7 Avqust 13:51 Aleksey Qay: Hər şey kənardan göründüyü kimi deyildi - MÜSAHİBƏ
FUTBOL xəbərləri 7 Avqust 13:51
3232 baxış

Aleksey Qay: Hər şey kənardan göründüyü kimi deyildi - MÜSAHİBƏ

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Apollon”u (1:0) məğlub edən “Qəbələ” ilk dəfə pley-offa yüksəlib. Matçdan sonra apasport.az saytının da əməkdaşının iştirak etdiyi müsahibədə jurnalistlərin suallarını cavablandıran “Qəbələ”nin ukraynalı yarımmüdafiəçisi Aleksey Qay nikbin danışıb.

 

- Qələbə, tarixi nəticə... Bunların hamısını bir oyunda yaşadınız...

- Əsas odu ki, qələbə qazandıq, mərhələni adladıq. Həqiqətən də, bu nəticəyə görə ürəkdən sevinməyə dəyər. Bu cür emosiyalardan sonra oyunu şərh etmək asan deyil. Hər şey kənardan göründüyü kimi deyildi. Bu uğuru çətinliklə əldə etdik.

 

- Qolu ikinci hissədə vursanız da, fasilədən sonra üstünlüyü rəqibə verdiniz. Problem nədə idi?

- Ciddi problem yox idi. Həqiqətən də, ilk hissəni ikinciyə nisbətən daha yaxşı keçirdik. Real qol şanslarımız da oldu. Təəssüf ki, istifadə edə bilmədik. Biz həm də göstərdik ki, müəyyən anlarda müdafiə olunmağı bacarmalısan. Bunu bacarmaqla yanaşı, hücumlar da qururduq. Amma üzərimizdə işləyəsi məqamlar da var.

 

- Bəzən komanda yoldaşlarınız arasında anlaşılmazlıq olurdu...

- Deməzdim ki, bir-birimizi başa düşməkdə çətinlik çəkirik. Əksinə, oyundan-oyuna “artırırıq”. Taktiki tapşırıqları baş məşqçi verir, biz də icra edirik.

 

- Pley-offda daha çətin rəqiblə qarşılaşacaqsınız. “Qəbələ”nin qrup mərhələsinə qədər irəliləməyə gücü çatacaqmı?

- Biz mübarizə aparmaq üçün alışıb-yanırıq. Rəqibdən asılı olmayaraq, mərhələ keçməyə çalışacağıq. Şansımız var. Futbolda mümkünsüz heç nə yoxdu. Amma pillə-pillə qalxmaq lazımdı. Gəlin qabağa qaçmayaq. İndi bu oyun haqda deyil, “Qarabağ”la çempionat matçı barədə düşünəcəyik.

 

- Heyətdə cəzalı futbolçular var. Cavid Hüseynovla Ürfan Abbasov pley-offda iştirak etməyəcəklər. Çətin olmayacaq?

- Növbəti mərhələnin ilk oyununda Cavidlə Ürfan oynamayacaq. Hər ikisi bizim üçün vacib futbolçulardı. Onları əvəzləyəcək oyunçular var. Əgər komanda güclüdüsə, hansısa oyunçudan asılı olmamalıdı.

Xəbər lenti