16 Oktyabr 14:54 “Aldığım təklif bizim mentalitetə uyğun gəlmir” – MÜSAHİBƏ
FUTBOL xəbərləri 16 Oktyabr 14:54
6152 baxış

“Aldığım təklif bizim mentalitetə uyğun gəlmir” – MÜSAHİBƏ

Keçmiş futbolçu, “Kəpəz”in sabiq baş məşqçisi Vidadi Rzayevin apasport.az saytına müsahibəsi

 

- Cari mövsümdən yenidən yüksək dəstədə mübarizə aparan “Kəpəz” arxada  qalan 7 turdan sonra 8 xal toplayıb. Sabiq komandanızın çıxışınızı necə dəyərləndirirsiniz?

- Böyük fasilədən sonra yenidən Premyer Liqada çıxış etməyini nəzərə alsaq, toplanılan 8 xalı yaxşı da olmasa, ortabab nəticə saymaq olar.

 

- Hazırkı heyətlə, bu potensialla “Kəpəz” daha artığını edə bilərmi?

- Komandanın hazırkı durumu pis deyil. İnşallah, Şahin Diniyevin təcrübəsi sayəsində qarşıda uğurlu nəticə qazanıb, Gəncə futbolunu irəli aparacaqlar. Mən buna inanıram.

 

- Yeri gəlmişkən, “Kəpəz” ölkə çempionatının VIII turu çərçivəsində bu gün “Rəvan”la üz-üzə gələcək. Hansı nəticəni gözləyirsiz?

- Qələbə. Biz Gəncə komandasından həmişə qələbə gözləyirik.

 

- Çempionatın əvvəlindəki çıxışına əsasən, “Kəpəz”in mövsümü neçənci pillədə başa vuracağını düşünürsüz?

- Əvvəldən heç nə demək olmur. Amma təzə yığılan komanda üçün yaxşı nəticə göstərirlər. Futbolçuların bir-birlərinə uyğunlaşmaları lazımdı. Bunlarından öhdəsindən Şahin müəllim gələcək. “Kəpəz” cari mövsümü ən azı ilk “altılıq”da bitirəcək. Məndə əminlik var. Çünki qələbələri çox olmasa da, komanda pis oynamır. Sadəcə, tez-tez bəxtsizliklə üzləşirlər.

 

- V turda “Kəpəz”in “Qarabağ”la ev oyununa 20 min azarkeş gəlmişdi. Bu, konkret nə ilə bağlıdı: baş məşqçi, göstərilən oyun, yoxsa komandanın elitaya qayıtması ilə?

- Bu məsələdə baş məşqçi amili rol oynamır. Çünki Gəncə, ümumiyyətlə, futbol şəhəridi. Əbəs yerə Gəncəni “Futbolun Məkkəsi” adlandırmırlar. Həm də azarkeşlər komandanın  yenidən Premyer Liqada çıxış etməsini çoxdan arzulayırdılar. Çünki arada fasilə yaranmışdı, “Kəpəz” Premyer Liqadan uzaq düşmüşdü. Çoxlu azarkeşin gəlməsi də məhz o fasilədən irəli gəlir. Orda məşqçi kim olsaydı, fərq etməzdi. İstər mən baş məşqçi olum, istərsə də Şahin Diniyev və ya Ağasəlim Mircavadov, bu məsələdə heç bir fərqi yoxdu. Mən baş məşqçi olanda oyunlarımıza bu qədər azarkeş gəlmirdi. Amma onda komanda birinci divizionda oynayırdı. Birinci divizionla yüksək dəstə müqayisə edilməzdi.

 

- Gəncə futbolunun hazırkı durumundan razısızmı? Yeni Vidadilər, yeni Mahmudlar nə vaxt yetişəcək?

- İnşallah, yetişəcəklər. Belə davam etsələr, hər şey yaxşı olacaq. “Kəpəz” birinci divizionda çıxış edəndə də demişdim ki, Gəncədən çox futbolçu çıxır. Allah qoysa, Mahmudlar da çıxacaq, Vidadilər də, Mehman Allahverdiyevlər də. Sadalamaqla bitirmək olmur.

 

- Gəncə futbolunun üzdə olan simalarından birisiz. “Kəpəz”də sizə işləmək üçün yer tapılmadımı?

- Yəqin ki, yaxın günlərdə bir iş çıxar, çalışarıq. Futbolsuz qalmaq istəmirəm. Çünki əlimdən futboldan başqa heç nə gəlmir.

 

- “Kəpəz” rəhbərliyindən sizə iş təklifi gəlibmi?

- Təklif etmişdilər, amma pis çıxmasın, qəbul etmədim. Məndən klubun aşağı yaş qruplarında çalışmağımı istədilər, razılaşmadım.

 

- Təklifi qəbul etməməyiniz böyüklərlə işləmək istəyinizlə bağlıdı?

- Yox, mən uşaqlarla da işləmişəm. Mənim üçün bu, problem deyil. Sadəcə olaraq, bizim mentalitetə uyğun gəlmir. Çünki birinci divizionda işləyib, yenidən uşaq futboluna qayıtmaq... Həm də orda kateqoriya məsələsi, filan var idi. Uşaq futbolunda çalışmağı geriyə addım saymıram. Sadəcə, bayaq dediyim kimi, mentalitetimizə uyğun gəlmir. Xaricdə uşaq futbolundan başlayıb yuxarılara qalxırlar. Bizdə isə birinci dəstədə başqa məşqçi işlədikdən sonra uşaq futboluna qayıtmağa futbol adamları yaxşı baxmır. Belə şeylər var.

 

- Yəqin ki, “Kəpəz”in ev oyunlarına stadiondan baxırsız. Hazırkı məqamda komandanın hansı mövqeyində problem hiss edirsiz?

- Açığı, 1 oyununa baxmışam və buna əsasən qiymət vermək çox çətindi. Baxdığım həmin görüşdə komandanın çıxışından razı qalmışam. İnşallah, “altılıq”da yerləri olacaq.

 

- Razısız ki, əvvəlki mövsümlərlə müqayisədə çempionatda rəqabət azalıb?

- Çempionluq mübarizəsi “Qəbələ” ilə “Qarabağ” arasında gedəcək. Onlar stabil heyətlərini saxladılar, “Qəbələ” daha da gücləndi. Burda başqa amillər də var. “Neftçi”dən çox oyunçu getdi, digər klublar da yaxşı legionerlər gətirə bilmədilər. “Qəbələ” və “Qarabağ” digər komandalardan həm heyət, həm də oyun baxımından çox seçilir.

 

- Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” gələn həftə “Monako”, “Qəbələ” isə Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Bu oyunlardan hansı nəticəni gözləyirsiz?

- Adətən mənim proqnozlarım səhv çıxır. Hər bir azərbaycanlı futbolsevər kimi, mən də komandalarımızdan qələbə gözləyirəm. Reallıqda da buna gücümüz çatar. “Qarabağ” “Anderlext”i məğlub etdi, “Qəbələ” isə “Panatinaikos”u mübarizədən kənarlaşdıraraq qrupa düşdü. Qrup mərhələsində də pis çıxış etmirlər. Məncə, iki komandamızdan biri qrupdan çıxacaq.

 

Tengiz MƏMMƏDOV

 

 

 

Xəbər lenti