13 Noyabr 11:50 “Dedim ki, sən qoyunsan, gör, nə etmisən..."  – Kazbek Tuayev
FUTBOL xəbərləri 13 Noyabr 11:50
5775 baxış

“Dedim ki, sən qoyunsan, gör, nə etmisən..." – Kazbek Tuayev

“Neftçi” və SSRİ yığmasının keçmiş futbolçusu, Azərbaycan millisinin sabiq baş məşqçisi Kazbek Tuayevin bu gün 75 yaşı tamam olur. Apasport.az saytı xəbər verir ki, bu münasibətlə Rusiyanın “Sport-express” nəşri Tuayevdən müsahibə götürüb. Əfsanəvi futbolçu ilə Moskvada görüşən həmkarlarımız onunla söhbətdə bir çox məqamlara toxunublar.

 

 

- 75 illiyinizi Moskvada qeyd edəcəksiz?

- Mən, ümumiyyətlə, ad günümü qeyd etmirəm. Bakıda bununla bağlı Azərbaycan və Moldova arasında keçiriləcək yoldaşlıq görüşündə nəsə etmək istəyirlər. Məncə, belə şeylərdən qaçmaq lazımdı. Nə banket istəyirəm, nə də hədiyyə. Bizim evdə hələ qədimdən ad günləri keçirilmir.

 

- Siz bizi təəccübləndirirsiz...

- Atam və anam da doğum günlərini qeyd etməyi sevmirdi. Mənim üçün ayıb olsa da, deyim ki, onların doğum tarixlərini heç bilmirəm. Oğullarımın ad günləri isə yadımdadı. Amma onların da doğum günlərini keçirmirik. Yaxın dostum olmuş Ələkbər Məmmədov yubileyləri sevirdi. 55, 60, 65, bir sözlə, bütün yubileylərini dəbdəbəli şəkildə qeyd edirdi. Ondan soruşurdum ki, bu, nəyə lazımdı? Deyirdi ki, mənə xoşdu.

 

- Moskvaya niyə qatarla gəldiniz?

- Mənə təyyarə ilə uçmaq olmaz. Həkim deyib ki, uçmaq istəyirsənsə, sonra gərək 1 ay müalicə qəbul edəsən. Təzyiq, damarlar... 10 il əvvəl “Neftçi”də işləyəndə tez-tez Antalyaya getməli olurduq. Komanda ora təyyarə ilə yollandığı halda, mən maşınla gedirdim. O qədər də uzaq deyildi. Hardasa 8-9 saata çatırdım. Naxçıvana gedirdim, ordan Antalyaya isə məsafə daha azdı.

 

- Moskvada hazırda dostlarınızdan kimlər var?

- Yuri Kuznetsovla arada telefonla danışıram. Yaxın dostlarımdan olan Sergey Kramarenko dünyasını dəyişib, həmçinin Adik Qolodeç.

 

- Adamas Qolodeç 5 il “Neftçi”də oynadı. Elə deyilmi?

- Bəli. Adikə “sitayiş edirdim”. Çox incə insan idi. Amma meydana çıxanda çox cəsarətli olurdu. Daşkənddə oyun keçirirdik. Krasnitski cərimə zərbəsini yerinə yetirməyə hazırlaşırdı. SSRİ-də ondan güclü zərbə vuran futbolçu yox idi. Canlı səddi qurduq. Zərbədən sonra top Adikin sinəsinə dəydi. O, yerə yıxıldı və uzandı. Hazır idi. Paltardəyişmə otağında baxanda gördük ki, topun surəti bütün sinəsinə həkk olunub. Başladıq gülməyə, Edik Markarov daha bərkdən gülürdü. Sonra Kuybışevə oyuna getdik, yenə cərimə zərbəsi vurulurdu, yenə canlı sədd qurduq.

 

- Top yenə Adikə tuş gəldi?

- Xeyr, bu dəfə Markarova. Özü də sinəsindən yox, çənəsindən dəydi. Dərhal yumruğunu ağzına apardı, tüpürdü, zərbənin təsirindən dişləri tökülmüşdü. Qolodeç ağıllı, hiyləgər, hazırcavab futbolçu idi. Evdə “Kayrat”a 0:2 hesabı ilə uduzurduq. Əvvəlcə hesab arasındakı fərqi azaltdıq, sonra ikinci qolu vurduq. Artıq nəfəs almaq olardı. Oyunun sonuna 5 dəqiqə qalmışdı. Bir də gördüm ki, rəqibin cərimə meydançasında qarışıqlıq yaranıb və sonda Qolodeç sakitcə 3-cü qolu vurdu.

