29 Oktyabr 00:01 Cavid İmamverdiyev: Tək mənimlə iş bitmir - MÜSAHİBƏ
FUTBOL xəbərləri 29 Oktyabr 00:01
4220 baxış

Cavid İmamverdiyev: Tək mənimlə iş bitmir - MÜSAHİBƏ

Topaz Premyer Liqasının X turunda “İnter”lə qarşılaşan və qələbəni matçın başa çatmasına 4 dəqiqə qalmış əldən verən, bununla da qələbəsiz oyunlar seriyasını 6-ya yüksəldən “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb.

 

- Qələbəni niyə qoruya bilmədiniz?

-  Bu cür nəticələrə görə futbolçular çox pis olurlar. Çünki neçənci dəfədi son dəqiqələrdə qapımızdan top buraxırıq. Ya məğlub oluruq, ya da qələbəni əldən veririk. Səhvlərimizi aradan qaldırmaq istiqamətində çalışmalıyıq. Baş məşqçimiz, eləcə də digər məşqçilərimiz hazırlıq prosesi zamanı yeni nəsə öyrətməyə çalışırlar. Biz də çalışırıq ki, “qara zolaq”dan çıxaq.

 

- Ardıcıl iki oyundur “Neftçi”nin heyətində oynamaq şansı qazanırsınız. Meydanda özünüzü necə hiss edirsiniz?

- Formamı bərpa etməyə çalışıram. Buna görə həm də əvəzedici komandada meydana çıxıram. İstəyirəm komandama kömək eləyim. Neçə ildi bu komandadayam, burda böyümüşəm. Təbii ki, komandamı “qara zolaqdan” çıxarmaq istəyirəm. Amma tək mənimlə iş bitmir. Vacib olan bir qələbə qazanmaqdı. Bunu bacarsaq, qarşımızda dayanan olmayacaq. Bu cür gözəl oyundan sonra qələbəni əldən vermək... Bəlkə də qismət belə imiş. Öümüz də şokdayıq ki, gözəl oyun nümayiş etdirən komanda qapısından top buraxır.

 

- “Neftçi”nin oyunu kənardan heç də yaxşı görünmürdü...

- Elə deməzdim. 75 dəqiqə biz üstün oynadıq. Müdafiədəki bir səhv nəticəyə təsir etdi.

 

- Komandada nəyi dəyişdirmək lazımdı ki, “Neftçi” əvvəlki şöhrətini özünə qaytarsın? 10 oyundan 2-də qələbə qazanmaq “Neftçi”yə yaraşan nəticə deyil.

-  Bunu deyə bilmərəm. Məşqçilərimiz daha yaxşı bilər. Samir Əliyev futbolçuların üzərində çox əziyyət çəkir. Bu cür uğursuz nəticə ona da pis təsir edir. Həm gözəl insan, həm də yaxşı məşqçidi. Onun və komandamızın yeri 7-ci pillə deyil.

 

- Amma nəticəni futbolçular qazanır.

- Razıyam, nəticəni futbolçular qazanır, amma uğur olanda bu hamının adına çıxır.

 

- Neçə ildi bu komandadasınız? “Neftçi”ni 7-ci pillədə görmüşdünüzmü?

- İlk dəfədi belə halla qarşılaşıram. “Neftçi”ni bu pillədə görməmişəm. Çalışmalıyıq ki, sonuncu yerlərdən uzaqlaşaq. Çünki “Neftçi”nin yeri ilk “3-lük”dü.

Xəbər lenti