14 Oktyabr 15:39 Bolqarıstan – Azərbaycan: Kim necə oynadı?
FUTBOL xəbərləri 14 Oktyabr 15:39
6579 baxış

Bolqarıstan – Azərbaycan: Kim necə oynadı?

Avro-2016-nın seçmə mərhələsində evdə İtaliyaya uduzduqdan sonra Sofiyaya yollanan millimiz Bolqarıstana qalib gəlmək arzusunda idi. Amma bu, sadəcə arzu olaraq qaldı. Seçmə mərhələnin son görüşündə məğlub olan komandamız Robert Prosineçkinin rəhbərliyi altında ən pis oyununu keçirdi. Bunu matçdan sonra keçirilən mətbuat konfransında xorvatiyalı məşqçinin özü də təsdiqlədi.

 

Apasport.az saytı dünənki matçın iştirakçıları olan yığma üzvlərimizin çıxışını dəyərləndirib.

 

Kamran Ağayev – Millimizin “1 nömrəsi” dünən o qədər də iş başında olmadı. Düzdü, Ağayev Sofiyada qapısından 2 top buraxdı. Ancaq bolqarların vurduğu qollarda Kamranın yox, müdafiə xəttinin səhvi var idi. Təsadüfi deyil ki, hər iki qol “ikinci mərtəbədən” vuruldu. Kamran bəzi epizodlarda oyuna yaxşı qoşulsa da, ötürmələrdəki səhvləri də diqqətdən yayınmadı.

 

Rəşad Sadıqov – Yığma karyerasını bitirməsi gündəmdə olan, ancaq hələ yekun qərarını verməyən Sadıqovun dünən oyunu yaxşı keçirdiyini deyə bilmərik. Düzdü, 1 epizodda özünü rəqib futbolçunun zərbəsinə sipər edərək, qolun qarşısını kəsdi. Ancaq buraxdığımız ikinci qolda kapitanın açıq-aşkar səhvi var idi. Rangelov cinah ötürməsindən sonra hava mübarizəsində məhz Rəşadı üstələyərək, topu qapımızdan keçirdi.

 

Ruslan Abışov – Prosineçkinin gəlişindən sonra yalnız Serbiya ilə matçda “11-lik”də meydana çıxan Abışov ikinci dəfə əsas heyətdə yer almışdı. Uzun müddətdi millinin əsas heyətindən kənarda qaldığı üçün həyəcanlı olduğu hiss olunurdu. Bunun nəticəsi idi ki, Ruslan ilk hissədə öz oyununu tam olaraq göstərə bilmədi, ötürmələrdə bəzən səhvlərə yol verirdi. Ancaq fasilədən sonra Ruslanın oyunu pis alınmadı. Müdafiənin mərkəzində Rəşad Sadıqovla tandem təşkil edən Abışov rəqibin bir neçə hücumunun qarşısını kəsdi, bundan əlavə uzun ötürmələri ilə hücumların qurulmasına da yardım etməyə çalışdı. Bir epizodda isə cərimə zərbəsindən baxımlı qol vurmasına rəqib qapıçı mane oldu.

 

Maksim Medvedev – Arif Daşdəmirovu əsas heyətdən kənarda saxlayan Prosineçki həmin mövqedə Maksim Medvedevə şans vermişdi. “Qarabağ”ın sağ cinah müdafiəçisi əks cinahda olduqca uğursuz çıxışla yadda qaldı. Təsadüfi deyil ki, müdafiənin cinahlarını “iflic edən” bolqarlar daha çox Maksimə əziyyət verdilər. Ev sahiblərinin Medvedevin yer aldığı cinahdan qurduğu hücumların, demək olar ki, hamısı təhlükəli alınırdı. Həm bunu, həm də zədələnməsini nəzərə alan Prosineçki onu ikinci hissənin gedişində əvəzlədi.

 

Məhəmməd Mirzəbəyov – Maksim Medvedevi sol cinaha çəkən Prosineçki müdafiənin sağ cinahında Mirzəbəyova şans vermişdi. Onun da yaxşı oyun sərgilədiyini deyə bilmərik. Düzdü, Maksimlə müqayisədə Məhəmməd nisbətən inamlı görünürdü. Ancaq önündə yer alan Əfran İsmayılovla anlaşması aşağı səviyyədə idi. Bundan əlavə, Mirzəbəyov da bolqarların hücumlarının qarşısını kəsməkdə çox vaxt çətinlik çəkirdi.

 

Qara Qarayev – Oyundan bir gün öncə ad gününü qeyd edən Qarayev nə qədər çalışsa da, hücumların qurulmasında əlahiddə bir şey edə bilmədi. İkinci hissədə, daha dəqiq desək, ikinci qolu buraxdıqdan sonra aqressiv oyun nümayiş etdirməyə başladı. Rəqib futbolçularla tez-tez mübahisələrə girişməsi ilə yadda qalan Qara çox keçmədi ki, sarı vərəqə ilə cəzalandırıldı. Elə bu səbəbdən də Prosineçki “Qarabağ”ın gənc futbolçusunu əvəzləmək məcburiyyətində qaldı. 

