3 Sentyabr 16:56 Çingiz Abdullayev: Final matçına 1 çemodan pulla getmişdik - MÜSAHİBƏ
FUTBOL xəbərləri 3 Sentyabr 16:56
6160 baxış

Çingiz Abdullayev: Final matçına 1 çemodan pulla getmişdik - MÜSAHİBƏ

“Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin apasport.az saytına müsahibəsi

 

- “Neftçi”dən istefa vermək istədiyiniz barədə məlumatlar yayılıb. Bu, nə dərəcədə doğrudu?

- Bildiyiniz kimi, bu yaxınlarda ölkə xaricində idim. Mən orda olanda bəzi media orqanlarında yazılıb ki, Çingiz Abdullayev futboldan küsüb, gəlmir. Hətta istefa verdiyimi yazanlar da olub. Zarafatca demişəm ki, həqiqətən də istefa ərizəmi yazmışam və orda da tarix kimi, 1 dekabr 2037-ci ili göstərmişəm. Həmin vaxt “Neftçi”nin 100 illiyi olacaq. Onda mənim 78 yaşım olacaq. AFFA rəhbərliyində hamı məndən cavandı. Onların həmin vaxt da yaşayacaqlarına şübhə etmirəm. Əlbəttə ki, sponsorumuz olan SOCAR həmin vaxta qədər Müşahidə Şurasını ləğv edə də bilər, dəyişə də. Amma mənə qalsa, 2037-ci ilə qədər bu vəzifədə qalacam (gülür). Sonrasına həmin vaxt baxarıq. 27 ildi Yazıçılar İttifaqının katibiyəm, 6 xalq yazıçısından biriyəm, Penklubun rəhbəriyəm. Bəzi yazılar mənə pis təsir etdi. Elə əxlaqsız məqalələr yazılır ki, adama toxunur. Dünən oxuyuram, kiminsə həyat yoldaşından yazıblar, şəklini də çap ediblər. Heç bir azərbaycanlı kişisi bunu qəbul edə bilməz. Azərbaycanda heç vaxt ailəyə toxunmaq olmaz. Pisi pisləyin, amma ailəsi ilə işiniz olmasın. Əxlaqsız yazılara görə bundan sonra məhkəməyə müraciət edəcəyik. Başqasının ailəsinə söz atmaq qəti olmaz. Azərbaycanda belə əxlaqsız şeylər olmayıb. Bəlkə də, bunu deməməliyəm. Amma bu gün dünyada ən tanınmış azərbaycanlı yazıçı mənəm. Bunu yazanlar təkcə məni yox, “Neftçi”ni və Azərbaycanı biabır edirlər. Sabah həmin Penkluba gedəndə mənə güləcəklər ki, Bakıda sənin haqqında gör necə yazılar dərc olur. Bunlar sifarişli yazılardı. Yalandan yazırlar ki, “Neftçi”nin qalibiyyəti yoxdu. Bəs “Sumqayıt” üzərində qələbəni unudurlar?

 

- İdman direktoru Vəli Qasımovla baş məşqçi Samir Əliyev arasında münasibətin yaxşı olmadığı nə dərəcədə doğrudu?

- Bunu bu gün səhər oxudum. Guya baş məşqçimiz və idman direktorumuz bir-birini sevmir. Onlarla söhbət edirəm, xəbərə gülürlər. Dünyada ən çox tanınmış azərbaycanlı futbolçu Vəli Qasımovdu. Onu hətta Braziliyada da tanıyırlar. Baş məşqçini təyin edəndə də ondan məsləhətləşdik. Niyə belə axmaq, səviyyəsiz yazılar yazırlar? Bunu qəsdən edirlər. Bu hörmətsiz yazılar təkcə bizə qarşı yox, komandaya, sponsorumuza, işçilərimizə qarşıdı. Bu, qəbulolunmazdı. Bunu belə qoymayacağıq. Cavab verib, abrımızı pozmaq istəmirik. Amma cavab verməyəndə də olmur.