 

Bir dəfə Kiyevin komandası bizimlə oynamağa gəlmişdi. Adik nədənsə Lobanovskini sevmirdi, onu “Səhra dəvəsi” adlandırırdı. Evdə onlarla oynayırdıq, 2:1 hesabı ilə rəqib öndə idi. Bizi meydanda az qala parçalayırdılar. Bir epizodda rəqibin cərimə meydançasında insident yaşandı. Bu zaman Adik Lobanovskini “Səhra dəvəsi” adlandırdı. Oyundan sonra niyə belə dediyini soruşanda, “Əşi, onun dəvəsi də var” dedi.

 

- Müasir futbolda Lobanovski kimi oyunçunun olması mümkündümü?

- O, əla futbolçu idi! Künc zərbəsindən necə “kəsirdi”... Hava topuna da əla tullanırdı.

 

- Futbolçu vaxtı Lobanovskiyə niyə “balerina” ləqəbi qoymuşdular?

- Kimdənsə qorxduğuna görə yox, bədən fiqurasına görə. Konoplyankanın topla necə irəlilədiyini görürsüzmü? Bax, Lobanovski də o cür irəliləyirdi, amma daha yaxşı. Hündürboy idi, balerina kimi əllərini yuxarı tuturdu.

 

- Futbolçu karyeranızda Moskva “Spartak”ının da oyunçusu ola bilərdiz...

- Elədi. Mən osetin olsam da, Bakıda doğulmuşam. Anam rusdu, məktəbdə direktor müavini işləyirdi. Həm mənə, həm də həyat yoldaşım Lusyaya dərs keçirdi. Lusya 8-ci sinifdən yanımdadı. 60 ildi qanımı içir! Amma öz borcunu yerinə yetirib, mənə 2 oğul verib. 17 yaşımda məni “Neftçi”yə götürmüşdülər. Sonra komandadan ayrılıb, Nalçikə yollandım. Ordan bir nəfər mənə dedi ki, gəl, oynayacaqsan. Zavodda çilingər köməkçisi kimi işə düzəldim. İlk dəfə orda qar gördüm. Bakıda qarın nə olduğunu bilmirdim. Kişinyovdakı turnirdə məni bəyənərək, “Spartak”a apardılar. Tarasovda məskunlaşmışdıq. Hər gün elektrik qatarı ilə gedib, məşq edirdik. “Spartak” Çinə uçacaqdı, məni sifariş etməli idilər. Həmin an məlum oldu ki, dostum mənim əvəzimə “Neftçi”yə bəyanat yazıb. Həmin qış Bakıda idim. Məni razı saldı ki, “Neftçi”də qal, harasa niyə gedirsən? Yaxşı yadımdadı, Həmkarlar İttifaqının evində Futbol Federasiyasının yığıncağı idi. Əvvəlcə bayram proqramı oldu: Kuznetsovu 9 oyuna görə ölkənin ən yaxşı mərkəz hücumçusu elan etdilər. Sonra cəzalandırma mərasimi başladı. Bəyanata görə məni 1 illik diskvalifikasiya etdilər. Sonra Bakıya qayıtdım. “Neftçi”də mənə yaxşı yanaşırdılar. Dedilər ki, sənə görə xahiş edəcəyik, maaş da verəcəyik. Onlarla məşq etdim, hətta harasa birlikdə yollandıq. Amma heç bir qəpik də vermədilər. Sonra yenidən Nalçikə yollandım. Orda baş məşqçi əfsanəvi çalışdırıcı Stanislav Leuta idi. Məni ikinci dövrə üçün sifariş etməyə razılıq aldılar. Dedilər ki, Nalçikdə qal, oyna. Amma “Neftçi” məni unutmamışdı. Qışda arxamca Tofiq Bəhramovu göndərmişdilər. Səhv etmirəmsə, həmin vaxt Bəhramov hələ hakimlik etmirdi, “Neftçi”nin ikinci məşqçisi idi. Şəhərdən tez qaçmaq lazım idi. Nalçikdən Proxladnıya 40 km yol var idi, ordan isə Bakıya problemsiz getmək olardı. Yolda qəzaya düşdük, az qala öləcəkdik. Maşınlar toqquşdular. Qaranlıqda gedirdik, birdən zərbə hiss etdim, özümdən getdim. Ayılanda ətrafımda tanımadığım insanları gördüm. Dərhal qışqırdım ki, bəs Tofiq hanı, hanı Tofiq? Birdən onun səsi gəldi ki, mən burdayam. Baxdım ki, mənim kimi, qanın içində uzanıb. Nalçikdə sanatoriyalar var. Onların birində bizim “Spartak” yaşayırdı. Gedəndə gördüm ki, qarşıma əli avtomatlı zabitlər çıxdı. Aramızda bu dialoq yaşandı:

