28 Avqust 11:13 “Borussiya” və “Atletik”lə qarşılaşmaq...” – Arif Daşdəmirov
FUTBOL xəbərləri 28 Avqust 11:13
4687 baxış

“Borussiya” və “Atletik”lə qarşılaşmaq...” – Arif Daşdəmirov

“Qəbələ”nin müdafiəçisi Arif Daşdəmirovun apasport.az saytına müsahibəsi

 

- Yunanıstanda “Panatinaikos”la 2:2 hesablı heç-heçə edərək, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandız. Tarixi zəfərlə bağlı nə deyə bilərsiz?

- Ağır oyun oldu. Buna baxmayaraq, yaxşı oyun göstərdik. Sona qədər mübarizə apardıq və istəyimizə çatdıq. Avroliqanın qrup mərhələsində oynayacağımız üçün xoşbəxtəm. Hamımız sevinirik, bu zəfəri bayram edirik. Azərbaycan futbolsevərlərini təbrik edirəm. “Panatinaikos” kimi komandanı mübarizədən kənarlaşdırmaq asan deyil. Amma biz bunu bacardıq.

 

- Qrup mərhələsinə adlayacağınıza oyundan öncə inanırdızmı?

- Futbol elə bir oyundu ki, qələbə qazandıqca özünəinamın artır. Biz də mərhələlər keçdikcə özümüzə daha çox inanmağa başladıq. Əvvəlcə “Dinamo”nu, sonra “Çukariçki”ni, daha sonra isə “Apollon”u mübarizədən kənarlaşdırdıq. Bu qələbələr bizdə həm motivasiyanı artırdı, həm də inamı. Bilirdik ki, “Panatinaikos” güclü, adlı-sanlı komandadı. Demək olar ki, hər il Çempionlar Liqasının və ya Avroliqanın qrup mərhələsində çıxış edir. Bakıda keçirilən ilk görüşdə qolsuz bərabərliyə qaldıq və gördük ki, “Panatinakos”a da qarşı oynamaq olar. Cavab oyununa erkən qolla başlamağımız bizdə özünəinamı bir qədər də artırdı. Sonrakı dəqiqələrdə daha həvəsli oynadıq. Əlimizə düşən imkanlardan maksimum yararlanmağımız işimizi asanlaşdırdı.

 

- Yunan azarkeşlər çılğınlıqları ilə seçilirlər. O cür atmosferdə meydana çıxanda hansı hissləri keçirdiz?

- Rəqib azarkeşlər aqressiv idilər. Bunu da başa düşmək olar. Komanda güclü olanda, yüksək hədəflər uğrunda mübarizə aparanda azarkeşləri də çılğın olur. Düzü, belə ab-hava ilə qarşılaşanda oynamaq, özümüzü göstərmək istəyimiz bir qədər də artdı. Bu cür azarkeşləri görəndə yüksək səviyyəli oyuna çıxdığını anlayırsan. Belə məqamlarda qorxmaq lazım deyil, əksinə həmin azarkeşlərə özünü göstərmək üçün oynamalısan. Əgər həmin atmosferdə özünü itirsən, qorxsan, oyunun da alınmayacaq. Çox istərdim ki, o cür çılğın azarkeşlər Azərbaycanda da olsunlar. Düzdü, bizdə də azarkeşlər gəlib, dəstək olurlar. Ancaq daha çox millinin oyunlarında, bir də klubların Avrokubok matçlarında bunu görmək mümkündü. İstərdim ki, ölkə çempionatında da komandalarımızı dəstəkləsinlər. Azarkeş nə qədər çox olsa, futbolumuzun səviyyəsi və reytinqi bir o qədər artar. Özünüz də gördünüz ki, Azərbaycanın 2 komandası Avroliqanın qrup mərhələsinə adladı. Bu, futbolumuz üçün tarixi uğurdu. Artıq həm “Qarabağ”ı, həm də bizi qrup oyunları gözləyir. Azarkeşlər həmin matçlarda da stadiona gəlib, dəstək olmalıdılar.

 

- Matçın startında rəqib futbolçunun zərbəsi dirəyə tuş gəldi. Razısız ki, həmin epizod oyunun taleyini həll etdi?

- Razıyam, həmin epizodda bəxtimiz gətirdi. Onlar daha çox hücum qurdular, aramsız cinah ötürmələrdən istifadə edirdilər. Üzərimizdə böyük təzyiq var idi. Ancaq biz bütün bunlara dözməyi bacardıq və layiqli nəticə ilə fasiləyə yollandıq. İkinci hissəni də eyni qaydada keçirdik.

 

- Bu gün qrup mərhələsinin püşkatması keçiriləcək. “Qəbələ”nin qrupunda hansı komandaları görmək istərdiniz?

- Bizim istəyimizdən asılı deyil. Bəxtimizə kim çıxacaqsa, onunla da oynayacağıq. İkincisi, qrup mərhələsinə vəsiqə qazanan komandaların hamısı güclüdü. Məncə, istənilən rəqibə qarşı oynamaq, hətta növbəti mərhələyə də keçmək olar. Düzdü, potensial rəqiblərin siyahısında daha güclüləri də var. Dortmund “Borussiya”sı, “Atletik”i misal göstərmək olar. Əslində, bu cür komandalarla qarşılaşmaq daha stimulvericidi. Amma gücümüzə görə rəqiblərlə düşsək, yaxşı olar. Biz qrupda qalmaq yox, qrupdan çıxmaq barədə düşünürük. Niyə də olmasın? Şans varsa, bundan istifadə etməliyik. Əgər desək ki, qrupa düşməklə tapşırığın öhdəsindən gəlmişik, bizim üçün yaxşı olmaz. Dayanmamalıyıq.  Hamıya sübut etməliyik ki, qrupa təsadüfən düşməmişik. Potensial rəqiblərimizin tam siyahısını bilmirəm. Amma “Rubin”lə eyni qrupa düşmək istərdim. 

 

Xəbər lenti