22 İyun 14:56 Azərbaycan çempionu üçün “Sancaq”
FUTBOL xəbərləri 22 İyun 14:56
1034 baxış

Azərbaycan çempionu üçün “Sancaq”

Çempionlar Liqasının II təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq “Rudar” Monteneqronun ikiqat çempionudu. Apasport.az saytının məlumatına görə, bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatma nəticəsində təmsilçimizə 95 yaşlı qocaman klub rəqib olub.

 

Əsası 1920-ci ildə qoyulan Plyevija şəhərinin komandası Monteneqro çempionatının yarandığı vaxtdan yüksək liqada çıxış edir. “Rudar” 2006-cı ildə yaranan turnirdə ilk uğurunu çox gözləməyib. 2006/07 mövsümündə kuboka yiyələnən plyevijalılar 2009/10 və 2010/11 mövsümlərində də eyni titula yiyələnib.

 

Duşko və Darko Sariç qardaşlarının sahibi olduğu komanda 2009/10 mövsümündə çempionluğa da sahib olmaqla, “Qızıl dubl”a imza atıb. 2010/11 mövsümündə 3-cü, növbəti çempionatda 2-ci olan “Rudar” 2 illik mükafat həsrətinə ötən ay son qoyub. Belə ki, 2014/15 mövsümündə ikinci çempionluq əldə edilib.

 

Ev oyunlarını 10 min tamaşaçı tutumuna malik şəhər stadionunda keçirən komanda indiki adına 1955-ci ildə qovuşub. Əsası qoyularkən “Breznik” adını daşıyan plyevijalılar 3 il sonra “Sancaq” kimi çıxış etməyə başlayıb. II Dünya müharibəsindən sonra “Yedinstvo”, az sonra klub milli qəhrəman Vladimir Yakiçin şərəfinə “Yakiç” adlandırılıb.

 

Avrokuboklarda cəmi 12 oyun keçirən “Rudar”ın debütü 2007/08 mövsümünə təsadüf edib. Kipr “Omoniya”sına hər iki oyunda 0:2 hesabı ilə uduzan monteneqrolular mübarizəni dayandırıb. “Rudar” indiyədək yalnız iki dəfə I təsnifat mərhələsini adlamağı bacarıb. Komandanın hazırkı baş məşqçisi Mirko Mariçdi.

 

 

 

Xəbər lenti