16 Oktyabr 11:07 Bloxin, Taffarel, Puyol, van Persi və bir  azərbaycanlı
FUTBOL xəbərləri 16 Oktyabr 11:07
3302 baxış

Bloxin, Taffarel, Puyol, van Persi və bir azərbaycanlı

2016-cı il Avropa çempionatının seçmə mərhələsi başa çatdıqdan sonra milli komandaların heyətində 100 və daha çox oyun keçirən futbolçuların siyahısı yenilənib. Apasport.az saytının məlumatına görə, cədvəldə 338 oyunçu yer alıb.

 

Siyahıya Misir futbolunun əfsanəsi Əhməd Həssən başçılıq edir. Onun hesabında millidə keçirilən 184 qarşılaşma var. Səudiyyə Ərəbistanı millisindən tanınan Məhəmməd Əl-Deayea 178 oyunla 2-ci yerədi. 177 dəfə milli forma geyinən meksikalı Klaudio Suares də ilk “üçlük”də yer alıb.

 

Avropada rekordçu isə latviyalı Vitali Astafyevdi. Latviya yığmasının sabiq üzvü 165 oyunla ümumi siyahıda 6-cı pillədədi. Karyerasını davam etdirənlər arasında ən yaxşı göstərici ispaniyalı İker Kasilyasa məxsusdu. 164 matçda yığmanın şərəfini qoruyan qapıçı cədvəldə 7-cidi.

 

Azərbaycan futbolunun siyahıdakı yeganə təmsilçisi Rəşad Sadıqovdu. İtaliya ilə oktyabrın 10-dakı görüşdə “100”ü fərh edən müdafiəçi Bolqarıstanla səfər oyununda 101-ə çatıb.

 

Millimizin kapitanı bu göstərici ilə 295-314-cü yerləri bölüşən 20 futbolçu arasındadı. Onun şərikləri arasında ukraynalı Oleq Bloxin, almaniyalı Tomas Hessler, braziliyalı Taffarel, hollandiyalı Filip Koku, nigeriyalı Vinsent Enyeama, karyerasını davam etdirənlərdən Daniele de Rossi və Robin van Persi kimi ulduzlar da var. İspaniya millisində 100 matça çıxan Karles Puyol və Sesk Fabreqas kimi bir sıra digər məşhurlar isə Sadıqovla şəriklərindən geri qalır.

 

Xəbər lenti