17 Oktyabr 23:01 Antonio Quinta: Onlar tam haqlıdırlar  - MÜSAHİBƏ
FUTBOL xəbərləri 17 Oktyabr 23:01
8207 baxış

Antonio Quinta: Onlar tam haqlıdırlar - MÜSAHİBƏ

Topaz Premyer Liqasının VIII turunda “Qəbələ” ilə qarşılaşan “Neftçi” meydandan yenə məğlub ayrıldı - 0:1. Əslində, paytaxt təmsilçisinin ispaniyalı hücumçusu Antonio Quintanun ilk dəqiqələrdən hücum xəttində yer alacağı gözlənilsə də, baş məşqçi Samir Əliyev onu ikinci hissədə meydana buraxdı. Oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırın Antonio Quinta bu məsələyə də aydınlıq gətirib.

 

- Məğlubiyyət nədən qaynaqlanırdı?

- Sona qədər mübarizə apardıq. 3 xal qazanmağa çalışdıq. Əslində, şanslarımız da oldu. Amma matçın sonunda bəxtimiz gətirmədi. Məğlubiyyətin nədən qaynaqlandığını deyə bilmərəm. Amma keçirdiyimiz qarşılaşmalar arasında 2-3 oyun var ki, bəxtimiz gətirmir.  

 

- İlk dəqiqələrdən meydana çıxacağınız gözlənilirdi. Amma oyun fasilədən sonra qoşuldunuz. Ciddi səbəb var?

- Heç bir səbəb yoxdu. Heyətlə bağlı qərarı baş məşqçi verir. Əvəzetmədən oyuna qoşulmağıma çalışdırıcı qərar verdi. Oyuna hazır idim. Yüngül zədəm olsa da, oynamağıma mane olmadı. Əlbəttə, meydanda olduğum müddətdə istərdim ki, mən də komandama lazımi köməklik edim. Amma biz komandayıq. Kimin oynamağından asılı olmayaraq, formasını geyindiyimiz klubun uğur qazanmağını istəyirik.

 

- Oyundan sonra azarkeşlər komandanın uğursuz nəticəsinə sərt reaksiya verdi. Sizcə, onlar haqlı deyilmi?

- Onlar tamamilə haqlıdırlar. Çünki “Neftçi” hazırkı pillədə yer almağa layiq komanda deyil. Qələbə qazanmalıyıq. Azarkeşlərimizi anlayırıq.  

 

- “Neftçi” bu pillədə olmağa layiq deyil, amma fakt göz qabağındadı. Komandada nə baş verir?

- Bəzi hallarda bəxtimiz gətirmir. Elə oyunlar oldu ki, qələbə qazanmağa layiq idik, amma xallar itirdik. Buna görə də üst yox, aşağı sıralarda qərarlaşmışıq.

 

- 8 oyundan 9 xalı “Neftçi”yə yaraşdırırsınızmı?

- Yenə əvvəldə dediklərimi təkrarlayacağam. Ona görə bir söz demək istəmirəm. Amma biz də çalışırıq ki, situasiyanı xeyrimizə dəyişək.

Xəbər lenti