 

- Qulaq as, burda futbol komandası hardadı?

- Ordadı.

- Bizə Kazbek Tuayev lazımdı. Onu tanımırsan?

- Xeyr, tanımıram.

 

Dərhal gizləndim, onlar isə kabinetə daxil oldular. Gözlədim ki, çıxıb, getsinlər. Klubdan dedilər ki, get, canını qurtar, Rostov MOİK-i səni istəyir, dalınca zabit göndərib.

 

- Moskva “Spartak”ı sizi niyə istəmədi?

- “Spartak” böyük klubdu, mən öz problemlərimlə onların nəyinə lazım idim? Moskva “Dinamo”su isə hər il məni heyətinə cəlb etməyə çalışırdı. Gülürdüm, deyirdim ki, axı sizdə İqor Çislo var, məni nə edirsiz? Deyirdilər ki, onu mərkəzə çəkib, səni sağ cinahda oynadacağıq. Adik də “Dinamo”ya keçməyimi istəyirdi, Kuznetsov isə arxamca gəlmişdi. Bir dəfə qatara oturub, getdim. Dedim ki, görüm “Dinamo”da nələr baş verir? Amma Nalçikdə qatardan düşdüm. Bakıya qayıdanda Adik zəng etdi ki, avara, hardasan, gəl, səni qarşılaşamağa çıxacam. Dedim ki, incimə, gələsi olmadım.

 

- Tofiq Bəhramov necə insan idi?

- Ağıllı, yumşaq, diqqətli. Meydanda isə sərt, qərarlı olurdu. Ömrünün sonuna qədər ona sual verdilər ki, 1966-cı ildəki epizodda qol var idi, ya yox? Tofiqin cavabı belə olurdu: “Nə fərqi var? Şahzadə mənim əlimi sıxdı, əsas budu”. Bir də “Qızıl fit”ini göstərirdi. Həmin il “Neftçi” bürünc medalı qazandı, Bəhramov dünya çempionatının finalında hakimlik etdi. Sonra ölkəyə qayıtdıq. İstehsalat qabaqcılları ilə görüşə gedəndə Tofiq həmişə “Qızıl fit”ini də götürürdü. Arada belə tədbirlər yorucu olurdu. Necəsə olmuşdu, Salyana getmişdik. Birmərtəbəli məktəbdə idik, muğam səsi gəlməyə başladı.

 

- Azərbaycanın milli musiqisinin səsi?

- Tamamilə doğrudu. Aşağıda insanlar toplaşmışdı, gözləyirdilər ki, nə vaxt futbolçular və Tofiq Bəhramovla ünsiyyət qura biləcəklər. Musiqiçilər isə dayanmaq bilmirdi. Bu zaman azarkeşlərə bizə tez-tez hədiyyə olunan “Luç” saatlarını verdik. Sonra Mədəniyyət Evinə getdik, orda hər birimizə böyük “osetrin” balığı və bankada qara kürü verdilər.

 

- Bürünc medal qazandığınıza görə sizə başqa nə verdilər?

- 160 rubl və xalça. Bundan əlavə, “Volqa QAZ-21” almağa icazə verdilər. Təbii ki, öz hesabımıza. Aldığım “Volqa”nın qiyməti də yadımdadı: 5602 rubl. Açığı, maşın sürməyi sevmirəm.

 

- Xatirə olaraq, SSRİ yığmasının forması qalıbmı sizdə?

