8 Sentyabr 11:24 “Azərbaycan və Norveçlə görüşlərdə həqiqət üzə çıxdı” – Drajen Ladiç
FUTBOL xəbərləri 8 Sentyabr 11:24
6187 baxış

“Azərbaycan və Norveçlə görüşlərdə həqiqət üzə çıxdı” – Drajen Ladiç

“Xorvatiya yığmasının əvvəlcə Azərbaycanla heç-heçə etməsi, ardınca Norveçə uduzması məni təəccübləndirmədi. Artıq hər yerdə futbol inkişaf edir, insanlar ayılıblar. Bu vəziyyət 15 ildi belədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya yığmasının sabiq qapıçısı Drajen Ladiç deyib.

 

52 yaşlı mütəxəssis həmyerlilərinin Avro-2016-nın seçmə mərhələsi çərçivəsində son görüşlərini təhlil edib. DÇ-1998-də Xorvatiya yığmasının heyətində bürünc medal əldə etmiş sabiq qolkiper maraqlı fikirlər səsləndirib.

 

Millini tənqid edən Ladiç Azərbaycan və Norveçlə oyunların həqiqəti üzə çıxartdığını bildirib: “Bizimkilər bir az yaxşı nəticə qazanan kimi eyforiyaya qapılırlar. Qələbə qazananda hamı səni tərifləyir. Amma 2 oyun qalib gələ bilməyəndə tənqid hədəfinə çevrilirsən. Modriçin “Real”da, Rakitiçin isə “Barselona”da oynaması yaxşı haldı. Ancaq baxaq, görək, həmin klubların liderləri Modriç və ya Rakitiçdi? Bizdə elə təəssürat yaranıb ki, guya dünyanın ən yaxşı yığmasıyıq. Azərbaycan və Norveçlə görüşlərdə həqiqət üzə çıxdı. Xorvatiya futbolunun bəlası ondadı ki, biz səbrli, təmkinli deyilik. Birdən-birə şok inkişafa nail olmaq istəyirik. Halbuki səbr uğurun açarıdı”.

 

Ladiç qeyd edib ki, xorvatiyalı futbolçular klublarından yığmaya dincəlməyə gəlirlər: “Azərbaycan və Norveçlə ilk oyunlarda böyükhesablı qələbələr qazandıqdan sonra azarkeşlər bizi Fransadakı turnirdə qızıl medallara əsas namizəd hesab edirdilər. Heç kim görüşləri tənqidi cəhətdən təhlil etmirdi. Amma bu komandalarla ikinci oyunlarda 1 qol belə, vura bilmədik. Bizim futbolçular klublarından yığmaya dincəlməyə, dostları ilə görüşməyə gəlirlər. Etiraf edək ki, son 15 ildə vəziyyət belədi”.

 

Niko Kovaçın futbolçuları tənqid etməsinə toxunan Ladiç hər iki tərəfi qınayıb: “Açığı, Norveçlə matçdan sonra Kovaçın futbolçuları ictimaiyyət önündə tənqid etməsi məni təəccübləndirdi. Bu, düzgün hərəkət deyildi. Digər tərəfdən isə futbolçuların vəziyyəti də ürəkaçan deyil. Onlar özlərini istədikləri kimi apara biləcəklərini düşünürlər. İnanmıram ki, Modriç “Real”ın baş məşqçisini taktikaya görə tənqid edə bilsin. Məncə, bu, vəziyyəti izah edir”.  

 

Qeyd edək ki, Ladiç Xorvatiya yığmasının heyətində 59 oyun keçirib.

 

Xəbər lenti