10 Oktyabr 17:00 “Azərbaycanın İtaliyadan xalla dönməsi, gecənin sensasiyası olacaq” - EKSKLÜZİV
FUTBOL xəbərləri 10 Oktyabr 17:00
2462 baxış

“Azərbaycanın İtaliyadan xalla dönməsi, gecənin sensasiyası olacaq” - EKSKLÜZİV

Xorvatiya yığmasının hücumçusu Andrey Kramariçin apasport.az saytına müsahibəsi

 

- 3 gün sonra AVRO-2016-nın seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaqsınız. Xorvatiyalı futbolçular bu matç haqqında nə düşünürlər?

- Başqasını deyə bilmərəm, amma şəxsən mənim fikrimcə, Azərbaycan millisi heç də zəif komanda deyil. Yaxşı futbolçulara malik heyəti var. Sizin komanda daha çox müdafiəyə diqqət edir. Amma biz erkən qol vurmağa çalışacağıq. Bu gün Bolqarıstana qarşı oynayacağıq. Bu görüşdən sonra bütün diqqətimizi Azərbaycanla oyuna yönəldəcəyik və qələbə haqqında düşünəcəyik. 4 gün ərzində keçirəcəyimiz hər iki oyunda qələbə qazanmaq özümüzdən asılıdı. Xorvatiya millisi həmişəki oyunu göstərə bilsə, 6 xal bizim olacaq.

 

- Azərbaycan millisi haqqında nə bilirsiniz?

- Geniş məlumata malik deyiləm. Sadəcə, hər iki komanda ilə oynayacağımız üçün Bolqarıstan – Azərbaycan matçını izlədim. Komandanızda 1-2 futbolçu yaxşı təsir bağışlayırdı. Xüsusilə qapıçınızı (Kamran Ağayevi nəzərdə tutur – red.) qeyd etmək istərdim.

 

- Azərbaycan çempionatında xorvatiyalı futbolçular oynayır. Onları tanıyırsınız?

- Matiya Şpiçiçi tanıyıram. Deyəsən, “İnter” klubunda forma geyinir. O, həm yaxşı futbolçu, həm də yaxşı insandı.

 

- Azərbaycan millisi bu gün İtaliya ilə üz-üzə gələcək. Sizcə, komandamız bu oyundan xal qazana bilər?

- Şanslar çox azdı. İtaliya millisinin gücü bütün dünyaya bəllidi. Amma futbolda bəzən sürpriz nəticələr qeydə alınır. Əlbəttə ki, Azərbaycanın İtaliyadan xalla dönməsi, gecənin sensasiyası olacaq.  

 

- Bu gün Xorvatiya millisi Bolqarıstanla üz-üzə gəlir. Hər iki komanda ilk turda qələbə qazanıb. Bu gün kim daha güclü olacaq?

- Bilirsiz, biz səfərdə oynayırıq. Sofiyada möhtəşəm ab-hava olacağını düşünürəm. Milli komanda səviyyəsində səfərdə oynamaq çox çətin olur. Çünki meydan sahiblərinin azarkeşləri stadionda möhtəşəm atmosfer yaradırlar. Amma heyət baxımından biz daha güclüyük. Oyunda diktə edən tərəf ola bilərik. Avropanın nəhəng klublarında oynayan Luka Modriç, Mario Mandjukiç, İvan Rakitiç, Dario Srna kimi futbolçularımız var.

 

- Azərbaycan millisi ilə evdə oynayacaqsınız və üstəlik, dediyiniz kimi, heyətiniz çox güclüdü. Demək olar ki, siz qələbə qazanacaqsınız?

- Əvvəlcədən nəsə deməyək. Təbii ki, baxanda biz daha güclü komandayıq. Heyətimiz bunu deyir. Həm də dünya çempionatında iştirak etmiş komandayıq. İnanıram ki, Bolqarıstan və Azərbaycanla oyunlardan 6 xalla ayrılacağıq. Hər kəs də bizdən bunu gözləyir.

 

- İtaliya və Xorvatiya qrupun favoritləri sayılır...

- Hər kəs belə düşünür və bu, reallıqdı. Sadəcə, futbolda yüz faiz nəsə demək olmaz. Heç bir komandanı siyahıdan silmirik.

 

- Norveç və Bolqarıstanın şansları varmı?

- Təbii ki, var. Bütün komandaların şansı var.

 

- Qrupun ilk oyununda Maltaya qol vurmusunuz. Qarşıdakı 2 oyunda bunu davam etdirəcəksiniz?

- Hər iki oyunda qol vurmaq istəyirəm. Əgər baş məşqçimiz Niko Kovaç şans versə, qollar vurmağa çalışacam.

 

Elsevər MƏMMƏDOV

Xəbər lenti