdi ki, bu futbolçular da “Çelsi” və “Mançester Yunayted”in yetirmələridi. Bundan başqa, Belçikadan 2, Şotlandiya, Mali və Seneqaldan 1 oyunçu bu klubun formasını geyinir.

 

Yon Runar Halldorssonun prezidentlik etdiyi “Hafnarfyordur”un baş məşqçisi Heymir Qudyonssondu. Komanda ev oyunlarını 11 min tamaşaçı tutumuna malik “Kaplakriki” stadionunda keçirir.