23 İyul 13:26 Avropada 60-cı qələbə
FUTBOL xəbərləri 23 İyul 13:26
2954 baxış

Avropada 60-cı qələbə

Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun “Rudar” klubunu 1:0 hesabı ilə məğlub edən “Qarabağ” tarixi qələbəyə imza atıb. Apasport.az saytının məlumatına görə, səfərdə əldə olunan nəticə Azərbaycan klublarının avrokuboklarda yubiley – 60-cı qələbəsi olub.

 

Söhbət oyunun 120 dəqiqəsində qeydə alınan nəticələrdən gedir. Əlavə vaxt nəzərə alındığı halda, penaltilər seriyası nəticəni dəyişmir. Bu, UEFA reytinqinin hesablanma qaydalarına uyğun şəkildə aparılır.

 

1994-cü ildən qitə miqyaslı turnirlərdə çıxış edən təmsilçilərimizin ilk qələbəsi 1996-cı ilə təsadüf edib. 19 il əvvəl “Neftçi” Bolqarıstanın “Lokomotiv” (Sofiya) 2:1 hesabı ilə məğlub etmişdi.

 

60-cı qələbə 224-cü matçda qeydə alınıb. 21 ildə bu qədər oyun keçirib 60 qələbə qazanan klublarımız 55 heç-heçə edib və 109 dəfə uduzub.

 

Qələbələrimizdən 38-i Çempionlar Liqası, 13-ü Avropa Liqasında (əvvəlki UEFA kuboku) qeydə alınıb. Artıq mövcud olmayan İntertoto kubokunda 9 dəfə qalib gələn klublarımız Kuboklar kubokunda ilk üzünə həsrət qalıb.

 

Daha çox – 9 qələbəmiz 2014/15 mövsümündə qeydə alınıb. 2013/14 mövsümündə isə 8 dəfə qalib gəlmişik. Lakin 1994/95, 1995/96, 1997/98, 2001/02 mövsümləri qələbəsiz başa çatıb.

 

Klublar arasında ən çox qələbə “Qarabağ”ın hesabındadı – 21 dəfə. “Neftçi” 14, “İnter” 12 dəfə qələbə sevinci yaşayıb. “Bakı” 4, “Xəzər Lənkəran”la “Karvan” hərəyə 2 dəfə qalib gəlib. “MKT-Araz”, “Bakı fəhləsi”, “Şəmkir”, “Kəpəz” və “Qəbələ” isə 1 matçda qələbə qazanıb.

Xəbər lenti