21 Fevral 10:19 Cavid Hüseynov: Özüm də başa düşürəm ki... - MÜSAHİBƏ
FUTBOL xəbərləri 21 Fevral 10:19
4226 baxış

Cavid Hüseynov: Özüm də başa düşürəm ki... - MÜSAHİBƏ

"Qəbələ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

 

- "Qəbələ"yə böyük ümidlərlə gətirilən Roman Qriqorçukun rəhbərliyi altında ilk ev qələbənizi "Xəzər Lənkəran" üzərində qazandız. Komandanın hazırkı durumunu necə dəyərləndirərdiz?

- Ardıcıl məğlubiyyətlərdən sonra "Xəzər Lənkəran"a qalib gəlmək istəyirdik. Komandamızın pis vəziyyətə düşməsinə görə hamı üzülür. Həm klub rəhbərliyi, həm məşqçilər, həm də azarkeşlər çıxışımızdan narazı idi. Düzdü, elə matçlar oldu ki, rəqibi oyun mənasında üstələdik. "Neftçi" ilə görüşü misal çəkə bilərəm. İlk hissədə onlardan üstün oynayıb, hesabı açan tərəf biz olmuşduq. Sonra Viktor Mendinin epizodunda penalti istəməsi, hakimin isə fərqli qərar verməsi oyuna təsirini göstərdi. Razıyam, orda 11 metrlik cərimə zərbəsi yox idi. Mendi penalti istəmək əvəzinə qapıya zərbə vursaydı, hesab 2:0 ola bilərdi. Bundan sonra isə matçın hansı məcrada keçəcəyini heç kim deyə bilməzdi. Bütün bunları analiz etdikdən sonra "Xəzər Lənkəran"la görüşün də ağır olacağını bilirdik. Amma nəyin bahasına olursa-olsun, qələbə qazanmaq istəyirdik. İlk qolu rəqib vursa da, toparlana bildik. Özü də hesab açılana qədər bizim bir neçə qol imkanımız oldu. Sadəcə, rəqib qapıçının inamlı oyunumu, yoxsa topun qapını tapmadığınımı deyək, hər 3 epizodda qolu vura bilmədik. "Xəzər Lənkəran"ı qollardan qapıçısı xilas etdi. Onlar hesabı açandan sonra işimiz daha da çətinləşdi. Ancaq şükür Allaha ki, özümüzə gəldik və qələbə qazana bildik.

 

- Sizcə, "Xəzər Lənkəran" üzərindəki qələbə "Qəbələ"nin "qara zolaq"dan çıxması üçün yetərli olacaqmı?

- İnşallah, yetərli olar. Düzdü, bu qələbədən sonra millinin düşərgəsinə gəldik. Ancaq mənə elə gəlir ki, bu amil bizə problem yaratmaz. Odu ki, "Xəzər Lənkəran" üzərindəki qələbənin "uğursuzluq zolağı"ndan çıxacağımıza yetərli olacağını düşünürəm.

 

- Son vaxtlar adınız xoşagəlməz hallarda çəkildi. Əvvəlcə "Bakı" ilə oyunda rəqib komandanın azarkeşləri ilə problem yaşadız. Daha sonra isə komanda yoldaşınız Mixail Sivakovla meydanda mübahisə etdiniz. Bu kimi hallar "Qəbələ"dəki nüfuzunuzu, azarkeşlərlə münasibətinizi korlamayıb? Maraqlıdı, həmin olaylardan sonra klub rəhbərliyi sizinlə söhbət edibmi?

- Sivakovla aramızdakı məsələ yüngül problem idi. Oyun vaxtı belə hallar baş verə bilər. Bu hallar azarkeşlərlə münasibətimi korlamayıb. Elə şey ola bilməz. Rəhbərlik də məni tanıyır və necə insan olduğumu bilir. O barədə heç bir söhbətimiz olmayıb. Özüm də başa düşürəm ki, bu cür hallar yolverilməzdi, peşəkar idmançıya yaraşmır. Amma nə edə bilərəm? Belə hallar həyatımızda baş verir, bunsuz keçinmək olmur. Heç vaxt istəməmişəm ki, adım bu cür xoşagəlməz hadisələrdə hallansın. Lakin istəmədən də bəzən başına gəlir.

 

- "Qəbələ" avrokuboklara vəsiqə qazanmaq tapşırığının öhdəsindən gələ biləcəkmi?

- Hədəfimiz budu, inşallah öhdəsindən gələrik. Amma indidən konkret nəsə deyə bilmərəm, çünki qarşıda çox oyun var. Lakin buna inanıram.

 

- Robert Prosineçkinin rəhbərliyi altında millinin ilk toplanışına siz də qatılmısız. Bu dəvəti gözləyirdizmi?

- Gözləyirdim. İnanırdım ki, məni milliyə çağıracaq. Bu, Prosineçkinin millimizdəki ilk toplanışıdı. Antalya hazırlığını onun üçün komandanı tanımaq xarakteri daşıyır.

 

- Fevralın 24-də Ukraynanın "Şaxtyor" klubu ilə yoxlama oyunu keçirəcəksiz...

- Toplanış müddətində yoxlama oyununun keçirilməsi vacibdi. Rəqibin fərqi yoxdu. Əsas odu ki, özümüzü yaxşı tərəfdən göstərək. Qarşıdan Malta ilə rəsmi oyun gəlir. Həmin matçdan mütləq qələbə ilə ayrılmaq lazımdı. Çünki seçmə mərhələdə xal üzünə həsrət qalmışıq. Buna görə də Malta ilə oyunda bizi yalnız qələbə qane edəcək. Başqa yolumuz yoxdu. 

 

Tengiz MƏMMƏDOV / Antalya