10 Noyabr 18:36 “Elə futbolçu tanımıram, heç tanımaq da istəmirəm” – Əsgər Abdullayev
FUTBOL xəbərləri 10 Noyabr 18:36
7157 baxış

“Elə futbolçu tanımıram, heç tanımaq da istəmirəm” – Əsgər Abdullayev

“Neftçi”nin Müşahidə Şurasının üzvü Əsgər Abdullayevin apasport.az saytına müsahibəsi

 

- “Neftçi” ölkə çempionatının XII turunda autsayder “Rəvan” qarşısında da aciz qaldı. Bu gedişlə komandanın axırı hara gedir?

- “Neftçi”nin öz strategiyası var. Bir çox futbolçular komandanı tərk etdilər, hazırda heyətdə olanların çoxu gənc oyunçulardı. Strateji plan 2 il ərzində komandanı yenidən formalaşdırmaq və təzə baza inşa etməkdi. O ki qaldı oyuna, “Rəvan”a məğlubiyyət bizim üçün gözlənilməz oldu. Komanda özünü göstərə bilmədi.

 

- Gəncləşdirmə siyasətindən danışdız. Amma faktdı ki, komandada 7 legioner çıxış edir. Bundan əlavə, Aqil Məmmədov, Cavid İmamverdiyev və Ruslan Qurbanov kimi futbolçuları artıq gənc adlandırmaq düzgün deyil. Məgər məğlub olduğunuz “Rəvan”ın heyəti sizdəkindən güclüdü? Axı saydığınız məqamlar autsayderə uduzmağa əsas vermir...

- Onu anladım. Özünüz də bilirsiz ki, Cavid İmamverdiyev uzun müddət komanda ilə bir yerdə olmadı. Onun məsələsi bu yaxınlarda həll edildi. Optimal səviyyəyə gəlmək üçün Cavidə vaxt lazım idi. Son oyunlarda, hətta əvəzedici komandanın heyətində meydana çıxdığı görüşlərdə də göstərir ki, yavaş-yavaş özünə gəlir. Biz Cavidə və digər futbolçularımıza çox güvənirik. Rəqiblə həmişə hesablaşmaq lazımdı. Görünür, belə oyunlarda bizim komanda matçın çox asan keçəcəyinə inanır. Əlbəttə ki, hər bir futbolçu özü özünü oyunu kökləməlidi. Təəssüflər olsun ki, bəzi futbolçular bunu dərk etmirlər.

 

- Sözünüzdən belə başa düşdüm ki, komandanın uğursuz çıxışında günahkar futbolçuları hesab edirsiz...

- Yox. Bizdə bir xüsusiyyət var ki, müdafiədə səhv olan kimi müdafiəçini, qapıçı səhv edəndə isə onu günahlandırırıq. Mən sırf futbolçuları günahkar hesab etmirəm. Hamımız günahkarıq, heç kim məsuliyyətdən qaçmır.

 

- Onda sualı bu cür verək. Uğursuz çıxışda əsas “pay sahibi” kimdi: futbolçular, baş məşqçi, yoxsa klub rəhbərliyi?

- Mən “Neftçi”də təzəyəm, gördüyümü deyirəm. Rəhbərlik tərəfindən komandanın oynaması üçün hər cür şərait yaradılıb. Elə bir problem yoxdu ki, həll olunmasın. Karyeram ərzində bir neçə klubda işləmişəm. “Neftçi”nin şəraiti heç bir komandanın şəraitindən geri qalmır. Əlbəttə ki, uğursuz çıxışda futbolçuların da günahı var, məşqçinin də, bizim də.

 

- Müşahidə Şurasının üzvü kimi, “uğursuzluq zolağı”ndan çıxış yolunu nədə görürsüz? Hansı tədbir görmək fikrindəsiz?

- Yəqin ki, bu yaxınlarda toplaşıb, danışacağıq. Yenidən qurulan komandada çatışmayan cəhət olmaya bilməz. Problemlər var, onları həll etməliyik.

 

- “Neftçi”nin futbolçusu Ruslan Qurbanov bəzi komanda yoldaşlarının qəsdən oynamadıqlarını bildirib. Onun bu fikrinə münasibətiniz necədi və rəhbərlik məsələ ilə bağlı araşdırma aparacaq?

- Əlbəttə ki, rəhbərlik bununla bağlı araşdırma aparacaq və bu yaxınlarda yığıncaq olmalıdı. İclasın dəqiq vaxtını Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyəcək. Bəzi futbolçular oynamırsa, bunun səbəbini bilmək lazımdı. Mən bilərəkdən oynamayan futbolçu tanımıram, heç tanımaq belə  istəmirəm.

