2 Noyabr 13:26 "Avropa Liqasına vaxt öldürmək üçün qatılmamışıq" - Roys
FUTBOL xəbərləri 2 Noyabr 13:26
5285 baxış

"Avropa Liqasına vaxt öldürmək üçün qatılmamışıq" - Roys

“İlk hissə çox ağır keçdi, “Verder” bizə çətinlik yaratmağı bacardı. Fasilədən sonra isə oyuna nəzarət edən tərəf biz olduq. Hamı gördü ki, qələbəyə layiq idik”. Apasport.az saytının Almaniya mətbuatına istinadən xəbərinə görə, bu sözləri “Borussiya”nın futbolçusu Marko Roys deyib.

 

Bundesliqanın XI turunda səfərdə “Verder”ə qalib gələn (3:1) Dortmund klubunun 2 qolunu məhz Roys vurub.

 

Matçla bağlı fikirlərini bölüşən yarımmüdafiəçi söhbət əsnasında Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu həftə “Qəbələ” ilə keçirəcəkləri oyuna da toxunub: “Bavariya”nın Ayntraxtda xal itirməsi bizim üçün əsl hədiyyə oldu. Yaxşı ki, “Verder”ə qalib gəlib, onların xal itkisindən yararlana bildik. Aramızdakı xal fərqi elə də çox deyil. Komandamıza inanıram. Çalışırıq ki, bütün görüşlərdə öz oyunumuzu nümayiş etdirək. Artıq bu qələbəni unutmalıyıq. Çünki qarşıda bizi Avropa Liqasında “Qəbələ” ilə matç gözləyir. Rəqibin hansı nəticəyə ümid etməsindən asılı olmayaraq, həmin oyunda da qələbə qazanmalıyıq”.

 

“Qəbələ” ilə ev görüşündə qələbədən başqa nəticə düşünmədiklərini qeyd edən Roys Bundesliqada olduğu kimi, Avropa Liqasında da iddialarını sona qədər davam etdirəcəklərini vurğulayıb: “Biz Avropa Liqasına vaxt öldürmək üçün qatılmamışıq. Azərbaycanda olduğu kimi, öz meydanımızda da “Qəbələ”yə qalib gəlmək istəyirik. Başqa nəticə bizi qane edə bilməz. İndiki məqamda “Borussiya” üçün ən vacib qarşılaşma məhz budu. “Şalke” ilə çempionat görüşü haqda isə cümə günündən etibarən düşünməyə başlayacağıq”.

 

Qeyd edək ki, noyabrın 5-də “Siqnal İduna Park”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.

 

 

Xəbər lenti