 

- Dünən Müşahidə Şurasının iclası keçirildi. Bu barədə məlumat verərdiniz…

- İstəyirik ki, yeni “Neftçi” yaradaq. Mən bura təzə gələndə “Neftçi”dən bir nəfər də milliyə dəvət almamışdı. İcraçı direktorumuz Elnur Məmmədov da bununla bağlı yığmanın baş məşqçisi Robert Prosineçki ilə görüşdü ki, necə ola bilər axı, Azərbaycanın “flaqman”ının bir nəfər də oyunçusu milliyə düşmür? Amma indi milliyə 5 “Neftçi”li çağırılıb. Hesab edirik ki, bu, çox yaxşı haldı. Yerli gənclərə üstünlük verməliyik. Əsas problemlərimizdən biri də əcnəbi futbolçulara borclarımızın olması idi. Borcu verməsək də, futbolçu FİFA-ya müraciət edir, klub ciddi cəzalandırılır.  

 

- İki ildən sonra “Neftçi”nin 80 illiyi olacaq. Bununla bağlı nələr etməyi planlaşdırırsınız?

- Dünənki iclasda məsələ qaldırdıq ki, öz bazamız olmalıdı. Hazırkı baza bizi qane etmir. Daha yaxşı bazamızın olmasını istəyirik. Bu məsələyə də baxılır. Çalışacağıq 80 illiyimizə həmin bazamız hazır olsun. Yenidənqurma vaxtı dərhal uğur qazanılmır. Bunu başa düşmək lazımdı. “Neftçi” elə komandadı ki, biz 5-6 il gözləyə bilmərik. Amma “Neftçi” bu ölkədə ən azı 3 güclü komanda arasında olmalıdı. 8-9-cu yerdə getsək, buna görə heç kim bizi bağışlamayacaq. Bu il ən gənc komanda olmağımıza baxmayaraq, istəyimizə nail ola bilərik. Düzdü, “Neftçi”nin uğursuz oyunları da olub. Biz də çalışırıq ki, uğurlu çıxış edək. Ötən mövsüm ölkə kubokunun finalına çıxmışdıq. Finala çıxan komanda güclü hesab edilir. Həmin vaxt yarımfinalda bizdən qat-qat güclü olan “İnter”ə qalib gəldik. Təbii ki, kuboku qazanmağımızı istəyirdim. Amma gəlin etiraf edək ki, “Qarabağ” həmin vaxt da, indi də bizdən güclüdü.

 

- “Neftçi”nin büdcəsinin açıqlanacağını demişdiniz. Həqiqətən də, bu addımı atacaqsınız?

- Bəli. Bizim büdcəmiz tam şəffaf olacaq və onu açıqlayacağıq. Söz verirəm ki, bir qəpik də kənara çıxmayacaq. 56 yaşım var. İndiyə qədər pul götürməmişəm, bundan sonra da götürmərəm. Biz istəyirik, bu baxımdan nümunə olaq. Bilirəm ki, bəziləri buna əsəbiləşəcək. Gəlirlərimizi və xərclərimizi rəsmi saytımız vasitəsilə ictimaiyyətə açıqlayacağıq. Çalışırıq Avropadakı klublar kimi işləyək. Bununla yanaşı, Avrokubokda qrupa düşməyə də çalışacağıq.

 

- Mətbuatda haqqınızda xoşagəlməz məqalələr dərc edildiyini dediniz. Bunları görəndən sonra futbola gəldiyiniz üçün peşman olmursunuz?