 

- Bəs onda, Ruslan Qurbanovun dediyi kimi, bəziləri oynamırsa, öz gücünü meydanda tam qoymursa, bunun səbəbi nədi?

- Səbəbi araşdırıb, tapmaq lazımdı. Həqiqətən də, belə bir şey varsa, yəqin ki, elə futbolçu komandada qalmamalıdı. Əslində, inanmıram ki, meydana çıxan futbolçu pis oynamaq istəsin. Mən elə futbolçunu tanımaq istəmirəm. Axı necə ola bilər ki, futbolçu qəsdən oynamasın? Mənə elə şey çatmır.

 

- Əgər araşdırma apardıqdan sonra Qurbanovun sözləri təsdiqini tapsa, həmin futbolçular komandadan uzaqlaşdırılacaqmı?

- Əlbəttə ki, qəsdən oynamayan, komandanı düşünməyən, onun nüfuzuna xələl gətirən hər hansı bir futbolçu “Neftçi”də qalmamalıdı. Bu, mənim şəxsi fikrimdi. Camaat stadiona oyuna baxmağa gəlir və “Neftçi” millətin, xalqın komandasıdı. Elə şey necə ola bilər ki, futbolçu çıxsın, bilərəkdən oynamasın? Özünü oyuna kökləməyə bilər. Amma bunu da səbəbini araşdırmaq lazımdı.

 

- Növbəti tur “Neftçi”nin rəqibi “Xəzər Lənkəran” olacaq. Məlum məsələdi ki, bu komandalar prinsipial rəqiblər sayılırlar. Qorxmursuz ki, 13-14 futbolçunun ümidinə qalan “Xəzər Lənkəran”a da uduzsa, azarkeşlər “Neftçi”dən tamamilə üz döndərə bilərlər?

- Əlbəttə ki, komandanın hazırda düşdüyü vəziyyət yaxşı hal deyil. Bunu araşdırmalıyıq. Futbolçu meydana çıxırsa, rəqibin kimliyinə fikir verməməlidi. Rəqibi həmişə dəyərləndirmək lazımdı. Hər bir komandaya qarşı oynamaq mümkündü. Oyuna çıxan komandanın, futbolçuların məqsədi qələbə olmalıdı. İnanıram ki, komandamız “Xəzər Lənkəran”a qarşı fərqli oyun göstərəcək. Əslində, hər bir matçı yaxşı keçirmək lazımdı. Rəqibi reytinqlərə bölmək düzgün deyil.

 

- Baş məşqçi Samir Əliyev bir neçə tur öncə istefa versə də, rəhbərliyin təkidi ilə qərarını dəyişdi. “Rəvan”a məğlubiyyətdən sonra isə istefa qərarından vaz keçdiyinə görə peşman olduğunu etiraf etdi. Necə düşünürsüz, Əliyev elə həmin vaxt sözünün üstündə durub, komandadan getməli idi, yoxsa qalmaqla düz addım atdı?

- Onu Samir daha düzgün deyə bilər. Əslində, mən onu anlayıram. Çünki komandanın məğlubiyyətində əsas cavabdeh şəxslərdən biri baş məşqçi sayılır. O, bu məsuliyyəti dərk etdiyi üçün, hər dəfə məğlub olandan sonra həmkarının əlini sıxmaqdansa, istefa verməyi üstün tutmuşdu. Məşqçi ardıcıl məğlubiyyətlərdən sonra istər-istəməz psixoloji cəhətdən sarsıntı keçirir.

 

- Samir Əliyev vaxtilə oyunçunuz olub. Futbolçu kimi daha yaxşı idi, yoxsa məşqçi kimi?

- Samir futbola gələndə o səviyyədə deyildi. Bir müddətdən sonra Samir Əliyev oldu. Gənc məşqçidi, ona dəstək, kömək lazımdı. Məşqçi karyerası hələ qabaqdadı.

 

- Klub rəhbərliyinin ona yetərincə vaxt verməyə səbri çatacaqmı?

- Biz Samiri dəstəkləyirik. Çalışırıq ki, yaxşı olsun.

 

- “Neftçi” rəhbərliyindən komandanı çalışdırmaq təklifi alsanız, qəbul edərsizmi?

- Mən bu barədə danışmaq istəmirəm. Komandanın baş məşqçisi var. Onun getməsini gözləmək, bu haqda düşünmək lazım deyil. Qismətdən artıq yemək olmaz. Bu suala cavab verməyim düzgün çıxmaz.

 

Tengiz MƏMMƏDOV

 

Xəbər lenti