8 Oktyabr 17:00 Adrian Skarlatake: Əgər komandamız cəmi 5 qol vurubsa... - MÜSAHİBƏ
FUTBOL xəbərləri 8 Oktyabr 17:00
1123 baxış

Adrian Skarlatake: Əgər komandamız cəmi 5 qol vurubsa... - MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun rumıniyalı müdafiəçisi Adrian Skarlatakenin apasport.az saytına müsahibəsi

 

- Arxada qalan 7 turla bağlı nə deyə bilərsiniz?

- Əlbəttə, 7 turdan sonra əldə etdiyimiz nəticələrdən razı qala bilmərik. Çünki gözlənilməz, çox asan şəkildə xallar itirdik. Halbuki həmin oyunlarda qələbə qazanmalı idik. Bu baxımdan, arxada qalan 7 tur bizə heç də məmnunluq bəxş etmir.

 

- Asan xallar itirdiyiniz oyunlar hansılardır?

- Məsələn, ilk tur çərçivəsində keçirilən AZAL-la oyun. Həmin matçda demək olar, topa nəzarət 80 faiz bizim tərəfimizdə idi. “Sumqayıt”a uduzduğumuz oyunda 7 real qol epizodu yaratsaq da, heç birində istifadə edə bilmədik. Üstəlik həmin oyunda 10 nəfərlə mübarizə aparırdıq. “Qəbələ” ilə matçda da 3 xal qazanmalı idik. Biz onlardan daha yaxşı oynadıq. “Neftçi” ilə matçda da həmçinin. Həmin görüşdə bir penaltidən istifadə edə bilmədik. Oyun ərzində isə real qol şanslarını boşa verdik. Dediyim oyunları izləyənlər mənimlə həmfikir ola bilər.

 

- Çempionluğa iddialı komandanın bu cür qeyri-sabit oyununun kökündə nə dayanır?

- Konkret bir söz deyə bilmərəm. Çətin vəziyyətdir. Əsas odur ki, yaratdığımız epizodlardan istifadə edə bilmirik. “Neftçi” ilə matçda top sanki qapıdan keçmək istəmirdi. Hər oyunda aşkar qol vəziyyətləri yaradırıq, təəssüf ki, dəyərləndirə bilmirik. Özüm də vəziyyətdən baş aça bilmirəm.

 

- “Xəzər Lənkəran”ın hazırkı heyətində yer alan futbolçular arasında komandada uzun müddətdir çıxış edənlərdənsiniz. Bəlkə, bu cür çıxışın başlıca səbəbi məşqçilər korpusunda və heyətdə edilən tez-tez dəyişikliklərdir?

- Təbii ki, bunun da təsiri mümkündür. Ancaq başlıca səbəbin nədən ibarət olduğunu deyə bilmərəm.

 

- Hazırda liderdən 6 xal geri qalırsınız. 3 xallıq sistemdə bu fərqi aradan qaldırmaq elə də çətin deyil. İddianız davam edir?

- Növbəti oyunda “Bakı” ilə qarşılaşacağıq. Həmin matçda qələbə qazansaq üçüncü pilləyə qədər yüksəlməyimiz mümkündür. Mövsümün təzə başladığını nəzərə alsaq, bu cür fərqi aradan qaldırmaq olar. Mümkünsüz heç nə yoxdur.

 

- Komandadakı problemləri yoluna qoymaq baxımından yığmanın oyunları ilə əlaqədar yaranmış fasilənin “Xəzər Lənkəran”ın işinə yarayacağını düşünmək olarmı?

- Bu cür fasilələri müsbət dəyərləndirmirəm. Bəzən ardıcıl oyunlara çıxırıq, 3-4 gündən bir matç keçiririk. Normal dincəlmək üçün vaxtımız olmur. Bəzən isə fasilələr çox uzun olur. Ola bilsin, bu yığmanın xeyrinə atılmış addımdır, başa düşürük. Ancaq klublar üçün yaxşı hal deyil.

 

- Yəqin razılaşarsınız ki, əvvəlki kimi sabit çıxış etmirsiniz. Ötən mövsümlərdə hətta həlledici qollar da vururdunuz. Hansısa ciddi probleminizmi var?

- Qol vurmaq məsələsi komandamız üçün ümumiyyətlə ciddi problemə çevrilib. Arxada qalan 7 turda cəmi 5 qol vurmuşuq. Razıyam, mən də 1-2 qol vursaydım, komandamızın durumu yaxşı olardı. Əgər komandamız cəmi 5 qol vurubsa, müdafiəçi kimi mən necə çox fərqlənə bilərəm.

 

 

 

 

Xəbər lenti