31 Avqust 11:20 “Bəzi şəxslər kiminsə adına ləkə gətirmək istəyirlər” - MÜSAHİBƏ
FUTBOL xəbərləri 31 Avqust 11:20
6470 baxış

“Bəzi şəxslər kiminsə adına ləkə gətirmək istəyirlər” - MÜSAHİBƏ

AFFA İcraiyyə Komitəsinin üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun apasport.az saytına müsahibəsi

 

- Azərbaycan futbolunun tarixində ilk dəfə iki komandamız Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Təmsilçilərimizin çıxışını necə qiymətləndirirsiz?

- Bu gün Azərbaycan idmanı müəyyən inkişaf dövrünü keçir. Ölkəmizdə yüksək səviyyədə təşkil olunmuş Avropa Oyunları keçirildi. İdmançılarımız böyük uğur əldə edərək ikinci yeri tutdular. Bu nəticələr bir daha Azərbaycanın idman ölkəsi olmasını sübut etdi. İdmançılarımızın son uğurlarından biri də futbol komandalarımızın növbəti mərhələyə vəsiqə qazanmalarıdı. Bu uğur hər birimizi sevindirir. Həm “Qarabağ”ın, həm də “Qəbələ”nin nümayiş etdirdiyi futbol hər bir futbolsevərin rəğbətini qazanır. Əldə olunan uğurlu nəticələr təmsilçilərimizin reytinq cədvəlinə də müsbət mənada öz təsirini göstərir. Hər iki komandanın son oyunlarını izləmişəm. Artıq hər bir rəqib komandalarımızla hesablaşır. Təmsilçilərimizin oyunu beynəlxalq miqyasda oynanılan futbolla ayaqlaşır. Bu mənada, “Qarabağ”ın oyununu xüsusi qeyd etmək istəyirəm. Məzmunlu oyun nümayiş etdirərək, İsveçrə klubu “Yanq Boyz” üzərində 3:0 hesablı inamlı qələbə qazandı. Bu da komandanın yüksək səviyyədə hazırlıq keçməsindən xəbər verir. “Qəbələ”nin nəticəsinə gəlincə, səmimi etiraf etsək, heç kim onlardan bu cür nəticə gözləmirdi. Əzmkarlıq nümayiş etdirən təmsilçimiz yekunda lazım olan nəticəni qazanmağı bacardı. Uzun illərdi Azərbaycan futbolunun inkişafı istiqamətində atılan addımlar istər maddi, istərsə də mənəvi dəstək bu gün komandalarımızın əldə etdiyi nəticələrdə özünü büruzə verir.

 

- Artıq təmsilçilərimizin qrup mərhələsində mübarizə aparacağı rəqibləri məlumdu. Hər iki komandamızın qrupunu və şanslarını necə dəyərləndirirsiz?

- Ötən il olduğu kimi, bu il də “Qarabağ” güclü komandaların yer aldığı qrupa düşüb. Təmsilçimiz “Tottenhem”, “Monako” və “Anderlext” kimi güclü klublarla mübarizə aparmalı olacaq. Ancaq “Qarabağ” nümayiş etdirdiyi futbol və əldə etdiyi nəticələrlə adından söz etdirməyi bacarıb. Qrupda yer alan komandalardan heç də geri qalmadığını düşünürəm. Həm klub rəhbərliyi, həm də məşqçilər korpusu üzərlərinə düşən məsuliyyəti dərk edir. Ötən mövsüm olduğu kimi, bu il də ölkəmizi layiqincə təmsil edəcəklərini düşünürəm. Hesab edirəm ki, “Qarabağ”ın qrupu ilə müqayisədə, “Qəbələ”nin qrupu daha münasibdi. Heyəti bir qədər gücləndirməklə “Borussiya”, PAOK və “Krasnodar”ın yer aldığı qrupda uğurlu nəticə əldə edib, növbəti mərhələyə çıxmaq olar. 

 

- Sentyabrın 3-də millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Xorvatiya yığmasıyla üz-üzə gələcək...

- Xorvatiya ilə səfərdə baş tutan oyunu şəxsən izləmişəm. Hesab edirəm ki, Bakıdakı görüş tam fərqli keçəcək. Həm məşqçi dəyişikliyi olub, həm də oyunçu. Yığmamız bu oyunun hazırlığına başlayıb. Futbolçularımız matçın məsuliyyətini dərk edirlər.  Ümid edirəm ki, sentyabrın 3-də baş tutacaq görüşün nəticəsindən asılı olmayaraq, milli komandamız məzmunlu oyun nümayiş etdirəcək.

 

- Bu gün futbol ictimaiyyətini narahat edən əsas məsələlərdən biri də Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yararsız hala düşməsidi. Gənclər və İdman Nazirliyinin balansında olan arenanın bu vəziyyətə düşməsinin səbəbi nədi?