- Nə danışırsız? Çəkələkdən tutmuş, formaya qədər, o vaxt hər şeyi bizdən alırdılar. İndi futbolçular formalarını dəyişirlər. O vaxtlar isə bu barədə heç düşünmək də olmazdı. İlk dəfə SSRİ yığmasının formasını geyinəndə fəxrimdən onu soyunmaq istəmirdim.

 

- Sizə qarşı ən pis sürüşmə fəndini kim edib?

- Mənim yaxın dostlarım çox idi. Bir dəfə Minskə gedirdik. Bilirdim ki, Savostikov mənə qarşı “podkat” edəcək. Çörəyə and içirəm ki, oyundan sonra özümə gələ bilmirdim. Butsunun şipi ilə getrimi cırıq-cırıq etmişdi. Gedib bunu özünə göstərdim. Dedim ki, axmaq Vanya, sən qoyunsan, gör nə etmisən... Cavabında dedi ki, Kazbek əgər vurmasaq, səni necə dayandıra bilərik?

 

- Lev Yaşin deyirdi ki, mənim üçün ən qorxulu hücumçu Kazbek Tuayev olub, çünki o, son saniyəyə qədər topu hara vuracağını özü də bilmirdi...

- Mən onun qoruduğu qapıya hamıdan çox qol vurmuşam. Hardasa 5-6 qol. 1962-ci ildə evdə Moskva “Dinamo”su ilə oynayırdıq. Mənə qarşı qüvvətli sol cinah müdafiəçisi Volodya Qlotov çıxış edirdi. Topu qəbul etməyimə imkan vermirdi. 0:1 hesabı ilə uduzurduq. Kuznetsov dinamoluların cərimə meydançasında mənə yumşaq ötürmə verəndə ağlıma 2 variant gəldi: ya ötürmə vermək, ya da qapıya zərbə vurmaq.

 

- Təbii ki, ən yaxşısı zərbə endirməkdi...

- Mən də elə bunu etdim. Düz “doqquzluğ”a. Yaşin yerində qaldı, heç nə edə bilmədi. Oyundan sonra qayıtdı ki, sizin stadionda işıq pisdi. Güldüm ki, Lev İvanış, işığın bura nə dəxli var? Sonra ikinci qolu vurdum və oyun 2:2 hesabı ilə bitdi. Bir dəfə yenə “Dinamo” ilə oynayırdıq, hesab 0:0 idi. Yaşin həmişə uzun tuman geyinirdi. Bir epizodda topu tutdu, amma baxdı ki, top əlində yoxdu. Dönüb qapıya baxanda, topun torda olmadığını gördü. Təəccüblənərək, ora-bura baxdı. Sonra gördü ki, top tumanında gizlənib. Özü bizdən çox güldü.

 

- Banişevski heç kimin meydanda edə bilmədiyi hansı hərəkəti edə bilirdi?

- "Molokan" ləqəbli Banişevski yaranışdan futbolçu idi, ilahi vergisi var idi. 20 yaşında millinin əsas mərkəz hücumçusu, dünya çempionatının bürünc mükafatçısı... Yeganə çatışmayan cəhəti o idi ki, yerdən topa zərbə vura bilmirdi. Bir neçə dəfə penalti vurmağı ona tapşırdıq, top tablo tərəfə getdi. Ondan sonra Banişevskini bir də ağ nöqtəyə yaxın buraxmadıq.

 

- Banişevski restoranda dava etdiyinə görə diskvalifikasiya olunmuşdu...

- Tolya içki düşkünü deyildi. Bakıda belələrini kefcil oğlan adlandırırdılar. Şampan içkisi, qızlar, şənliklər, belə şeyləri sevirdi. Həyatının son illərində diabetdən əziyyət çəkəndə həkimlər ona araq içməyi məsləhət gördülər. Halbuki ona kimi arağa heç toxunmamışdı. Restorandakı davaya gəlincə, Banişevski, Semiqlazov və Bruxti aerovağzalın restoranında şam yeməyi yeyirlərmiş. Yanlarında içki içənlər əyləşib. Dava qızın üstündə düşmüşdü. Daha sonra milis gəlib, skandal böyüyüb. Evə gələndə yoldaşım dedi ki, Moskvadan qonağın var. Gördüm ki, Vitka Ponedelnikdi. Dedi qəzetdən gəlmişəm, Banişevski barədə məqalə hazırlayıram. Dedim ki, axı sən özün də futbolçusan, əlin necə gəlir ki, dostun haqda belə şeylər yazırsan? O məni dinlədi və məqaləni yaxşı yazdı. Sonra Tolyaya oynamağa icazə verdilər.

