14 Oktyabr 10:00 “Azərbaycana məğlub olsaydıq, nələr olacaqdı...” – İvelin Popov
FUTBOL xəbərləri 14 Oktyabr 10:00
405 baxış

“Azərbaycana məğlub olsaydıq, nələr olacaqdı...” – İvelin Popov

“Bu uğuru qazanmaq çətin oldu. Azərbaycana məğlub olsaydıq, nələr olacaqdı, buna cavab verməkdə çətinlik çəkirəm”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan yığmasının kapitanı İvelin Popov deyib.

 

AVRO-2016-nın seçmə mərhələsində son matçını Azərbaycana qarşı keçirən bolqarlar evdə 2:0 hesablı qələbə əldə ediblər.

 

Qarşılaşmadan sonra yerli mətbuata danışan 28 yaşlı hücumçu vacib qələbə qazandıqlarını söyləyib: “Bundan öncəki son üç matçda da məğlub olmuşduq. Komandada psixoloji gərginlik var idi. Şadam ki, belə vəziyyətdə qələbə qazana bildik. Bu, özünəinamı geri qaytarmağımıza kömək etdi. Amma beş ev oyununun sadəcə birində qələbə qazanmaq çox zəif göstəricidi”.

 

Vasil Levski stadionundakı görüş, demək olar ki, boş tribunalar önündə keçirilib. Bu isə Bolqarıstan yığmasının tarixində antirekord idi. Popov millinin qarşılaşmalarının başqa şəhərlərdə keçirilməsini təklif edib: “Bu gün dəstək hiss etmirik. Futbol federasiyasından bir neçə insanla görüşdüm. Onların da münasibəti başqadı. Gələcəyə nikbin baxmaq lazımdı. Sizlərin dəstəyinə də ehtiyacımız var. Yığma komandamız Sofiya şəhərindən ibarət deyil. Əminəm ki, görüş Stara Zaqora və ya Loveçdə keçirilsəydi, tribunalar dolardı. Məncə, bolqar azarkeşlər yığma komandanı sevirlər. İnanıram ki, yenidən bizə güvənəcək və oyunlarımıza gələcəklər. O ki qaldı baş məşqçi dəyişikliyinə, bunun çıxış yolu olduğuna inanmıram”.

 

Qeyd edək ki, Bolqarıstan yığması H qrupunu 11 xalla 4-cü pillədə tamamlayıb. Azərbaycan millisi isə 6 xal toplaya bilib və seçmə mərhələni 5-cı sırada başa vurub.

Xəbər lenti