7 Sentyabr 09:05 “Azərbaycan yığmasına mütləq qalib gəlməliyik” – Corcio Kyellini
FUTBOL xəbərləri 7 Sentyabr 09:05
4215 baxış

“Azərbaycan yığmasına mütləq qalib gəlməliyik” – Corcio Kyellini

“Qələbə seriyasını davam etdirməliyik. Amma etiraf edək ki, komandada müəyyən problemlər var”. Apasport.az saytı xəbər verir ki, bu sözləri İtaliya yığmasının müdafiəçisi Corcio Kyellini danışıb.  

 

Avro-2016-nın seçmə mərhələsində yığmamız eyni qrupda yer alan “Skuadra Adzurra” Maltanın ardınca, dünən Bolqarıstan üzərində də 1:0 hesablı qələbə qazanıb.

 

Ölkəsinin mətbuatına açıqlamasında bu görüşləri və İtaliya yığmasının qrupdakı çıxışını dəyərləndirən Kyellini komandada çatışmazlıqların olduğunu bildirib: “Başa düşürdük ki, ardıcıl 2 oyunu öz meydanımızda keçirəcəyik və bundan istifadə etməliydik. Bolqarıstanla görüşdə daha yaxşı təsir bağışladıq. Məncə, baş məşqçimiz və azarkeşlər bizdən razı qaldılar. Ancaq oyun planında bəzi çatışmazlıqlar hiss olunur. Avropada futbolun necə inkişaf etdiyini hamı görür”.

 

Gələn ay Azərbaycanla keçiriləcək oyuna da toxunan Kyellini seçmə mərhələni qələbələrlə başa çatdırmaq istədiklərini qeyd edib: “Qələbə seriyasını oktyabrda da davam etdirməliyik. Bunu bacarsaq, seçmə mərhələyə major notlarla yekun vuracağıq. Gələn ay bizi öncə Azərbaycanla oyun gözləyir. Səfərdə bu komandaya mütləq qalib gəlməliyik. Təbii ki, Avropa çempionatının final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin etmək istərdik. Ancaq hədəfdən dönməmişik, yenə məqsədimiz eynidi. Bu cür əminliklə də irəli getmək lazımdı”.

 

Qeyd edək ki, Azərbaycan – İtaliya matçı oktyabrın 10-da baş tutacaq. “Skuadra Adzurra” seçmə mərhələdəki son görüşünü isə ayın 13-də öz meydanında Norveçə qarşı keçirəcək.  

Xəbər lenti