26 Avqust 23:04 “Bakıya növbəti mərhələyə keçmək üçün gəlmişik” – İsveçrə futbolunun əfsanəsi
FUTBOL xəbərləri 26 Avqust 23:04
3345 baxış

“Bakıya növbəti mərhələyə keçmək üçün gəlmişik” – İsveçrə futbolunun əfsanəsi

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında Bakıda “Qarabağ”la qarşılaşacaq İsveçrənin “Yanq Boyz” klubunun nümayəndə heyəti dünən matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionu ilə tanış olublar. Apasport.az saytının məlumatına görə, qonaqlar stadiona və qazona baxış keçirdikdən sonra arenanın mətbuat salonu və soyunub-geyinmə otağına da baş çəkiblər.

 

Klub rəsmilərinin arasında “Yanq Boyz”un skaut komandasının üzvü, İsveçrə futbolunun əfsanəsi Stefan Şapyuiza da var idi. Stadiona ümumi baxışdan sonra veteran futbolçu ilə qısa da olsa söhbət eləmək imkanımız oldu.

 

Kənardan müşahidə elədiyimiz qədər qonaqlar qazonun vəziyyətindən o qədər də məmnun kimi görünmürdülər. Ancaq Dortmund “Borussiya”sının keçmiş hücumçusu saytımıza açıqlamasında vəziyyətin o qədər də faciəvi olmadığını bildirdi:

 

“Qazonun vəziyyəti ideal deyil, ancaq oynamaq olar. Düzdü, ot örtüyü bir xeyli zəifdi, lakin şərtlər hər iki komanda üçün də eynidi. İndiki vəziyyətdə heç bir şey bizim üçün bəhanə ola bilməz”.

 

Şapyuiza bugünkü oyun haqqında, komandasının şansları haqqında da fikirlərini bölüşüb:

 

“Qarabağ”ın bizim meydanımızda minimal hesablı qələbə qazanması hələ heç nə demək deyil. Biz hər şeyin bitdiyini qəbul edib arxayınlaşsaq, daha böyük uğursuzluqlar yaşaya bilərik. Öz meydanımızdakı məğlubiyyətə baxmayaraq şansları hələ də yarıbayarı hesab edirəm. Yaxşı nəticə qazanmaq üçün qarşıda hələ bir oyun var. Çətin olacaq, ancaq biz bunu bacaracaq gücdəyik. Bakıya növbəti mərhələyə keçmək üçün gəlmişik”.

Xəbər lenti