- Bu məsələ bir qrup şəxs tərəfindən süni şəkildə yaradılmış ajiotajdı. Bəzi şəxslər incə məqamları üzə çıxarmaqla kiminsə adına ləkə gətirmək istəyirlər. Bildiyiniz kimi, ötən il arenanın ot örtüyü dəyişdirildi. Hər şey yüksək səviyyədə idi. Respublika stadionunun ot örtüyünün saxlanılması üçün ayrılan vəsait bizə imkan verirdi ki, burada daim ən yüksək yarışların keçirilməsinə nail olaq. Lakin nə baş verdi? Mətbuat orqanlarının narahatlığını başa düşürük. Qazonun yararsız vəziyyətə düşməsinin səbəbini araşdırmadan süni ajiotaj yaradılır. Kimdənsə eşitdikləri və ya öz şəxsi mövqeləri ilə rəhbər şəxslərin adına ləkə yaxırlar. Ot örtüyünə nəzarət edən “Football Sports Management” şirkətiylə yüksək səviyyəli əməkdaşlıq təşkil olunmuşdu. Bildiyiniz kimi, bu il ölkəmizdə Avropa Oyunları keçirildi. Fevralın əvvəlindən iyunun 28-dək arena Avropa Oyunları üçün istifadə edildi. Burada oxatma idman növü keçirildi. Hətta ondan əvvəl   atletika yarışları üçün istifadə olundu. Həm oxatma, həm atletika yarışları məhz həmin qazonun üstündə təşkil olundu. Ona görə də həmin ərəfədə ot örtüyünə aqrotexniki qulluq olunmadı.

 

- Mütəxəssislər ot örtüyünün bu vəziyyətə düşməsinin digər səbəbi kimi bu yay havaların çox isti keçməsini göstərirlər...

- İnsanlar deyirlər ki, nəyə görə Dubayda 50 dərəcə istidə ot örtüyünü yaxşı saxlayırlar? Qazonun bir neçə növü var. Qış üçün ayrı, yay üçün ayrı. Bizim ötən il döşədiyimiz qazon isə həm qış, həm də yay üçün nəzərdə tutulmuşdu. Dubayda qış olmadığı üçün onlar yay üçün nəzərdə tutulmuş qazondan istifadə edirlər. Respublika stadionunun otu yayda 35-40 dərəcə istiyə, qışda isə 5-10 dərəcə soyuğa davamlı idi. Bəli, düz buyururlar, bu yay çox isti keçdi. Kölgədə 50-52 dərəcə isti müşahidə edildi. Həmin istilərə günün altında qalan ot örtüyü dözə bilmədi. Nə qədər çalışsaq da, ot örtüyünün bərpası üçün yetərli vaxtımız olmadı. Nəticədə bəzi hissələr sıradan çıxdı.

 

- Ot örtüyünün dəyişdirilməsi istiqamətində işlərə başlanılıbmı?

- Qeyd edim ki, ot örtüyünə nəzarət edən “Football Sporst Management” şirkəti ilə müqavilə başa çatıb. Ona görə bu işdə həmin şirkəti günahlandırmaq düzgün deyil. Onlar müqavilənin qüvvədə olduğu müddətdə üzərlərinə düşən öhdəlikləri yerinə yetirdilər. Bundan sonra qazona həmin şirkətin ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə onlarla birlikdə işləyən yerli mütəxəssislər həyata keçirəcəklər. Ölkə rəhbərliyinin göstərişi ilə bu məsələ Gənclər və İdman naziri cənab Azad Rəhimovun diqqətindədi. Bu barədə lazımi işlər görüləcək. “Qarabağ”ın keçirəcəyi ilk ev oyununadək ya qazon dəyişdiriləcək, ya da hazırkı ot örtüyü hazır vəziyyətə gətiriləcək. Təmsilçimizin 3 ev oyunu üçün qazon ən yüksək səviyyədə hazır olacaq.

 

- Yenidən analoji hadisənin baş verməməsi üçün bundan sonra nə kimi işlər görüləcək?

- Aydındı ki, bir ot örtüyündən daimi istifadə etmək mümkün deyil. Müəyyən dövrlər var ki, həmin qazonun istifadə müddəti başa çatır. Hətta süni meydançaların da istifadə müddəti başa çatanda dəyişdirilməsi prosesi həyata keçirilir. Təbii otun saxlanılması, həqiqətən, böyük problemdi. Buna görə də, ona ehtiyac duyulan müddətdə lazımi aqrotexniki qulluq edilməlidi. Təbii ki, bunu mütəxəssislər daha yaxşı bilər.