27 Avqust 20:18 Azərbaycan klublarının avrokuboklarda 200-cü qolunu legioner  vurdu
FUTBOL xəbərləri 27 Avqust 20:18
1647 baxış

Azərbaycan klublarının avrokuboklarda 200-cü qolunu legioner vurdu

Azərbaycan klubları avrokuboklarda 200-cü qolu vurub. Apasport.az saytının məlumatına görə, tarixi qol Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Yanq Boyz” qarşılaşmasına təsadüf edib.

 

İlk oyunda (1:0) olduğu kimi İsveçrə klubunun qapısına yol tapan, bu dəfə penalti ilə hesabı açan Riçard Almeyda tarixi qolun müəllifi olub. Avrokuboklarda özünün hamısı “Qarabağ”da olmaqla 25-ci matçını keçirən cənubi amerikalı 3-cü dəfə fərqlənib.

 

Qitə miqyaslı turnirlərdə 1994-cü ildə debüt edən təmsilçilərimiz indiyədək keçirilən 234 qarşılaşmada 199 qol vurmuşdu. Davam etməkdə olan 235-ci matç 200-cü qolla əlamətdar olub. Ümumiyyətlə, bu oyunadək hesabında 63 qələbə, 60 heç-heçə və 111 məğlubiyyət olan komandalarımız 362 top buraxıb.

 

Vurulan 200 qoldan 136-sı Avropa Liqası (əvvəl UEFA kuboku), 44-ü Çempionlar Liqası, 19-u İntertoto kuboku, 1-i Kuboklar Kubokunda vurulub.

 

“Qarabağ” hamıdan çox – 56 qol vurubsa, “Neftçi” 50, “İnter” 33 qolla ilk “üçlük”də yer alıb. “Bakı” 16, “Xəzər Lənkəran”14, “Şəmkir”lə “Qəbələ” hərəyə 6, “Kəpəz” 5, “Karvan”, AZAL hərəsi 3, “Xəzri”, “Viləş” 2, “MKT-Araz”, “Bakı fəhləsi” hərəyə 1 dəfə fərqlənib.

 

Avrokuboklarda oynamış 17 komandamızdan üçü - “Simurq”, “Şəfa” və “Turan”ın hesabında isə qol yoxdu.

 

Qeyd edək ki, qitə miqyaslı turnirlərdə ilk qolumuz 1995-ci il avqustun 22-də vurulub. “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündəki (5:1) tarixi qola Yadigar Süleymanov imza atıb.

 

Təmsilçilərimizin iştirakı ilə keçirilən iki oyunun (“Kazino” – “Xəzər Universiteti” – 4:0 və “Bakı” – “Buduçnost” – 2:1) nəticələri ləğv edilib, meydan sahiblərinə texniki məğlubiyyət verildiyindən həmin görüşlər top fərqində nəzərə alınmır. Çünki ümumi top fərqində nə ləğv olunan qollar, nə də texniki məğlubiyyətlər (0:3) hesablanır.