26 Oktyabr 13:24 Dmitri Bezotosnı 23 dəqiqə qol buraxmasa...
FUTBOL xəbərləri 26 Oktyabr 13:24
5544 baxış

Dmitri Bezotosnı 23 dəqiqə qol buraxmasa...

“Qəbələ” klubunun legioneri Dmitri Bezotosnını dünyanın ən uzun quru seriyaya malik qapıçılarının siyahısından cəmi 23 dəqiqə ayırır. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) milli çempionatlarda 660 dəqiqə və daha uzun müddətdə qol buraxmayan qolkiperlər üçün tərtib etdiyi cədvələ düşməyə yaxın olan ukraynalı əlcək sahibi ardıcıl 7 matçda qapısını toxunulmaz saxlayıb.

 

Topaz Premyer Liqasının cari mövsümündə 8 oyun keçirən 32 yaşlı qapıçı yalnız I turun “Qarabağ”la qarşılaşmasında (2:2) qapısında qol görüb. Həmin oyunun 83-cü dəqiqəsində fərqlənən Riçard Almeydadan sonra Dmitrini məyus edən tapılmır.

 

IV turun “İnter”lə görüşündə (1:2) “qırmızı-qaralar”ın qapısını onun deyil, Andrey Popoviçin qoruması Bezotosnının 637 dəqiqəlik seriyasına imkan yaradıb. “660” səddini fəth etmək üçün 23 dəqiqəyə ehtiyacı olan qapıçı AZAL-la oktyabrın 28-də keçiriləcək qarşılaşmada da etibarlı oyun nümayiş etdirməlidi.

 

Qeyd edək ki, Dmitriyə qədər çempionatımızda çıxış edən qapıçılara məxsus 16 seriya 660-dan yüksək olub. Ukraynalıya qədər də bu cədvəldə təmsil olunan “Qəbələ”nin latviyalı qolkiperi Pavel Doroşev qapısını 952 dəqiqə toxunulmaz saxlayıb. Klubunun rekordçusu olan qapıçı Premyer Liqa tarixinin 5-cisidi.

 

Xəbər lenti