 

- Banişevskinin həyat yoldaşı müsahibəsində qeyd etmişdi ki, Tolya oyunların birinə içkili vəziyyətdə çıxıb və qol vurub. Doğrudu?

- Bilmir, boş-boş danışır. Sizə deyim bu necə olub. 1967-ci ildə Moskvada “Lokomotiv”lə qarşılaşırdıq. "Molokan" gecə yoxa çıxdı, hamı yatandan sonra mehmanxanaya gəldi. Əhməd Ələsgərova bunu çatdırdılar. O, başladı qışqırmağa ki, sən rejimi pozdun, oynamayacaqsan. Biz də Tolyanın üstünə düşdük ki, doğrunu de, axşam nəsə olub? And içdi ki, heç nə olmayıb, nə qızla görüşmüşəm, nə də içmişəm, oyuna hazıram. Əhməd Ələsgərovu birtəhər razı saldıq. Banişevski oyuna çıxdı və het-trik etdi. Həmin matçda Hacıyev və mən də qol vurduq.

 

- 80-ci illərin sonunda Banişevski Burkina-Fasoda çətinliklə üzləşmişdi...

- O, oranın gənclərdən ibarət komandasını çalışdırırdı. Oyunların birinə ölkənin prezidenti gəlib. Prezidenti elə stadionda güllələmişdilər. Həyəcan Tolyanı şəkər xəstəsi etdi. Banişevski Afrikadan diabet xəstəsi kimi qayıtdı.

 

- Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev futbola baxmağa gəlirdimi?

- Millinin baş məşqçisi idim, evdə İsveçrə ilə oynayırdıq. Heydər Əliyev oyun başlayandan təxminən 20 dəqiqə sonra stadiona gəldi. Dərhal qol vurduq və Əliyev stadiondan getdi. Həmin oyunda 1:0 hesabı ilə qalib gəldik. Bundan sonra Azərbaycanda hamı dedi ki, bu, Allahdan gələn bir şey idi.

 

- “Neftçi”ni çalışdırmış Vlastimil Petrjela deyirdi ki, Azərbaycanda yollarda keçilər, atlar gəzir...

- Hansı keçilər? Bəlkə, özü keçilərlə yaşayıb? Tipik muzdla tutulan adam idi. Pula görə gəlmişdi.

 

- Berti Foqts elə deyildi?

- Bu, onun kimi deyildi. Amma mentalitet üst-üstə düşmədi. Bizim futbol hücum, yaradıcılığa əsaslanıb. Foqts isə təbiətcə müdafiəçidi. Ona kimi çalışmış braziliyalı Karlos Alberto Torresə gəlincə, yaxşı məşqçi idi. Amma Polşada 0:8 hesabı ilə məğlub oldu və istefa ərizəsini yazdı. Foqtsun rəhbərliyi altında biz Bakıda türklərin qapısını hücum atəşinə tutanda o, inana bilmirdi ki, Azərbaycan yığması bu qədər hücum edə bilir.

 

- Foqtsu Azərbaycan yığmasının baş məşqçisi postunda Robert Prosineçki əvəzlədi. Onunla ünsiyyətiniz olubmu?

- Bəli. Prosineçki rusca danışa bilir, azərbaycanca da yavaş-yavaş öyrənir. Bakıda daimi yaşayır, ailəsini də gətirib. Çempionat oyunlarına baxır. Onun gəlişindən sonra yığma daha yaxşı oyun göstərir. Prosineçkini gətirməklə səhv etməmişik. Özü də həmin vaxt federasiya bir neçə məşqçi ilə danışıq aparırdı. İcraiyyə Komitəsinin iclasında 25 namizədi müzakirə etdik. Roberto Mançinidən tutmuş Martin Yola qədər.

 

- Bəs Çerçesov?

- Onu Foqtsa qədər gətirmək istəyirdilər. Çerçesov Bakıya gəldi. Ancaq sonra qərar verməli olan şəxslər federasiyadan getdilər.

 

 

Xəbər lenti