 

Rahid Əmirquliyev – Rahidin ümumi ansambldan böyük ölçüdə fərqləndiyini deyə bilmərik. Amma yenə də Əmirquliyev millinin bir çox üzvündən yaxşı, ən azı istəkli oyun nümayiş etdirdi. İlk hissədə uzaq məsafədən zərbəsində azacıq dəqiqlik çatışmadı. Halbuki Əmirquliyev həmin epizodda əlverişli mövqeyə açılmış Ruslan Qurbanova ötürmə versəydi, hücum daha kəsərli alınardı.

 

Dmitri Nazarov – Yığmamızın ən texnikalı futbolçu hesab edilən Nazarov da dünən meydanda gözə çarpmırdı. Deyə bilərsiz ki, oyun ərzində qapıya 1-2 dəfə zərbə endirdi. Ancaq həmin epizodlarda Nazarov rəqibin qapıçısını ən yaxşı halda, həyəcanlandıra bildi. Bəzi epizodlarda texnikasını nümayiş etdirsə də, bu, hücumların kəsərli olması üçün bəs etmirdi.

 

Əfran İsmayılov – Əvvəlki oyunlarda millinin hücumları daha çox sağ cinahdan qurulduğundan, yenə ümidlər Əfran İsmayılova idi. Ancaq “22 nömrə” bu dəfə imkanlarından qat-qat aşağı oyun sərgilədi. Məhəmməd Mirzəbəyovla bir neçə epizodda bir-birlərini düzgün başa düşmədilər. Oyunun gedişində tez-tez sol cinaha keçən Əfran burda da bir şey edə bilmədi.

 

Elnur Cəfərov – Yığmada debüt edən Elnur Cəfərova ümid bəsləyənlər az deyildi. Amma gənc futbolçu etimadı doğrulda bilmədi. Təbii ki, millidə ilk oyununa çıxması, üstəlik yaşının az olması başadüşülən idi. Elnur dünən yalnız fəallığı ilə yadda qaldı, bundan artığını edə bilmədi. Topu yerli-yersiz özündə saxlayan Cəfərov komanda yoldaşlarına ötürmə verməkdə gecikirdi. Əgər texniki imkanlarından daha məntiqli istifadə etsə, qarşıdakı oyunlarda millimizə fayda verə bilər.

 

Ruslan Qurbanov – Hücumun sivri ucunda yer alan Ruslan Qurbanov yenə onu tənqid edənlərə oyunu ilə cavab verə bilmədi. Əvvəlki görüşlərlə müqayisədə bu dəfə daha fəal olması, irəlidə pressinq tətbiq etməyə çalışması da heç nəyi dəyişmədi. Bir epizodda rəqib müdafiəçilərin diqqətindən yayınıb, boş mövqeyə açılsa da, Rahid Əmirquliyevdən ötürmə görmədi.

 

Arif Daşdəmirov – İtaliya ilə görüşdə səhvlər buraxdığından, Prosineçki onu bu dəfə ehtiyatda saxlamışdı. Ancaq ikinci hissənin gedişində xorvatiyalı çalışdırıcı səhv etdiyini anladı. Deyə bilərsiz ki, Maksim Medvedev meydandan zədələndiyi üçün çıxarıldı. Ancaq Prosineçkinin əvəzləmə etməsində Maksimin sol cinahda heç nə ilə yadda qalmaması da rol oynadı. Daşdəmirov meydana daxil olduqdan sonra bolqarlar həmin cinahdan az hücum etməyə başladılar.

 

Tuğrul Erat – Almaniyanın “Fortuna” klubunda çıxış edən Erat meydana daxil olanda komandamızın irəlidə nəsə edəcəyi gözlənilirdi. Lakin o da heç nə ilə yadda qalmadı. Ləngliyi ilə diqqət çəkən Tuğrulun komandaya heç bir faydası dəymədi.

 

Eddi İsrafilov – İspaniya çempionatında çıxış edən İsrafilov bu gedişlə Azərbaycan yığmasında potensialını aça bilməyəcək. Fakt odu ki, meydana çıxdığı heç bir görüşdə özünü göstərməyi bacarmır. Eddi arada qapıların yerini səhv salır, əsas vəzifəsinin oyun qurmaq, irəliyə ötürmə vermək olduğunu unudub, mərkəz müdafiəçilərimizi topla “təmin edir”. Əgər bütün bacarığı bundan ibarətdisə, uzaq İspaniyadan oyunçu çağırmağın nə mənası var?

 

 

Tengiz MƏMMƏDOV

 

 

Xəbər lenti