24 İyul 14:20 Ardıcıl üçüncü “5”
FUTBOL xəbərləri 24 İyul 14:20
900 baxış

Ardıcıl üçüncü “5”

Azərbaycan klublarının avrokubokların II təsnifat mərhələsindəki uğurları bir sıra rekordlara səbəb olub. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirlərin tarixində ilk dəfə 3 komandamız III təsnifat mərhələsinə yüksəlib.

 

“Qarabağ” Çempionlar Liqası, “İnter”lə “Qəbələ” Avropa Liqasında pley-offun bir addımlığına kimi irəliləyib. Bu isə mütləq rekorddu. İndiyədək ən yaxşı halda iki komandamız eyni vaxtda 3-cü tura yüksəlmişdi. 2009/10 mövsümündə “Qarabağ”la “Bakı”, 2014/15 mövsümündə isə “Qarabağ”la “Neftçi” bunu bacarmışdı. 6 il öncə bakılılar, ötən yay isə ağdamlılar Çempionlar Liqasında buna nail olnuşdu.

 

Bu rekordun gerçəkləşməsi üçün təmsilçilərimiz üst-üstə 5 mərhələ adlayıb. Yarışa II təsnifat mərhələsindən başlayan “Qarabağ” Monteneqro “Rudar”ını (0:0, 1:0) keçibsə, “İnter”lə “Qəbələ” hərəyə 2 raund adlayıb. Sonuncular Tiflis “Dinamo”su (1:2, 2:0) və Serbiya “Çukariçki”sini (0:1, 2:0) zərərsizləşdirib. “İnter” isə Albaniya “Laçi”sini (1:1, 0:0) və İslandiya “Hafnarfyordur”unu (2:1, 2:2) məğlub edib.

 

Eyni mövsümdə ümumilikdə 5 mərhələnin keçilməsi isə son illərin ənənəsinin davamıdı. Belə ki, 2013/14 və 2014/15 mövsümlərində də təmsilçilərimiz ümumilikdə 5 raundu uğurla keçmişdi. 3-cü dəfə göstərilən rekord rəqəmin yenilənməsi üçün təmsilçilərimizdən birinin mərhələ keçməsi lazımdı.

 

“İnter”lə “Qəbələ” klub rekordunu da yeniləyib. İndiyədək 5 mövsümdə mərhələ keçən bakılılar hər dəfə 1 rəqibə qalib gəlirdi. İlk dəfə 2-ci səddi də adlayan “bankirlər” tarixinin ən uğurlu nəticəsinə imza atıb. Cari mövsümədək mərhələ keçməyən “Qəbələ” isə ilk raundu keçdikdən sonra daha bir addım atmaqla rekord vurub.

 

Azərbaycan çempionu “Qarabağ” isə iki ölkə rekordunu yeniləyib. 7 müxtəlif mövsümdə mərhələ adlayan Ağdam klubu “Rudar”ı keçməklə “İnter”i arxada qoyub. Əyalət klubu ümumilikdə 14-cü mərhələni keçib. 6 fərqli mövsümdə mərhələ adlayan Qurban Qurbanov isə baş məşqçi kimi 13-cü dəfə tur keçib.

 

Xəbər lenti