6 Oktyabr 12:44 "Belə cəzadansa, bizi güllələsəydilər, daha yaxşı olardı" - Georgi Nikolov
FUTBOL xəbərləri 6 Oktyabr 12:44
11828 baxış

"Belə cəzadansa, bizi güllələsəydilər, daha yaxşı olardı" - Georgi Nikolov

“İntizam Komitəsi komandamızı 14 min manat cərimələyib? Bunu sizdən eşitdim və çox pis oldum. Ürəyim ağrımağa başladı”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

 

AFFA-nın İntizam Komitəsi (İK) ölkə çempionatının VII turunda “Qarabağ”la oyunda baş vermiş neqativ hallara görə “İnter”i ümumilikdə 14 min manat məbləğində cərimələyib.

 

Bununla bağlı danışan Nikolov açıq şəkildə narazılığını bildirib: “Qarabağ”la oyundan sonra cərimələnəcəyimizi gözləyirdim. Amma cərimənin 14 min manat məbləğində olacağı ağlıma belə, gəlməzdi. Çox ağır qərardı. Belə cəzadansa, bizi güllələsəydilər, daha yaxşı olardı. Onsuz da, klubumuz çətin günlərini yaşayır. Belə bir məqamda İntizam Komitəsi də bu cür cəza ilə bizi lap öldürür. 14 min manat az məbləğdi? Kim o qədər pulundan keçib?”.

 

“Bankirlər”in prezidenti apellyasiya şikayəti edəcəklərini vurğulayıb: “Təbii ki, cəza ilə razılaşmırıq. Axı niyə də razılaşmalıyıq? Məgər “Qarabağ”la oyunda adam ölüb? Bəs onda bu cür ağır cəzanı nəyə əsasən kəsirlər? Apellyasiya şikayəti edəcəyik. Düzdü, bunun bizə bir xeyrinin dəyəcəyinə inanmıram. Amma yenə də şikayətimizi edəcəyik. Bilirsiz, bu, həyatın qanunudu. Şir ağrıyanda hamı onu yemək istəyir”.

 

İntizam Komitəsinin qərarına əsasən, bakılıların qapıçısı Georgi Lomaya hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb. Eyni cəzaya onun komanda yoldaşı Zurab Xizanişvili də məruz qalıb.

 

Bununla bağlı da fikirlərini bölüşən Nikolov həmin cəzalarla da razılaşmadığını qeyd edib: “Həm Lomaya, həm də Xizanişviliyə ağır cəza kəsilib. İkisi də komandamızın təcrübəli oyunçularıdı. Onların yoxluğu bizim üçün böyük itkidi. Bununla bağlı da apellyasiya şikayəti edib, onların cəzalarının yüngülləşdirilməsinə çalışacağıq. “İnter” bu cür münasibətə layiq deyil”.

 

Tengiz MƏMMƏDOV

 

Xəbər lenti