16 Oktyabr 11:03 Anar Bəkirov: Tezliklə qayıdacam - MÜSAHİBƏ
FUTBOL xəbərləri 16 Oktyabr 11:03
2754 baxış

Anar Bəkirov: Tezliklə qayıdacam - MÜSAHİBƏ

Fəaliyyətini dayandırmış “Simurq”un son prezidenti Anar Bəkirovun apasport.az saytına müsahibəsi

 

- “Simurq” dağıldıqdan sonra görünmürsüz. Haralardasız?

- Bəli, “Simurq”dan sonra bir qədər sakitliyə çəkildim. Bir müddət istirahət etmək fikrim var.

 

- Ümumiyyətlə, futbol sahəsindən uzaqlaşmısız?

- Hələlik, bəli. Bəzi işlərim var, onlarla məşğulam.

 

- “Hələlik” deyirsinizsə, deməli, futbola qayıtmağa hazırlaşırsız?

- Bəli, qayıtmaq istəyirəm. Ancaq qeyd etdiyim kimi, bir müddət dincəlmək və digər işlərimi yoluna qoymaqla məşğulam. İnşallah, tezliklə futbol sahəsinə dönərəm.

 

- “Simurq” səssiz-səmirsiz fəaliyyətini dayandırdı və sizin bu barədə bir açıqlamanız olmadı...

- Nə demək olar? Maliyyə cəhətdən problem yaşandı. Başqa yolumuz yox idi.

 

- Düşünmürsüz ki, “Simurq”un dağılması Azərbaycan futboluna zərbə oldu. Hər halda, həm komanda, həm də zaqatalalı azarkeşlər futbolumuza əlavə rəng qatırdılar...

- Əsas odu ki, Zaqatalada futbol birdəfəlik məhv olmadı. “Zaqatala” klubu hazırda I divizionda iştirak edir. Hamısı gənc futbolçulardı. İnanıram ki, yenidən təcrübə toplayıb Premyer Liqaya qayıdarlar.

 

- Ötən mövsümün sonunda “Simurq”dan ayrılan əksər əcnəbilər FİFA-ya şikayət etmək fikrinə düşmüşdülər. Onlarla sonradan danışığınız olmuşdu?

- Hamısı vəziyyəti öz gözləri ilə gördü. Sağ olsunlar, problemi bildikdən sonra belə bir fikrə düşmədilər. Hər halda, FİFA-dan bununla bağlı bizə bir məktub gəlmədi.

 

- Bir ara Beynəlxalq Bankdan külli miqdarda kredit götürməkdə təqsirləndirilirdiniz. Hətta istintaqa da çağırılmışdınız. Bu məsələ nə yerdə qaldı?

- Elə bir ciddi problem yaranmamışdı. Sadəcə, bir məsələ ilə bağlı ifadə verdim, vəssalam.

 

- Azərbaycan futbolu kənardan necə görünür?

- Bu mövsüm həm yığma komandamız, həm də klublarımız bizi sevindirdilər. Yığmamız son vaxtlar baxımlı çıxışı ilə seçilir. Düzdü, axır iki görüşdə məğlub oldu. Amma yaxşı oyun göstərdi.

 

- “Qarabağ”la “Qəbələ”nin Avropa Liqasında qrupa düşmələrini necə dəyərləndirirsiz?

- Buna çox sevindim. İki komandamızın qrupa qədər irəliləməsi futbolumuzun irəli getdiyindən xəbər verir. Üstəlik, həm “Qarabağ”, həm də “Qəbələ” qrupa təsadüfən düşmədiklərini göstərirlər. “Qarabağ”ın “Anderlext” kimi komandaya qalib gəlməsi fərəhləndirici haldı. “Qəbələ” səfərdə “Krasnodar”a məğlub olsa da, rəqiblə başabaş mübarizə apardı.

 

- Bəs “Simurq”suz Premyer Liqa necə keçir?

- Maraqlı oyunlar olur. Fikrimcə, bu mövsüm elə “Qarabağ”la “Qəbələ” arasında çempionluq mübarizəsi gedəcək. Mənim favoritim “Qarabağ”dı. Çünki daha təcrübəli heyətləri var və əksər futbolçular uzun müddətdi bir yerdə çıxış edirlər.

 

Ruslan SADIQOV

Xəbər lenti