- Yazıblar ki, küsüb, futbola gəlmir. Öz işçilərimdən küsəcəm. Mən Müşahidə Şurasının sədriyəm. Kimdənsə xoşum gəlmirsə, o adamı işdən çıxara da bilərəm, ona xəbərdarlıq edə də bilərəm. Afyonda təlim-məşq toplanışında olanda mənə olan hörməti gördüm. Orda 8 meydança var idi, onlardan birində bizim komanda məşq edirdi. Mənim üçün xüsusi oturacaq gətirdilər ki, ağsaqqaldı. Ordakı cavan uşaqların hamısı, məşqçilər yerdə uzanmışdı. Hətta Vəli Qasımov da dözmədi, gedib mənim oturacağımda oturdu. Yeganə adam mən idim ki, 3 saat ayaq üstə dayandım. Dedim ki, mən idmançı olmuşam, oturmayacam. Amma bunu demirlər, yazırlar ki, komandanı başsız qoyub, gəlmir. Bəli, mən axmaq, vicdansız yazılardan küsürəm. İşçilərimə toxunanda küsürəm. Onlara müraciət edirəm ki, belə şeylərə əl atmasınlar. Başa düşürəm ki, sifarişli yazılardı. Amma onlar da başa düşsünlər ki, bizim məhkəməyə vermək, böyük təzminat almaq hüququmuz var. 9 milyonluq xalq məni yaxşı tanıyır. Belə səviyyəsiz yazılar ümumi atmosferi dəyişir. Amma heç vaxt futbola gəldiyim üçün peşman olmamışam. Mən o vaxt 5 il futbol komandasının prezidenti olmuşam. Digər sahələrdə olduğu kimi, futbolda da uğur qazanmaq istəyirəm. Nüfuzumdan istifadə edib, bu komandanı yüksəltmək arzusundayam.

 

- Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin gedişi ilə bağlı fikirləriniz maraqlı olardı…

- Gündüz gedəndə mən burda yox idim. Gündüzü uşaqlığından yaxşı tanıyıram. Çünki atası o vaxt Yazıçılar Birliyinin üzvü olub. Mən burda olmayanda bizə qarşı çox məqalələr yazılıb. Kimin nəyə görə yazdığını, kimin sifariş verdiyini hamı yaxşı bilir. Həmin məqalələrdən sonra Gündüzü çağırıb, niyə cavab vermədiyi soruşulub. O da deyib ki, kimin nə sifariş etdiyini mən də yaxşı bilirəm. Amma məni də başa düşün, bəziləri ilə çörək kəsmişəm, dost olmuşam, onlara qarşı danışa bilmərəm. Gündüz deyib ki, ən yaxşısı mənim ərizəmi yazıb işdən çıxmağım olar, çünki onlara qarşı heç nə deyə bilməyəcəm. Bu, onun öz qərarı idi və biz də hörmətlə qarşıladıq. Gündüz məncə, yaxşı jurnalist idi.

 

- Azarkeşlərlə iş necə gedir?

- Bəhram Bağırzadənin bununla bağlı necə işlədiyini bilirəm. “Mladost”la ilk oyunumuzda stadiona ilk dəfə 9000 azarkeş gəlmişdi. Biz Bəhramı boş yerə bura gətirməmişik. “Neftçi”nin kubok qazanıb-qazanmayacağını deyə bilmərəm, amma yüz faiz deyə bilərəm ki, azarkeş sayı artacaq. Bir ildən sonra siz də görəcəksiz.

 

- Müşahidə Şurasının sədri seçiləndə imicinizdən istifadə edib “Neftçi”nin dünyada təbliğatını aparacağınızı demişdiniz. Bu yöndə hansı işlər görülüb?

