28 Oktyabr 10:52 Arif Əsədov: "Neftçi" rəhbərliyi səbr edəcəkmi? Bu, müəmmalıdı - MÜSAHİBƏ
FUTBOL xəbərləri 28 Oktyabr 10:52
2700 baxış

Arif Əsədov: "Neftçi" rəhbərliyi səbr edəcəkmi? Bu, müəmmalıdı - MÜSAHİBƏ

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

 

- Ötən mövsüm çempionatda 4-cü yeri tutduğunuz və ölkə kubokunun finalında uduzduğunuz üçün istefaya göndərildiyiniz “Neftçi” hazırda 6-cı yerdə qərarlaşır. Sabiq komandanızın çıxışı barədə nə deyə bilərsiniz?

- Hər şey göz önündədi. İlk növbədə onu deyə bilərəm ki, orda qalmaq mənlik deyildi. Heç keçən mövsüm də orda vəziyyət yaxşı deyildi. Çox çətinliklər var idi. Son 3-4 ayda maaş verilmədi. Bu vəziyyətə görə, maksimum nəticəni qazandıq. Keçən il pul problemi var idi, amma indi deyəsən belə çətinlikləri yoxdu.

 

- Klub rəhbərliyi gəncləşdirmə siyasəti aparsa da, yenə əsas heyətdə 5-6 əcnəbi futbolçu çıxış edir. Bunun fonunda qeydə alınan nəticələr uğursuzluqdan xəbər vermir?

- Nə qədər gənc olsalar da, “Neftçi”də həmişə qələbə ruhu olmalıdı. Gənc olmur, kim olursa-olsun, “Neftçi” daim qələbə, uğurlu nəticə barədə düşünməlidi. Ora başqa fikirlə gəlsən, işin çətin olar. “Neftçi”nin formasını geyinən hər bir oyunçu bunun məsuliyyətini dərk etməlidi.

 

- Amma ötən mövsüm də heyət zəif deyildi...

- Ötən mövsüm ölkə kubokunun finalında “Qarabağ”a uduzduq. Təhlil edəndə görərik ki, bu, pis nəticə deyil. O vəziyyətdə komandanı Avropa Liqasına daşıdım. Rəhbər dəyişikliyi oldu, bir çox çətinliklərlə üzləşdik. Buna baxmayaraq, minimum vəzifəni yerinə yetirdik. Amma yenə də getməli oldum. Çünki hamı məndən ondan da uğurlu nəticə gözləyirdi: kuboku götürməliydim, çempion olmalıydım.

 

- Bu, mümkün deyildi?

- Bizim göstərdiyimiz nəticə o duruma görə, maksimum idi. Çox çətinliklər var idi. Həmin vaxt bir dəfə də demədim ki, maliyyə problemimiz var. Bir nəfər də transfer edilmədi. Heyətdə kimlər var idi, onlarla da yola davam etdik. Bununla belə, kənarda qalmadıq, Avropa Liqasına vəsiqə qazandıq. Ölkə kubokunun finalında isə “Qarabağ” kimi rəqibə məğlub olduq. Başqa komandaya uduzsaydıq, bunu uğursuzluq adlandırmaq olardı. Amma etiraf edək ki, “Qarabağ” bizdən güclü idi. Götürək “Neftçi”dən ondan əvvəlki gedişimi. 6 ildən sonra komandanı çempion elədim, Zaqreb “Dinamo”su kimi güclü rəqibə uduzduq, gedəsi oldum. Sözümün canı ondadı ki, “Neftçi”də vaxt almaq çox çətindi. Çünki azarkeşlər, rəhbərlik, hamı fikirləşir ki, hər mövsüm titul qazanmalısan.

 

- Amma hazırkı baş məşqçi Samir Əliyevə rəhbərlik vaxt verir. Hətta onun istefası da qəbul olunmadı...

- Bu, yaxşı haldı. Amma axıra kimi dözmək lazımdı. Azarkeş sona qədər buna tab gətirəcəkmi, rəhbərlik səbr edəcəkmi? Bax, bu müəmmalıdı.

 

- “Neftçi” rəhbərliyi yaxın 2-3 ildə ciddi nailiyyət gözləmir. Sizcə, azarkeşlər bu qədər səbr edərlərmi?

- 3 illik plan qurulsa belə, komanda yenə də yuxarı pillələrdə yer almalıdı. Komanda nəsil dəyişikliyi edə-edə hər mövsüm ilk “dördlüy”ə düşməlidi. Həm yerli, həm də əcnəbi futbolçularda bu müddət ərzində qalibiyyət ruhu itməməlidi. Bu itsə, sonra vəziyyət daha da çətin olacaq. Yadınızdadısa, yaxın keçmişdə “Neftçi”nin özünə gəlməsi üçün 6 il vaxt lazım oldu. Bu prosesin tez keçməsi üçün komanda turnir cədvəlinin yuxarı pillələrində olmalıdı.

 

- Bu, vaxt udmaq, özünü sığortalamaq deyil?

- Ümumiyyətlə, hər hansı bir komandanın formalaşması üçün 2-3 il vaxt keçməlidi. Nəyə görə istənilən baş məşqçi 3 il vaxt istəyir. Çünki ilk ilində komandanı tanıyır, sonra öz fəlsəfəsinə uyğun futbolçuları yığıb heyəti formalaşdırır, yekunda da nəticə verir. Amma “Neftçi”də elədi ki, gələn kimi, nəticə verməlisən.

 

- “Kəpəz” və “Zirə”nin də heyəti yayda yığıldı, heç formalaşmağa çox vaxt getmədi. Onların qısa müddətdə uğurlu çıxışını nə ilə bağlamaq olar?

- Gəlin razılaşaq ki, bu mövsüm çempionatın səviyyəsi aşağı düşüb. Bu, bəlkə də, ən asan çempionatdı. Bir az heyəti formalaşdır, maddi baxımdan stabillik olsun, rahat Avrliqaya düşə bilərsən. Çünki digər komandaların maliyyə cəhətdən problemləri var. Maddi durumları yaxşı olan futbolçular birdən-birə belə vəziyyətə düşəndə, onlarda istər-istəməz ruh düşkünlüyü yaranır. Hətta daim maddi cəhətdən stabil durumu olan “Neftçi”, “İnter” kimi komandalara da, bu təsir edir. Yeni gələn komandada isə ruh yüksəkliyi olur. Bir az da maddi durumun oldusa, istədiyin nəticəni qazana bilərsən.

 

- “Qarabağ”la “Qəbələ”nin çempionluq uğrunda mübarizə aparacaqları şübhəsizdi. Siz hansının şansını daha yüksək qiymətləndirirsiniz?

- “Qarabağ”ın. Ötən turda “Sumqayıt”a uduzmalarına baxmayaraq, fikrimcə, yenə çempionluğa əsas namizəddilər. Belə məğlubiyyət bəzən komandanın xeyrinə işləyir. Statistikaya baxmışam, “Qarabağ” neçə oyun idi məğlub olmurdu. Bəzən belə oyunlar komandanı ayıldır. Həm heyətinə, həm də oyun üslubuna görə, “Qarabağ”ı çempionluq yolunda daha şanslı sayıram.

 

Ruslan SADIQOV