30 İyul 15:33 Aslan Kərimov: Belə oynamağa dəyməz – MÜSAHİBƏ
FUTBOL xəbərləri 30 İyul 15:33
5218 baxış

Aslan Kərimov: Belə oynamağa dəyməz – MÜSAHİBƏ

Milli komandanın məşqçisi Aslan Kərimovun apasport.az saytına müsahibəsi

 

- “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündə səfərdə “Seltik”ə minimal hesabla (0:1) uduzdu. Bu hesabı gözləyirdiz, yoxsa fərqli nəticəyə ümid edirdiz?

- Oyunu izləyə bilməsəm də, bu gün matçın icmalına baxdım. “Seltik”in güclü rəqib olması şübhəsiz idi. Amma fikrimdə tutmuşdum ki, “Qarabağ” uduzsa da, heç olmasa 1:2 hesabı ilə məğlub olsun. Çünki səfərdə vurulan qol komandanın mərhələ adlamaq şansını artırır. Bu hesab hələ heç nə demək deyil. Bakıda bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmaq olar. Düzdü, “Qarabağ”ın işi bir az çətindi. Onsuz da, çətin idi. Çünki “Seltik”, həqiqətən də, güclü rəqibdi. Britaniya stilinə üstünlük verən, daha çox standart vəziyyətlərdən faydalanan komandadı. Amma “Qarabağ”ın heyəti “Seltik”i məğlub etməyə imkan verir.

 

- “Qarabağ”ın buraxdığı qol epizodunda İbrahim Şehiçin səhvi sizin üçün gözlənilməz olmadı?

- Nəinki Şehiç, hətta dünya səviyyəli qapıçı Manuel Noyerdən də bu cür səhvi gözləmək lazımdı. Düzdü, məsafə qapıya çox yaxın idi. Amma Şehiçin önündə “Qarabağ”ın müdafiəçisi ilə yanaşı, rəqibin də futbolçusu var idi və onun çıxmasına mane olurdu. Bəzən məşqçilər bunu bilərəkdən edirlər. Standart vəziyyətlərin üzərində işləyəndə qapıçının qabağına bir oyunçu qoyurlar ki, onun çıxış yolunu əngəlləsin və digər futbolçular daha rahat oynasınlar. Sözsüz, Şehiç çıxışda səhvə yol verdi. Amma bu cür hallara futbolda çox rast gəlirik. Odu ki, məğlubiyyəti Şehiçin üstünə atmaq lazım deyil.

 

- “Qarabağ” Bakıdakı matçın ilk dəqiqələrindən hücuma atılmalıdı, yoxsa səbrli davranıb, dəqiqələr keçdikcə təzyiqi artırmalıdı?

- Düşünmürəm ki, ilk dəqiqələrdən var qüvvə ilə hücuma atılacaqlar. Çünki “Qarabağ” Avrokubokda təcrübəsi olan komandadı. Bilir ki, “Seltik” kimi rəqiblər təhlükəlidilər. Onlarla oyunda ilk dəqiqələrdən mütləq qol vurmaq düşüncəsi ilə oynasalar, öz qapılarında qol görmək ehtimalı artacaq. Məncə, “Qarabağ” Qlazqodakı oyundan aqressiv futbol göstərəcək. Çünki doğma meydanda azarkeşlərimiz də təkan olacaqlar. Balanslı şəkildə oynamaq lazımdı. Əgər tamamilə hücuma atılsan, müdafiədə boşluqlar verəcəksən. Belə oynamağa dəyməz. Hesab edirəm ki, istənilən halda, “Qarabağ” 90 dəqiqə ərzində ən azı 2-3 qol imkanı yaradacaq. Buna əminəm. Sadəcə, həmin qol imkanlarından maksimum faydalanmaq lazımdı. Bir də standart vəziyyətlərdə diqqətli olmalıyıq. “Seltik” standart vəziyyətlərdə necə oynadığını ilk görüşdə bir daha sübut etdi. “Qarabağ” öz meydanında qol buraxsa, işini daha da çətinləşdirə bilər.

 

- İspaniyanın adlı-sanlı “Atletik” klubu ilə qarşılaşacaq “İnter”dən nə gözləyirsiz?

- (Gülür). “İnter”dən sadəcə olaraq, layiqli oyun gözləyirəm. Səviyyə fərqi yerlə göy qədərdi. “Atletik” İspaniyanın varlı, böyük mədəniyyəti olan klublarından biridi. Bu komandanın heyətində ancaq yerli futbolçular, yəni basklar oynayırlar. Buna baxmayaraq, onlar “Real”, “Barselona”, “Atletiko” və “Valensiya” kimi komandalarla rəqabət apara bilirlər. Mən “İnter”dən qələbə gözləyə bilmərəm. Amma futboldu, hər şey ola bilər. “İnter”in “Atletik” səddini keçməsi hamı kimi, mənim üçün də sensasiya sayılar.

 

- “Apollon”la üz-üzə gələcək “Qəbələ”nin necə, mərhələ adlamaq şansı varmı?

- “Qəbələ”nin də işi çətindi. Amma bu oyunda onların 40 faiz şansları var. Kipr futbolunda bir dönəm oldu ki, inkişaf etdilər. Lakin iqtisadi baxımdan böhranla üzləşdikdən sonra geriləmə müşahidə olundu. Kipr komandası yenə də güclü rəqibdi. Buna baxmayaraq, “Qəbələ”nin heyəti onlara qalib gəlməyə imkan verir. Bir məqamı da qeyd edim ki, “Qəbələ” oyundan-oyuna “artırır”. “Dinamo” və “Çukariçki” ilə görüşləri izləyəndə bunu görmək olurdu. Məncə, “Apollon”a qarşı daha yaxşı oyun sərgiləyəcəklər.

 

Tengiz MƏMMƏDOV

Xəbər lenti