- Mən Türkiyədə olanda Elnur Məmmədov zəng vurdu ki, uşaqlarımız Gürcüstana gedəcəklər, müqavilələr qaydasında olmasa, pul ala bilməyəcəyik. Ordan tanışlarıma zəng vurdum, 2 günə bütün sənədləri yığıb hazırladılar. Bundan başqa, “Neftçi” “Mladost”la oyun üçün Monteneqroya getməli idi. “Kaspi” və “Qara dəniz” fondunun prezidentiyəm. Ordakı konsulluqda tanışlar var. Zəng vurdum, konsulluq xüsusi canfəşanlıqla məsələni yoluna qoydu, bizi Albaniyaya qədər yola saldı. Orda çox köməklik etdilər. Bunu mənim üçün yox, Azərbaycan klubu üçün edirlər. Sabah hansısa nazirə zəng vurmaq lazım olsa, bunu da edəcəm. Məncə, belə də olmalıdı. İlk növbədə “Neftçi”nin maraqlarını güdməliyəm. Bəzi məsələlərdə öz nüfuzumdan istifadə edirəm. Məni pis-yaxşı tanıyırlar. 

 

- “Qarabağ” və “Qəbələ” güclü futbolçular alaraq, Avropa Liqasında uğurlu çıxış etdi. “Neftçi” isə gəncləşdirmə siyasəti apardı. Hansı daha uğurlu yoldu?

- Yeri gəlmişkən “Qarabağ” və “Qəbələ”ni də təbrik edirəm. Amma əcnəbilərə ən çox pulu elə biz verirdik. Qurban Qurbanov neçə ildi “Qarabağ”ı çalışdırır. Bir gündə legionerləri alıb, qələbələri sıralamadı. Komanda pillə-pillə qalxdı. Təbii ki, sabah bizə 2-3 əcnəbi lazım olsa, alacağıq. Buna imkanımız da çatır. Planımız birillik deyil. Bu gün 10 əcnəbi gətirib, birinci yeri tuta bilərik. Bəs sonrakı il? Biz istəyirik “Neftçi”nin ənənəsi olsun. Keçmişdə bu olub. Bizim Banişevski-Tuayev-Markarov kimi “trio”muz olub. İnsanlar həmin vaxt futbola bayram etməyə gedirdilər. “Mladost”la oyundan sonra uşaqlar soyunub-geyinmə otağında ağlayırdılar. Hətta mən televizorun pultunu da sındırdım. Amma həmin gecə çoxu zəng vurub, yaxşı oynadığımız üçün bizi təbrik etdi. Biz də uğur qazanmaq istəyirik. Amma uğur bir günlük olmamalıdı. “Qarabağ” kimi uzun illər yüksək pillələrdə olmaq istəyirik. Qurban Qurbanov “Qarabağ”ı yüksəldəndən sonra onların sponsoru güclü braziliyalı futbolçular gətirdi və güclü komanda oldu. Biz də belə olmaq istəyirik. Amma azərbaycanlılara üstünlük vermək fikrindəyik. Kubokun finalında Qəbələyə bir çemodan pul aparmışdıq ki, futbolçulara verəcəyik. Uduzduğumuz üçün çemodanı bağlayıb, aparıb banka təhvil verdik. Əcnəbilər bayrağa, millətə görə oynamayacaq. Bu insanlar həyatdan beziblər. Niyə çoxu ilə vidalaşmışıq? Ona nə qədər pul versən də, xeyri yoxdu. Fikirləşəcək ki, 30 yaşım var, yaxşı pul alıram, nəyə görə qaçmalıyam, özümü öldürməliyəm? Amma cavanlar həvəslidilər. Artıq iki gənc oyunçumuzu xarici klublar almaq istəyirlər. İki ayda bu, böyük uğurdu. Digər klublarımızdan kimisə istədiklərini eşitmisiz heç? Təbii ki, transfer də olacaq. Ronaldo, Messi milyonlarla pul qazanırlar. Amma buna layiq oynayırlar. Mən milyonlar qazanmalarının əleyhinə deyiləm. Ancaq milyonluq oynamalıdılar. Futbolçu verdiyin pula qarşılıq verməyəndə, adam dəli olur. Hər komandanın sədri yazıçı deyil axı. Sən də fikirləşməyəndən sonra bəs kim düşünəcək?

 

Ruslan SADIQOV

Xəbər lenti