12 Oktyabr 12:16 “Bolqarıstan yığması İtaliya və ya Xorvatiya deyil” – Arif Daşdəmirov
FUTBOL xəbərləri 12 Oktyabr 12:16
2654 baxış

“Bolqarıstan yığması İtaliya və ya Xorvatiya deyil” – Arif Daşdəmirov

Azərbaycan yığmasının müdafiəçisi Arif Daşdəmirovun apasport.az saytına müsahibəsi

 

- Başlayaq İtaliya ilə oyundan. Yığmamız 4 qat dünya çempionu ilə matçda necə təsir bağışladı?

- Məlum məsələdi ki, rəqibimiz çox güclü, yaxşı təşkil olunmuş komanda idi. Buna baxmayaraq, biz də pis təsir bağışlamadıq. Ancaq ustalıq səviyyəsində rəqibə uduzduq. İlk hissə bizim üçün pis keçmədi, İtaliya ilə başabaş oynaya bildik. Fasilədən sonra isə onlar bizi üstələdilər.

 

- Bunun səbəbini nədə görürsüz? Yığmamız fiziki cəhətdən “çatdırmadı”, yoxsa başqa səbəb var idi?

- Ustalıq səviyyəsi başqadı da. İtalyanlar fərdi cəhətdən çox güclü futbolçulardı. Onlar hansı klublarda oynayırlar, biz hansı klublarda? Ustalıq səviyyələri yüksək olmaqdan əlavə, həm də ağıllı futbol sərgiləyirlər, təcrübələri də qat-qat çoxdu. Əslində ilk hissənin sonlarına kimi hər şey bizim üçün yaxşı gedirdi. Ancaq fasiləyə az qalmış buraxdığımız qol işimizi çətinləşdirdi. Belə demək mümkündüsə, paltardəyişmə otağında qol buraxdıq. Əgər fasiləyə bərabərliklə yollansaydıq, oyunu yaxşı nəticə ilə bitirmək olardı.

 

- İtaliya yığmasının vurduğu qollarda komandamızın müdafiə xəttinin kobud səhvləri oldu. Yəqin ki, bununla razılaşarsız...

- Təbii ki, İtaliya yığmasının hücumçuları çox güclüdü və onlar ağıllı şəkildə hücumlar qururdular. Biz də kompakt oyun sərgiləməklə, əlimizdən gələni etdik. Görünür, bəzi epizodlarda konsentrasiyanı itirdik, bir qədər ləng davrandıq. Nəticədə o cür xoşagəlməz qollar buraxdıq. Biz meydana yaxşı oyun göstərməyə və xal qazanmağa çıxmışdıq. Amma alınmadı. Yenə deyirəm ki, ikinci qolu buraxana qədər yaxşı oynadıq. Hücumlar qururduq, fəal idik.

 

- Sabah yığmamızı Bolqarıstanla səfər görüşü gözləyir. Bakıda bu komandaya uduzmuşduq. Necə düşünürsüz, Sofiyada revanş alıb, seçmə mərhələni major notlarla bitirə biləcəyikmi?

- Meydana qələbə üçün çıxacağıq. Məncə, buna gücümüz çatar. Seçmə mərhələnin sonuncu oyunudu. Əgər Bolqarıstana qalib gəlsək, qrupu 4-cü pillədə başa çatdıracağıq. Bundan əlavə, xallarımızın sayı 9 olacaq. Berti Foqtsun vaxtında Azərbaycan yığması məhz bu qədər xal toplayaraq, rekord nəticəyə imza atmışdı. Nəzərə almaq lazımdı ki, seçmə mərhələnin əvvəlində biz harda idik, xalımız yox idi. Prosineçkinin gəlişindən sonra isə komanda 6 xal toplayıb və bunu yaxşı nəticə sayıram. Bolqarlarla oynamaq olar və biz bunu dərk edirik. Bolqarıstan yığması İtaliya və ya Xorvatiya deyil. Düzdü, yorğunluq var. İtaliya kimi komandaya qarşı çox güc sərf etdik. Bundan 2 gün sonra Bolqarıstanla qarşılaşmalıyıq, özü də səfərdə. Ancaq bunu bəhanə gətirməməliyik. Əgər İtaliya ilə görüşün ilk hissəsindəki kimi oynaya bilsək, Bolqarıstandan yaxşı nəticə ilə qayıdacağıq.

 

- Yığmadan fərqli, “Qəbələ”də müdafiənin sağ cinahında çıxış edirsiz. Bu, millidəki işinizi çətinləşdirmir? Roman Qriqorçukla bu barədə söhbətiniz olubmu?

- Qriqorçuk özü də bilir ki, mən millidə, bundan əvvəl “İnter”də də müdafiənin sol cinahında yer almışam. Sadəcə, sol cinahda “Qəbələ”nin Rikardinyo kimi futbolçusu var. Onun işlək ayağı məhz sol ayağıdı. Məndə isə işlək ayaq sağ ayaqdı, buna görə də bu cinahda da oynamağı bacarıram. “Qəbələ”də sağ cinahda oynamağım məhz Rikardinyonun varlığı ilə əlaqədardı. “Xəzər Lənkəran”la çempionat görüşündə ilk hissəni sağ, ikinci 45 dəqiqəni isə sol cinahda keçirdim. Qriqorçuk mənə hər iki cinahda şans verir. Artıq öyrəşmişəm, problem yoxdu. Hər məşqçinin futbola öz baxışı var. Əslində bu mənim üçün üstünlükdü. Hər iki cinahda oynaya bildiyimdən, lazım gələndə solda və sağda yer alıram.

 

- Seçmə mərhələ bitmək üzrədi. Robert Prosineçkinin Azərbaycan yığmasındakı işini necə qiymətləndirirsiz?

- Çox yaxşı. Onun gəlişindən sonra komanda tamamilə dəyişdi. Bunu hamı deyir ki, Prosineçki Azərbaycan yığmasına özünəinamı qaytardı. İndi daha çox hücum edirik və 4 müdafiəçi ilə oynayırıq. Halbuki Berti Foqtsun vaxtında komanda 5, 6 müdafiəçi ilə çıxış edirdi. Əgər Xorvatiya və İtaliya kimi komandalarla matçda hücum futbolu göstəririksə, deməli, Prosineçki yaxşı məşqçidi. Onunla birgə işləməkdən məmnunam.

 

Tengiz MƏMMƏDOV / Sofiya 

Xəbər lenti