14 Oktyabr 13:56 Azərbaycan yığması Bolqarıstanın tarixinə düşdü
FUTBOL xəbərləri 14 Oktyabr 13:56
680 baxış

Azərbaycan yığması Bolqarıstanın tarixinə düşdü

AVRO-2016-nın seçmə mərhələsində keçirilən Bolqarıstan - Azərbaycan (2:0) oyunu rəqib komandanın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, bolqarlar bu matçda iki tilsimi birdən qırıblar.

 

Məsələ burasındadı ki, Bolqarıstan millisi rəsmi qarşılaşmalarda sonuncu dəfə 2013-cü ildə öz meydançasında qələbə qazanmışdı. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də baş tutan görüşdə Malta Sofiyadan 0:6 hesablı məğlubiyyətlə ayrılmışdı. Ondan sonrakı dövrdə isə bolqarlar evdə Çexiya, Norveç və Xorvatiyaya 0:1 hesabı ilə uduzublarsa, Malta (1:1) və İtaliya (2:2) ilə sülh bağlamışdılar.

 

Bolqarıstan yığması Avropa çempionatlarında isə sonuncu dəfə AVRO-2008-in seçmə mərhələsində evdə qələbə üzü görmüşdü. Komanda AVRO-2016 ilə yanaşı, dörd il öncəki qitə birinciliyinin seçmə mərhələsində də öz meydançasındakı matçların heç birində qalib gələ bilməmişdi (Uels - 0:1, İngiltərə - 0:3, İsveçrə - 0:0, Monteneqro - 0:1).

 

Bolqarlar sonuncu dəfə Rumıniya (1:0) ilə AVRO-2008-in seçmə mərhələsinin son ev görüşündə 3 xala sevinmişdilər. Həmin qarşılaşma isə 2007-ci il noyabr ayının 17-nə təsadüf etmişdi.

 

Bu da o deməkdi ki, Bolqarıstan yığması Azərbaycanla qarşılaşmada 2 il 7 aylıq seçmə mərhələ tilsimini qırmaqla yanaşı, həm də 8 ildən sonra Avropa çempionatının seçmə mərhələsində öz meydançasında qələbə qazanıb.

Xəbər lenti