25 Avqust 15:24 “Bakıya qol vurmaq üçün gedirəm” - “Yanq Boyz”un hücumçusu
FUTBOL xəbərləri 25 Avqust 15:24
4869 baxış

“Bakıya qol vurmaq üçün gedirəm” - “Yanq Boyz”un hücumçusu

“Avropa Liqasının qrup mərhələsinə düşmək şansımız hələ də var”. Apasport.az saytının məlumatına görə, bunu “Yanq Boyz”un hücumçusu Miralem Süleymani deyib.

 

Serbiya millisinin üzvü UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab görüşünü dəyərləndirib.

 

27 yaşlı futbolçu İsveçrə mətbuatına açıqlamasında Bakıya yüksək əhval-ruhiyyədə gələcəklərini deyib: “Evdə məğlub olacağımız heç ağlımızdan da keçmirdi. Düzdü, mövsümə o qədər də uğurlu start götürməmişik. “Qarabağ”a məğlubiyyət isə əhvalımızı tamam korlamışdı. Lakin çempionatda “Sion” üzərində qələbə qazanaraq, uğursuzluğa son qoyduq. Artıq komandada özünəinam geri qayıdıb. “Qarabağ”la cavab oyununa nikbin çıxacağıq. Düzdü, rəqib çox güclü komandadı. Onlar son illər, demək olar ki, eyni heyətlə çıxış edirlər və zəngin təcrübə toplayıblar. Amma bizim komandada da yüksək səviyyəli futbolçular cəmləşib”.

 

Süleymani Bakıda qol vurmaq istədiyini də əlavə edib: “Qarabağ” Berndə qələbə qazanıbsa, o demək deyil ki, artıq şansımız qalmayıb. Biz niyə səfərdə qalib gəlməyək? Cəmi bir top fərqi ilə geridəyik, bunu da aradan qaldırmaq olar. Bakıda hücum futbolu göstərməliyik. Mən də əlimdən gələni edəcəm ki, qol və ya qollarımla qələbəyə töhvə verim. Bir hücumçu kimi işim qol vurmaqdı və ora bunun üçün gedirəm”.

 

Qeyd edək ki, “Qarabağ” – “Yanq Boyz” oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Berndə baş tutan ilk matçda təmsilçimiz 1:0 hesablı qələbə qazanmışdı.

Xəbər lenti