29 Sentyabr 12:14 “Artıq bezmişik, haqqımızı nə vaxtadək yeyəcəklər?” – cəzalı məşqçi
FUTBOL xəbərləri 29 Sentyabr 12:14
6335 baxış

“Artıq bezmişik, haqqımızı nə vaxtadək yeyəcəklər?” – cəzalı məşqçi

“Həmin vaxt söyüş söyməmişdim. Amma əsəbiləşdiyim üçün ola bilər ki, ağzımdan kobud söz çıxa bilər”. Bunu apasport.az saytına “Sumqayıt” klubunun köməkçi məşqçisi Mübariz Orucov deyib.

 

Topaz Premyer Liqasının VI turunda AZAL-la (1:1) qarşılaşmadan sonra hakimlər briqadasını təhqir etdiyi üçün AFFA İntizam Komitəsi (İK) Orucova 5 oyunluq cəza verib, “Sumqayıt”ı 5000 manat məbləğində cərimələyib.

 

Orucovun fikrincə, İK ona daha yüngül cəza verməli idi: “Görüşdən sonra baş hakim Rəhim Həsənova dedim ki, artıq neçənci oyundu ki, gəlib burda belə edirsən. Fikrimcə, İntizam Komitəsinin qərarı daha yumşaq ola bilərdi. Hakimlərin səhvlərini də nəzərə almaq lazımdı. Mən tez-tez belə hallara yol verən adam deyiləm. 18 illik futbolçu karyeramda cəmi bir dəfə qırmızı vərəqə almışam. Elə haqsızlıq edirlər ki, mənim kimi sakit adam da özündən çıxır. Artıq bezmişik, haqqımızı nə vaxtadək yeyəcəklər? Düzü, cəza gözləyirdim, olmalı idi də. Həmin vaxt hakimə irad bildirməməli idim. Olan olmuşdu. Özümü ələ almalı idim. Ancaq biz də insanıq. Əsəblər tarıma çəkiləndə adam özünü də unudur. Hakimlərin son turlardakı səhvlərini də nəzərə alınmalıdı. Fikrimcə, 2 oyunluq cəza ilə kifayətlənə bilərdilər”.

 

“Sumqayıt” – AZAL görüşünün baş hakimi Rəhim Həsənov meydan sahiblərinə 6 sarı, 1 qırmızı vərəqə göstərmişdi. Mübariz Orucovun fikrincə, sarı vərəqələrin bəziləri haqsız yerə göstərilib: “Xüsusən də, Bəxtiyar Həsənalızadəyə heç nədən sarı vərəqə göstərildi. Həsənalızadənin yıxdığı futbolçu özü sonradan uşaqlara deyib ki, özüm yorulub yıxılmışam, Bəxtiyar mənə toxunmayıb. İki oyundan bir bizə qırmızı vərəqə göstərirlər. Bu mövsüm futbolçularımızın aldığı 3 qırmızı vərəqənin hər birini verməmək olardı”.

 

Ruslan SADIQOV

Xəbər lenti